10 Noyabr 2022 12:43
4 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sülh müqaviləsi ilə bağlı ABŞ-ın yox, Rusiyanın variantı Ermənistanın maraqlarına uyğundur”.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Qarnik Davtyan deyib.

Onun sözlərinə görə, həm ABŞ, həm də Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşdə Ermənistan zəif mövqedədir.

Ekspert hər iki halda Azərbaycanın mövqeyinin nəzərə alındığını iddia edib: “Xüsusən də Vaşinqtonun vasitəçiliyi ilə keçirilən görüşlərdə.

İstər ABŞ-ın, istərsə də Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşdə tərəflərdən biri öz nöqteyi-nəzərini ortaya qoymağa, inandırmağa və məcbur etməyə çalışır. Xüsusən də Ermənistanı anlaşmaları qəbul etməyə məcbur edirlər. Ermənistan çox zəifləmiş vəziyyətdə olduğu üçün ciddi problemlərlə üzləşir. Azərbaycanın mövcud təzyiqlərini nəzərə alsaq, Ermənistanı hər iki tərəfin istədiyi belə güzəştlər paketi qarşısında qoymaq asan olacaq. Qərblə Rusiyanın qarşıdurması bu baxımdan təbiidir. Problem həm də ondan ibarətdir ki, Amerika versiyasına görə, Qarabağ Azərbaycanın tərkibində qalır, rus variantında isə “Qarabağın statusu”nun müəyyən edilməsi gələcəyə qalır. Deyim ki, indiki mərhələdə rus variantında bizim üçün ən azı əlverişli müddəa var”, - Davtyan bildirib.

Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı ABŞ varinatına gəldikdə, erməni ekspertin fikri belədir:

“Bu, birinci mərhələdə “Qarabağın itirilməsi”ni (Qarabağın dağlıq hissəsinin tam Azərbaycana təhvil verilməsini - red.) nəzərdə tutur. Gələcəyə gəlincə, bu kontekstdə ilk olaraq xatırlayaq ki, Türkiyə tərəfi həmişə Ermənistanla münasibətlərinin yalnız Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi ilə şərtləndiyini bildirir. Əvvəllər deyirdilər ki, ilkin şərtlər yoxdur, amma birdən yeni tələblər ortaya çıxdı ki, Türkiyə ilə münasibətlər yalnız Ermənistan-Azərbaycan münasibətləri normallaşdıqdan sonra tənzimlənməlidir.

İkinci mərhələdə Ermənistan-Türkiyə münasibətləri kontekstində “soyqırımı məsələsi”nin gündəmə gələcəyi istisna edilmir. Yəni burada təkcə Ermənistan-Azərbaycan problemindən söhbət getmir”.

Davtyanın iddiasına görə, “Vaşinqton sənədi” sərhəd məsələsinin də Azərbaycanın şərtləri daxilində həll edilməsini nəzərdə tutur.

Ekspert Ermənistanın hakimiyyətinin Rusiya ilə yox, Qərblə sövdələşməyə meyilli olduğunu vurğulayıb:

“Hakimiyyət ölkəni təhlükəsiz etmək yox, Ermənistanı xarici qüvvələr üçün xidmət və ticarət ərazisinə çevirməyə çalışır. Bu proses açıq-aşkar anti-Rusiya yönümlüdür və Cənubi Qafqazdakı ənənəvi qüvvələrin sıxışdırılması ilə müşayiət olunur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər