Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Eduard Ağacanyan Ermənistan parlamentindəki çıxışı zamanı Qarabağ ermənilərinin təhlükəsizliyindən danışıb.
Teleqraf.com xəbər verir ki, deputatın çıxışında qondarma respublikanın adını çəkməməsi diqqət çəkib.
Ağacanyan çıxışında qondarma respublikanın ("Artsax") əvəzinə “Qarabağ erməniləri” ifadəsini işlədib və qeyd edib ki, onların təhlükəsizliyinin təminatçısı bundan sonra Ermənistan yox, Rusiya sülhməramlılarıdır.
“Bu gündən etibarən Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatçısı və onların təhlükəsizliyinə cavabdeh olan əsas qurum Rusiya sülhməramlı qüvvələridir”, - deputat bildirib.
Ağacanyan onu da deyib ki, müxalifətin Qarabağ məsələsi ilə bağlı təklif etdiyi formulalar yeni risklərə səbəb ola bilər:
“Layihədə tərəflərin müəyyən razılıq əldə edə biləcəyi müddəalar az deyil. Amma bunlarla bağlı yekun razılığa gəlmək mümkün olmayıb. Bəzi düsturlar var ki, hər iki tərəfin mövqelərinə kökündən ziddir. Müxalif “Ermənistan” fraksiyasının təklif etdiyi düsturlar müharibədən əvvəlki xarici siyasətin məntiqinin davamı və təkrarıdır. Müxalifətin təklif etdiyi formulalar konsolidasiyaya töhfə verməyəcək, əksinə, yeni risklər yaradacaq”.