"Laçın yolu bir az da bağlı qalsa, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın istədiyi sənədi imzalayacaq".
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzeti yazıb.
Erməni nəşri Paşinyan və komandasının Xankəndi-Şuşa yolunda baş verənlərə susmasına diqqət çəkib:
“Paşinyanın və hakimiyyətin Laçın yolunun bağlanması ilə bağlı susması siyasi müstəvidə, qeyri-hökumət dairələrində təhlükəli gözlənti yaradıb. Vəziyyəti o həddə çata bilər ki, 2020-ci ildə (10 noyabr) olduğu kimi hansısa bir sənədə imza ata bilərlər”.
“Hraparak” baş verənlərin Zəngəzur dəhlizinin açılması ilə də yekunlaşa biləcəyini qeyd edib.
Qəzet artıq üç gündür yolun azərbaycanlılar tərəfindən bağlandığını yazıb:
“Azərbaycanlılar Rusiya sülhməramlılarının yerləşdikləri ərazilərdə qanunsuz və təhlükəli istismarın monitorinqinə imkanın yaradılmasında israr etməkdə davam edirlər.
Aksiyaçılar Rusiya sülhməramlı qüvvələrinin komandiri Andrey Volkovla görüş tələb edirlər. Ərazidə müvəqqəti çadırlar qurublar, tələbləri yerinə yetirilməyənə qədər məkanı tərk etməyəcəklərini açıqlayıblar”.