16 Mart 2023 22:39
3 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Azərbaycanla yeni hərbi toqquşmada maraqlıdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan hazırkı ritorikasınını davam etdirib sülh müqaviləsinin imzalanmasından yayınsa, hərbi toqquşma qaçılmaz ola bilər:

“Prosesdə vasitəçi olan Vaşinqton və Brüssel Paşinyanın pozuculuq siyasətinə seyirçi qalır. ABŞ-ın susqunluğu Paşinyanın anti-Rusiya siyasəti yürütməsindən irəli gəlir. Amma regionda söz sahibi və əsas güc Azərbaycandır. Üstəgəl, Ermənistanla müqayisədə Qərblə Azərbaycanın bir çox ortaq maraqları var. Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu ilə yanaşı, Şərq-Qərb dəhlizinin əsas keçid nöqtələrindən biridir.

Paşinyana gəldikdə, o, mümkün qədər ABŞ-a xoş gələcək səylər göstərməyə çalışır. Məsələn, onun BMT-nin faktaraşdırıcı missiyanın Qarabağın dağlıq hissəsində yerləşdirilməsi ilə bağlı verdiyi pozucu təklif həm də Rusiyanın əleyhinə yönəlib. Vaşinqton da nə yola olur-olsun Rusiyanın bölgədə sıxışdırılmasından yanadır. Amma ABŞ həm də onu anlayır ki, bölgədə Azərbaycanın razı olmadığı heç bir məsələ həllini tapa bilməz.

Bu, Azərbaycanın daxili işidir, nə Avropa Birliyi, nə də ABŞ beynəlxalq hüquq çərçivəsində olan bu məsələyə qarşı çıxa bilər. Bu səbəbdəndir ki, Vaşinqton və Brüssel Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması tələbinə heç nə deyə bilmir. Üstəgəl, hər iki tərəfin açıqlamalarında bu məsələdə Azərbaycanı anlayışla qarşıladıqlarını bildirirlər”.

Məhəmməd Əsədullazadənin fikrincə, Paşinyanın son təklifləri irəliləyən sülhyaratma prosesinin pozulmasına və gərgin durumun davamına hesablanıb:

“Azərbaycanın haqlı tələb və şərtləri isə bölgədə qalıcı sülhün təmin edilməsi ilə yanaşı, Rusiyanın bölgədəki hərbi varlığına da son qoyur. Məncə, bunda ABŞ da, Avropa Birliyi də maraqlı olmalıdır. Ona görə də ABŞ və Avropa Birliyi ilə sıx işləməli və Ermənistanın pozucu səylərinin qarşısını almaq lazımdır.

Ermənistan prosesi elə bir müstəviyə sürükləyir ki, hərbi toqquşma labüd ola bilər. Görünən budur ki, Ermənistan bunda maraqlıdır. Paşinyan “artsax” ifadəsindən qaçsa da, son açıqlamaları ilə Azərbaycana qarşı əsassız ərazi iddialarından vaz keçmədiklərini göstərir. Bu isə “qırmızı xətti” keçmək deməkdir, Paşinyan bir dəfə bu xətti keçib müharibəyə səbəb olmuşdu. Bu dəfə də belə avantüraya yol versə, Ermənistan istəmədiyi nəticələrlə üzləşməli olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər