“Azərbaycanın ərazi bütövlüyünü tanımaq, Qarabağı Azərbaycana təhvil vermək deməkdir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının rəhbəri Hayk Mamicanyan deyib.
“Brüsseldə baş verənlər yeni deyil. Artıq xeyli vaxtdır ki, bu barədə danışırıq. Beş il əvvəl də Paşinyanın Qarabağla bağlı yanaşmalarından, təsəvvürlərindən eyni şeyləri deyirdik. Biz deyəndə ki, Paşinyan Qarabağı təhvil verir, bizə inanmadılar. Avropa rəsmiləri ilə görüşlərin məzmununu bütün təfərrüatları ilə yaymağa məcbur oldum ki, Qarabağın Azərbaycanın bir hissəsi olması məntiqi danışıqlar masasındadır. Həmin iclaslarda “Vətəndaş Müqaviləsi”nin üzvləri də iştirak ediblər, səhv deyirəmsə, inkar edə bilərlər. Dediklərimin ardınca heç bir inkar olmadı”, - deputat bildirib.