Mayın 14-də Brüsseldə Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Aİ Şurasının Prezidenti Şarl Mişel arasında baş tutan görüş bir sıra cəhətlərdən Azərbaycan üçün əhəmiyyətli hesab olunur.
Şarl Mişel onun iştirakı ilə baş tutan 4 saatlıq görüşdə Avropa İttifaqının gizli gündəliyinin olmadığını bildirib. O qeyd edib ki, təmsil etdiyi qurumun yeganə məqsədi Ermənistan və Azərbaycanda hərtərəfli və ədalətli sülhə nail olmağa kömək etməkdir.
Müzakirələrdə hələlik şifahi razılaşdırılan bir neçə bənd var.
Sərhəd məsələlərinə toxunan Şarl Mişel sərhədin delimitasiyası ilə bağlı irəliləyişlərin və növbəti addımların nəzərdən keçirildiyini deyib: “Liderlər 1991-ci il Almatı bəyannaməsinə və Ermənistanın (29,800 km2) və Azərbaycanın (86,600 km2) müvafiq ərazi bütövlüyünə birmənalı sadiq olduqlarını təsdiq etdilər”.
İki ölkə arasında əlaqələrə toxunan Aİ Şurasının prezidenti, həmçinin, tərəflər nəqliyyatın açılması və iqtisadi əlaqələr istiqamətindəki danışıqlarda irəliləyiş əldə etdiyini də bildirib: “İndi bu mövzuda mövqelər bir-birinə çox yaxınlaşıb, xüsusən Naxçıvanla və Naxçıvandan keçən dəmir yolu xətlərinin yenidən açılması ilə bağlı. Onların müvafiq komandalarına konkret vaxt cədvəli ilə birlikdə dəmir yolu əlaqələrinin açılması və zəruri tikinti işlərinin aparılması üsulları ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırılıb. Bu işə dəstək vermək üçün Ümumdünya Gömrük Təşkilatının köməyindən istifadə etmək barədə razılığa gəlinib”.
Humanitar məsələlərə gəlincə, Şarl Mişel keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı mübadilələri davam etdirdiklərinin anonsunu da verib.
İqtisadçı-alim, beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova Teleqraf.com-a deyib ki, bundan əvvəl Praqada və Soçidə keçirilən danışıqlar zamanı da Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımışdı.
O qeyd edib ki, hələ 1991-ci ildə keçmiş sovet ittifaqına daxil olan 11 dövlət Almatı bəyannaməsini imzalamaqla bir-birlərinin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıdıqlarını bəyan etmişdilər: “Buna rəğmən Ermənistan Qarabağ üzərində iddialarından əl çəkmədi. Belə çıxır ki, Azərbaycanın ərazi bütövlüyü dedikdə Ermənistan 1991-ci ilə qədər mövcud olan Qarabağ inzibati ərazi vahidinə daxil olan rayonları hesaba qatmır? Görünən odur ki, Ermənistan hələ də “xalqların öz müqəddəratını təyinetmə hüququ”nun reallaşacağına ümid bəsləyir. Bir erməni deputat Brüssel görüşü ilə bağlı müsahibəsində “Nə qədər ki, Qarabağda ermənilər yaşayacaq, ərazi üzərində iddialarımızı səsləndirə biləcəyik, əks təqdirdə bu mümkün olmayacaq” fikirlərini bildirib.
Əvvəlcə “öz müqəddəratını təyinetmə hüququ”nun təsbit edildiyi beynəlxalq sənədlərə nəzər yetirək. BMT Nizamnaməsinin 1-ci maddəsinin 2-ci bəndində, 1960-cı il tarixli Müstəmləkə Ölkələrinin və Xalqlarının Müstəqilliyi haqqında Bəyannamədə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktda “bütün xalqların öz müqəddəratını təyin etmək hüququ var” deyilir.
Ancaq qeyd edilən bütün beynəlxalq sənədlərdə bu hüquq milli azlıqlara deyil, “xalqlara” verilir. Beynəlxalq hüquqda “xalq” anlayışı, müstəqil dövlətin qanuni ərazisində yaşayan bütün əhalini nəzərdə tutur.
Qarabağ bölgəsində azərbaycanlı, erməni, kürd, Ahıska türkləri və sair xalqların yaşadığını nəzərə alsaq, o zaman deyə bilərik ki, “öz müqəddəratını təyinetmə hüququ” təkcə ermənilərin deyil, orada yaşayan bütün xalqların hüququ idi, hansı ki, birinci Qarabağ müharibəsi zamanı öz yurdlarından didərgin salındılar. Yəni, bu hüququ irəli sürmək üçün ermənilərin hər hansı bir ayrıcalığı yoxdur.
Hamburq Universitetinin hüquq professoru Otto Luçterhandt bildirir ki, normal şəraitdə “ölkələrin ərazi bütövlüyü” prinsipi “xalqların öz müqəddəratını təyinetmə” prinsipindən üstündür. Xalqların öz müqəddəratını təyin etmək hüququ ərazi bütövlüyü prinsipini yalnız o halda üstələyə bilər ki, bölgədəki azlıqlar hədsiz təqiblərə məruz qalsınlar.
Bilirik ki, Qarabağda ermənilər heç bir zaman təqiblərə məruz qalmayıb, əksinə bölgənin idarə edilməsində yüksək söz sahibi olublar. Bundan əlavə, Venesiya Komissiyasının gəldiyi nəticəyə görə, xalqların öz müqəddəratını təyin etmək hüququ mövcud dövlət sərhədləri daxilində mədəni muxtariyyət, federasiya və ya yerli idarəetmənin istənilən formasında həyata keçirilə bilər. Ermənistan isə Qarabağa yüksək muxtariyyətin verilməsi kimi mümkün həll yollarını heç bir zaman qəbul etmədi”.
Qarabağ Azərbaycanın müstəmləkəsi deyil, qanuni ərazisidir
Hüquqşünas onu da vurğulayıb ki, öz müqəddəratını təyinetmə hüququ müstəmləkə ərazilərindəki xalqlara məxsusdur: “Müstəmləkədən qurtulmaq üçün ayağa qalxan xalqın əsas məqsədi siyasi müstəqilliyə, iqtisadi, sosial və mədəni azadlığa nail olmaqdır, silahlı münaqişə yolu ilə torpaq əldə etmək deyil.
Qarabağ bölgəsində yaşayan ermənilərin əsas məqsədi isə hər zaman silahlı münaqişə yolu ilə torpaq əldə etmək olub. Birmənalı şəkildə bilinməlidir ki, Qarabağ Azərbaycanın müstəmləkəsi deyil, qanuni ərazisidir. Müstəmləkəçilər istismar etdikləri xalqların özlərini idarə etməyə hazır olmadığını güman edərək, bu xalqlar üzərində öz konstitusionallığını qururdular. Necə ki, Cibuti, Əlcəzair, Tunis, Mərakeş Fransanın, Konqo Belçikanın, Hindistan yarımqitəsi Böyük Britaniyanın müstəmləkəsiydi, qanuni ərazisi deyildi”.
Azərbaycanda erməni pasportu ilə yaşayanlar turist sayılırlar
Vüsalə Əhmədova deyir ki, bundan sonra atacağımız addım bölgədə yaşayan ermənilərə Azərbaycan vətəndaşlığının verilməsi olmalıdır: “Məlumdur ki, vətəndaşlığa sahib olma əsas insan hüquqlarından biridir. Bu baxımdan Avropa Şurasına üzv dövlətlər arasında 6 noyabr 1999-cu ildə Avropa Vətəndaşlıq Konvensiyası imzalanıb. Konvensiya dövlətlərin varisliyi zamanı vətəndaşlığın müqavilə ilə tənzimlənməsini nəzərdə tutur. Eyni zamanda Konvensiya ilhaq edilmiş ölkələrin vətəndaşlarına da, keçmiş vətəndaşlıqlarını saxlamaq və ya ərazini ilhaq etmiş ölkənin vətəndaşlığını qəbul etmək üçün dolayı yolla da olsa fakültativ hüquq verir.
İstər beynəlxalq hüquqda, istərsə də daxili qanunvericilikdə başqa ölkə vətəndaşlarını ölkədən deportasiya etmə hüququ mövcud deyil. Burada başqa bir məqam var. Hazırda işğal olunmuş ərazilər geri qaytarıldığı üçün dolayısı ilə ilhaqa da son verilmiş sayılır. Bu səbəbdən də, ərazidə yaşayan Ermənistan vətəndaşları məcburi mübadilə obyekti ola bilər.
Təbii ki, tərəflər öz aralarında bağlayacaqları razılaşma ilə vətəndaşlıqla bağlı ümumi qaydaların əksinə də qərar verə bilərlər. Bu vəziyyətin beynəlxalq təcrübədə iki şəkildə təsbit olunduğunu görürük. Onlardan biri, suverenlik dəyişikliyinə məruz qalmış ərazidə yaşayan insanlara vətəndaşlıqlarını seçmək hüququnun tanınmasıdır. Yəni, bu vəziyyət iki cür şərh oluna bilər, ya ərazidə yaşayan insanlar qaldıqları ölkənin vətəndaşlığını qəbul edərək orada yaşamaya davam etməli və ya mövcud vətəndaşlıqlarında qalaraq köçə məcbur edilməlidirlər.
Çünki Ermənistan pasportu ilə Azərbaycan ərazisində yaşayan ermənilər hüquqi baxımdan turist sayılırlar. O zaman bu vətəndaşlar Miqrasiya Xidmətində qeydiyyatdan keçirilməli, viza rejiminə müvafiq olaraq müddətdən artıq ölkə ərazisində qalanlara cərimələr tətbiq edilməlidir”.
Laçın dəhlizinin açılmasından söhbət gedə bilməz
Müsahibimizin müşahidələrinə görə, Laçın dəhlizi məsələsində Ermənistan ikili standart və qərəzli mövqe nümayiş etdirir:
“İrəvan Laçın yolunun Qarabağda yaşayan ermənilərin Ermənistana gəlib-getməsi üçün neytral zona kimi saxlanmasını tələb edir, ancaq Zəngəzur dəhlizinə qarşı çıxır. Ermənistan 10 Noyabr bəyannaməsində Zəngəzur dəhlizindən deyil, ümumilikdə regionda blokadanın aradan qaldırılmasından bəhs edildiyini qeyd edir. O cümlədən, Ermənistan Zəngəzur dəhlizi layihəsinin İrandan Ermənistan və Gürcüstan ərazisi ilə Rusiyaya çıxan dəmiryolunun işə salınmasına maneə törətdiyini düşünür. Yəni, Ermənistan Naxçıvan ərazisindən keçməklə İran və Rusiyanı birləşdirən yol alarsa, Azərbaycanın da Ermənistan ərazisi vasitəsilə Naxçıvana yol ala biləcəyini bildirir. Ermənistan bu cür davam edərsə, təbii ki, Laçın dəhlizinin açılmasından söhbət gedə bilməz”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanıb.