Rizədəki Sinar Təhsil və Araşdırma Vəqfinin sədri, həmşinli yazıçı Rəcəb Qoyunçu və “Həmşinin tarixi məzar kitabələri” əsərinin müəllifi, araşdırmaçı Murad Ümit Hiçyılmaz bu barədə mətbuata verdikləri açıqlamada bildiriblər ki, erməni iddialarına əsasən, guya 1712-ci ildə Osmanlı dövləti Həmşin və Çamlıhəmşin bölgələrində yaşamış xristian erməniləri zorən islamlaşdırıb. Lakin buradakı qoç təsvirli müsəlman məzar daşları isə həmin iddiaların əksinə olaraq, daha əvvəlki dövrləri əhatə edir. Məqsəd qədim qoç kultunun daş izlərini silməklə bölgənin tarixən ermənilərə məxsus olmasını sübuta yetirməkdir. Murad Ümid Hiçyılmaz onu da əlavə edib ki, bölgə əhalisinin məlumatsızlığından istifadə etmək istəyən bir çox missioner Həmşinə gələrək, sakinlərə “Kəndinizin əsl adı ermənicədir. Siz erməni dilini bilirdiniz, lakin osmanlılar bu dili sizə zorla unutdurublar” deyirlər… Həmşində Qarakeçioğlu, Qoçoğlu, Sepni kimi türk olduğu məlum olan ailələri “erməni” kimi qələmə verməyin heç bir məntiqi yoxdur”.
Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.
Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:
Müəyyən edilmişdir ki, Rizə ətrafındakı qədim məzarlıqlarda vaxtilə tarixi abidə kimi rəsmi qeydiyyata düşmüş daş kitabələrin, qoç heykəllərin bir hissisi oğurlanmış və məhv edilmişdir. Yerli təhlükəsizlik qüvvələri ilə birlikdə aparılmış araşdırmalar nəticəsində həmin daşların bəzilərinin kiçik hissələrə bölünərək dərələrə atılması müəyyən edilmışdır. Rizədəki Sinar Təhsil və Araşdırma Vəqfinin sədri, həmşinli yazıçı Rəcəb Qoyunçu və «Həmşinin tarixi məzar kitabələri» əsərinin müəllifi, araşdırmaçı Murad Ümit Hiçyılmaz bu barədə mətbuata verdikləri açıqlamada bildiriblər ki, erməni iddialarına əsasən, guya 1712-ci ildə Osmanlı dövləti Həmşin və Çamlıhəmşin bölgələrində yaşamış xristian erməniləri zorən islamlaşdırmışdır. Lakin buradakı qoç təsvirli müsəlman məzar daşları isə həmin iddiaların əksinə olaraq, daha əvvəlki dövrləri əhatə edir. Məqsəd qədim qoç kultunun daş izlərini silməklə bölgənin tarixən ermənilərə məxsus olmasını sübuta yetirməkdir. Murad Ümit Hiçyılmaz onu da əlavə etmişdir ki, bölgə əhalisinin məlumatsızlığından istifadə etmək istəyən bir çox missioner Həmşinə gələrək, sakinlərə «Kəndinizin əsl adı ermənicədir. Siz erməni dilini bilirdiniz, lakin osmanlılar bu dili sizə zorla unutdurublar» deyirlər… Həmşində Qarakeçioğlu, Qoçoğlu, Sepni kimi türk olduğu məlum olan ailələri «erməni» kimi qələmə verməyin heç bir məntiqi yoxdur».
Qədim türk rəmzlərinin tədqiqatçısı, Türkiyədə «dövrün Mahmud Kaşğarisi» adlandırılan Mustafa Aksoy 2013-cü ildən etibarən Həmşin bölgəsindəki araşdırmaları nəticəsində aşkar etdiyi damğa işarələrinin, xalça və corablarda istifadə olunan etnik ornamentlərin də tamamilə qədim türk etnomədəni məkanı ilə bağlılığını sübut etmişdir. Onun gəldiyi qənaətə görə, «Bu bölgədə tapılan damğaların analoqlarını Sibirdən Ural dağlarına və ya Sibirdən Balkanlara qədər uzanan türk mədəniyyəti məkanında rahatlıqla görmək mümkündür». 2017-ci ildə Rizənin Çamlıhəmşin bələdiyyəsinin və Çınar Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkil etdikləri «Həmşin corabları» konfransında Mustafa Aksoy bu xalq sənəti nümunələrində ornament qismində istifadə edilən qədim türk tayfalarının damğa işarələri, sakral rəmzləri, onların semantikası, dünəni və bu günü barədə məlumat vermişdir. O bildirmişdir ki, həmşin corablarının üzərindəki ornamentlərin tarixi Ural dağlarınadək uzanan əraziləri əhatə edir.
Həmşin xalq sənəti nümunələrində, xüsusilə toxunma yun corablarda geniş istifadə olunan naxışları nəzərlik xarakterli etnik ornament olaraq, təkcə Azərbaycan və Anadolu xalq tətbiqi sənətində deyil, başqırd tikmələrində, kumık, qaraçay, qazax, qırğız, türkmən, xakas, Volqaboyu tatarlarının (bulqarların), Krım tatarlarının, hətta xristian tatarların və qaqauzların xalça və kilim ornamentləri sırasında da yayılmışdır. Onun ən qədim variantlarına Pazırıq kurqanlarındakı insan cəsədi üzərindəki döymənaxışlar (tatu) arasında və Taqar arxeoloji mədəniyyətinə (e.ə. IX-III əsrlər, indiki Xakasiya Respublikasının ərazisi) aid bürünc kəmər toqqası üzərində rast gəlinir. Xakaslar bu gün də bu təsvirə «koçot öyüm» deyirlər.
Bundan başqa, Şərqi Türküstandakı türkeşlərin metal sikkələrinə də həmin rəmzin fraqmenti basılmışdır. Bu ornament əski Azərbaycan və Anadolu xalçaçılığında «qoç buynuzu», hazırda isə həm də «əlibelində» adlanır. Başqa sözlə, iki «qoç buynuzu» damğasının vəhdətindən və ya «sınıq buynuz» kimi təfsir olunan işarələr və «köşək gözü» anlamını verən nişanın birliyindən yaranan ornament Azərbaycan, Türkiyə, qaraqalpaq və Krım tatarlarının xalçaçılıq sənətində «əlibelində» adlanır. Ona qazaxların keçə məmulatında, başqırd tikmələrində, kumık, qaraçay və Anadolu kilim naxışlarında da rast gəlinir. Elmi ədəbiyyatda qeyd edilir ki, sarmatların tərkibində Qərbi Sibirdə, Mərkəzi Asiyada yaşayan tayfalar da vardır. Eramızdan əvvəl IV əsrdən eramızın IV əsrinə kimi olan dövrdə sarmatlar Qazaxıstanın qərb hissəsindən, Cənubi Uraldan tutmuş Qafqaza və Şərqi Avropayadək yayılmışdılar. Onlar əvvələr bolluq rəmzi olan qoça (qoçqara) tapınmış, sonralar isə sakalar kimi müharibə ilahisinə və qılınca sitayiş etmişlər. Bu işarələr türk xalqlarında bu gün də «qoçkar», «qoşqar», «qoçmüyüz», «koçkarok, «kaçkar» və s. adlarla tanınır.
Həmşinlilərin və azərbaycanlıların adət-ənənələri, atalar sözləri, mədəni irsi arasında da yaxınlıq var və bu, xüsusi tədqiqat mövzusudur. Məsələn, onların məşhur horon (yallı, halay) rəqslərindən biri «Qarabağ» adlanır və «Azeri kökenli olup, karşılıklı oynanan bir oyun» sayılır. Onu da qeyd edək ki, həmşinlilərin yaşadıqları bölgələrdəki yaşayış məntəqələrinin adlarına bu gün Azərbaycanda da rast gəlinir: Biləcik, Çaylı, Çəmənli, Günəşli, Qoyunçular, Ağdərə, Dəmirçilər, Xan düzü, Dəvəli, Ağsu, Çinarlı, Bodullu, Sağırlı (Sığırlı), Ağdaş, Xan dağı, Aşıqlar, Tumaslı, Qoçqar (Qoşqar) və s. Buradakı Dərbənd və Ağvan kənd adları isə həmşin əhalisini Qafqaz Albaniyası tayfaları ilə bağlayır. Onu da xüsusi vurğulamaq lazımdır ki, Səfəvi xanədanının zəiflədiyi dövrlərdə Osmanlı dövlətinin Azərbaycana hərbi yürüşləri nəticəsində Şərqi Anadoludan və Həmşin ərazilərindən buraya xeyli sayda əhali, o cümlədən qafqazdillilər də köçürülmüş və əsasən Şəki, Qax, Qəbələ, Balakən bölgələrində məskunlaşmışdılar. Kiçik bir misal. Şəki rayonunundakı Alazan-Əyriçay çökəkliyində yerləşən Biləcik kəndinin (Birinci Biləcik, İkinci Biləcik) əhalisi həmin dövrlərdə Türkiyənin eyni adlı kəndindən köçənlərdir. Həmşin ərazilərindən Azərbaycana köç etmiş xristian əhalinin bir hissəsi yerli udilərlə sıx qaynayıb-qarışmışdır. Təsadüfi deyildir ki, Həmşinin təkcə türk əhalisini deyil, qafqazdilli sakinlərini də Azərbaycanla bağlayan etnomədəni bağlar mövcuddur. Onların udilərlə də mədəni yaxınlığı öz tədqiqatçılarını gözləyir.
Şərqi Anadoluda və Qara dəniz bölgəsində yaşayan həmşinlilərdə də qadın ailənin bünövrəsi hesab edilir. Kəskin iqlim şəraiti tarixən elat həyat tərzi sürən həmşin qadınlarının geyimlərinə öz təsirini göstərmişdir. Lakin bəzi fərdi elementlər istisna olunarsa, onların geyimləri – istər «foqa» adlanan don, ətək, «köynək» üstündən sarılan «köknəc», «dolaylıq» (qurşaq), zərif etnik naxışlarla toxunmuş yun corab, başa bağlanan «tülbənd» və ya «çəmbər», «peştmal» və ya «puşi» ilə regionun türk xalqlarına məxsus etnik qadın kostyumları elementləri arasında böyük fərq yoxdur. Bu yaxınlıq da həmşinliləri erməni etnik mədəniyyətindən uzaqlaşdırır.
Mahmud Kaşğari «Divani-lugat-it türk» əsərində «Uragut saraguçlandı» (Qadın başını örtdü) yazmaqla türk qadınlarının baş geyimində örpəyin, çalmanın və yaşmağın önəmli olduğunu xüsusi vurğulamışdı. Bu ənənə vaxtilə hun və xəzər tayfalarında da olmuş, oğuz və qıpçaq xalqlarında indi də qalmaqdadır. Müasir həmşinli xanımların geyimlərində etnik don, qurşaq və yun corablara getdikcə az təsadüf edilsə də, «puşi» adlanan baş ortüyü xüsusilə Rizə bölgəsində etnik qadın kostyumlarının əsas elementlərindən biri kimi qalmaqdadır. Etnoqrafik maraq doğuran cəhətlərdən biri də budur ki, həmşinli xanımların və Azərbaycanın, o cümlədən Cənubi Azərbaycanın bir sıra bölgələrindəki qadınların baş örtüyü və yaşmaq bağlamaq tərzləri arasında tam bənzərlik vardır.
Həmşinlilərin adət və ənənələrini, etnik mədəniyyətini türk dünyası, o cümlədən tarixi Azərbaycan əraziləri ilə bağlayan daha bir misal. Türkiyənin tanınmış tarixçisi Faruk Sümer yazır: «Bir insanın hansı millətə mənsub olduğunu o insanın aldığı mədəniyyət göstərir». Həmşinlilərlə tarixi Azərbaycan əraziləri, xüsusilə Qafqaz Albaniyası arasında etnomədəni əlaqələrin mövcudluğunu təsdiq edən elementlər sırasında qədim memarlıq elementləri də vardır. Məsələn, Azərbaycanın Ağdərə bölgəsinin Vəngli kəndində, Xaçın çayın sol sahilində yerləşən Gəncəsər (Qanzasar) xristian məbədini 1216-1238-ci illərdə Alban (Aran) hökmdarı, «Rəbbin aciz qulu, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu» məlik Həsən (Əsən) Cəlal Dövlə və anası Xorişə Xatun inşa etdirmişdir. Monastr dinin baş xəzinəsi anlamında «Gəncəsər» adlandırılmışdır. Onu da xüsusi olaraq əlavə edək ki, XV əsrdə Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşah Həsən Cəlalın təməlini qoyduğu Calalilər sülaləsinə «məlik» titulunu vermişdir. Həsən Cəlal 1261-ci ildə qətlə yetirildikdən sonra oğlu məlik Atabəy atasının nəşini Qəzvindən Gəncəsərə gətirmiş və burada torpağa tapşırmışdı. Monastr 1511-ci ildən 1836-cı ilədək – Rusiya sinodunun qərarı ilə Alban kilsəsi ləğv olunub erməni-qriqorian kilsəsinə birləşdirilənədək diofizit alban xristianlarının əsas iqamətgahı olmuşdu. Həsən Cəlalın ölümündən sonra digər oğlu – Vaxtanq məbədin ərazisində geniş tikinti işləri aparmış, arvadı Arzu xatun isə burada kilsə tikdirmişdi.
Məbədin arxitekturası və tərtibat elementləri onun təkcə Qafqaz Albaniyasının deyil, ortaq türk memarlığındakı «alaçıq tipində» inşa olunduğunu təsdiqləyir. Görkəmli Azərbaycan alimi Rəşid Göyüşov hələ ötən əsrin 70-ci illərində qələmə aldığı «Qanzasar məbədinin dini, etnik mənsubiyyətinə dair» məqaləsində monastrın «erməni memarlığı»na heç bir aidiyyəti olmadığını sübuta yetirmişdir. Bundan başqa, tikilinin daxili tağlarının yuxarı hissələri birmənalı olaraq «erməni rəmzləri» ilə deyil, məhz ortaq türk simvolizmində müqəddəs hesab olunan öküz və qoyun başlarının barelyefləri ilə bəzədilmişdi. Hazırda həmin tarixi abidənin yerləşdiyi ərazi Ermənistanın işğalı altındadır.
Gəncəsər məbədində, Həsən Cəlal Dövlənin məzarı üzərindəki dairəvi daş medalyonu İrəvan alimləri «Şərqi Ermənistanın dövlət rəmzi» və ya «erməni hökmdarı Həsən Vaxtanqyanın gerbi» (?) kimi təqdim etməyə çalışsalar da, onun üzərindəki işarələrin semantikasını açmaq fikrindən daşınmışlar. Səbəb isə erməni xalqında nə dövlətçilik rəmzlərinin, nə də nəsil və ya tayfaların tanınma-fərqləndirmə işarələrinin – damğaların olması, medalyondakı işarələrin isə yalnız ortaq türk simvolizmi əsasında izah edilə bilməsidir. Medalyonda Həsən Calal Dövləyə məliklik rütbəsi vermiş Qaraqoyunlu dövlətinin rəmzi – ilə yanaşı böyük ehtimalla Alban məlikinin damğa işarəsi də əks olunmuşdur.
Yuxarıda qeyd edildiyi kimi, qədim türklərin rəmz sistemində qoç (arxar, dağ qoçu) buynuzu təsviri ən qədim sakral rəmzlərdən biri sayılırdı. Onun çoxsaylı variantlarına tarixi Azərbaycan ərazilərindəki Qobustan, Gəmiqaya, Kəlbəcər, Göyçə, Dəvəboynu qayaüstü təsvirlərində, Kür-Araz mədəniyyətinə aid nümunələr üzərində, Manna, Midiya, saka-skif dönəmlərinə, Qafqaz Albaniyasına, Səlcuq, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi, Osmanlı dövlətlərinə aid maddi-mədəni irs nümunələrində, hun, bulqar, savir, xəzər, oğuz və qıpçaq damğa işarələrində, xalça ornamentləri arasında rast gəlirik. Əski mifoloji təsəvvürlərdə qoç obrazı bir tərəfdən «bolluq» və «bərəkət» bildirir, digər tərəfdən isə vəfat etmiş insanların ruhlarını Tanrı məkanına çatdıran müqəddəs canlılardan biri hesab edilirdi. Tanrıya kəsilən qurbanlar arasında ağ atla ağ qoçun da xüsusi dəyəri vardı. Bundan başqa, əski türk dillərində «qara» sözünün təkcə rəng deyil, həm də «böyük», «güclü» anlamlarını verdiyini nəzərə alsaq, Qaraqoyunlu dövlətinin rəmzinin – «qara qoç» təsvirinin şərti xarakter daşıdığı, «qüdrətli dövlət» kimi yozumunun daha düzgün olduğu qənaətinə gəlirik.
Medalyondakı altıgüşəli ulduzun da yəhudiliklə heç bir əlaqəsi yoxdur. Halbuki, altıguşəli ulduz tarixən polietnik xarakter daşımış, sami xalqları, o cümlədən yəhudilər arasında da geniş yayılmışdır. Digər tərəfdən, məlum səbəblər üzündən İsrail dövlətinin yaradılmasınadək yəhudilərin dövlətçilik rəmzləri olmamışdır. Rəvayətə görə, ilk dəfə 1254-cü ildə imperator IV Karl Praqadakı yəhudi diasporasını xristian təbəələrindən fərqləndirmək üçün onlara xüsusi icma rəmzi – qırmızı parça üzərində «Davud ulduzu» təsvir edilən bayraq vermişdi. Bu təsvir XVII əsrdən etibarən iudaizmin dini-etnik rəmzlərindən biri kimi tanınmış və yalnız 1891-ci ildə sionizm hərəkatının rəsmi simvolu (Mogen David – Davudun qalxanı) qismində qəbul edilmişdi. Nəhayət, İsrail dövlətinin təşəkkülündən beş ay sonra – 1948-ci il oktyabr ayının 28-də üzərində «Davud ulduzu» olan ilk bayraq təsdiq edilmişdir. Halbuki, bu təsvir iudaizmdən fərqli olaraq VII-XII əsr islam simvolizmində, türk xalqlarının dövlətçilik rəmzlərində, sikkələrdə və dini memarlıq abidələri üzərində ilahi nəzərlik, “bismillah” kəlməsinin təcəssümü kimi daha geniş yayılmış və “Möhrü-Süleyman” (Süleyman peyğəmbərin möhürü) adlandırılmışdı.
Kiçicik, yalnız dini mənsubiyyətdən irəli gələn fərqlərlə analoji daş medalyonu türkiyəli arxeoloq, əslən həmşin olan Oktay Hacıoğlu Rizə bölgəsindəki qədim tikililərdən birinin üzərində aşkar etmişdir. Orta əsrlərə aid binanın giriş hissəsindəki analoji dairəvi daş qabartma içərisində də ortaq türk damğa işarələri təsvir olunmuşdur. O.Hacıoğlunun müəyyən etdiyi daş qabartmadakı «həmşin rəmzləri» – türk tayfalarının damğa işarələri nəinki həmşinlilərin etnik türk kimliliyi, hətta Azərbaycan ərazisindəki (Qafqaz Albaniyasında) soydaşları ilə eyni ortaq mədəniyyətə sahib olduqlarını müəyyən etməyə əsas vermişdir.
Onu da əlavə edək ki, beşgüşəli ulduz şiəlikdə və bəktaşi-sufi simvolizmində «xəmsə», «Əhli-beyt üzvləri» anlamlarında da işlədilmişdir. Hər iki medalyonun etnik ermənilərə qətiyyən aidiyyəti olmamasını təsdiqləmək üçün isə kifayət qədər tarixi sübutlar vardır. Yeri gəlmişkən, həmin ortaq türk damğalarına Xarəzm, Məmlük, Qızıl Orda dövlətlərinin simvolizmində də rast gəlinir. Aşağıdakı şəkillərdə isə Gəncəsər və Rizə medalyonlarının islam dünyasındakı – Yaxın və Orta Şərqdəki analoqları təqdim olunur. Göründüyü kimi, Gəncəsər və Rizə medalyonlarındakı əsas fərq hər iki rəmz daşıyıcılarının dini mənsubiyyəti ilə bağlıdır. Belə ki, Rizə daş qabarmasının mərkəzində, Möhrü-Süleymanın içərisində Qurandan ayələr həkk olunduğu halda xristian Həsən Calal Dövlənin medalyonunda onu «cərxi-fələk», «şəmsi-gərdan» adlandırılan Günəşin simvolu əvəz edir.
(Ardı var)