31 Yanvar 2018 08:45
113 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin mayından “Danışan fotolar” layihəsi çərçivəsində xeyli sənət adamları həmsöhbətim olub, mərhəm yerdə saxladıqları fotolara müsahibimlə birgə maraqla baxmışıq. Adətən, görüşə çoxlu fotolarla gələn müsahiblərimdən ən kasıbı Əbdül Mahmudbəyov oldu. Halbuki tam əksini gözləyirdim. Bu illər ərzində fotolarını elə səxavətlə paylayıb ki... Axırda özümü saxlaya bilməyib bir ricada bulundum. Dedim, Əbdül müəllim, olan-qalanları qoruyub saxlayın, bunlar nadir sənədlərdi. Güldü, dedi, sevinirəm ki, Film Fondumuz var, bircə ona görə arxayınam.

“Azərbaycanfilm” kinostudiyasının şirinli-acılı günlərinin şahidi olmuş əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyovla görüşümüz Şirvanşahlar Sarayının həyətində baş tutdu.

Fərman Kərimzadənin sözlərilə desək, “Konfet dalınca kinoya gələn oğlan” indi 75 yaşın astasında həyat hekayəsinə başlayır:

- Mənim dünyaya gəldiyim kənd Qobustan mahalında yerləşir. Uşaqlığım Qobustan qayalıqlarında keçib. Ailəm şeyx, bəy ailəsi idi. Sovet dövründə repressiyaya məruz qalmışdı. Atam kolxoz sədri idi, haqqında yuxarılara danos yazılandan sonra onu tutdular. Atamdan sonra ailədə söz sahibi nənəm, anam oldu. Yeddi uşağın ən balacası məniydim. Hamı mənim hüquqşünas olmağımı istəyirdi. Ən çox da nənəm... Məktəbdə də çox yaxşı oxuyurdum. “Mən aktyor olmaq istəyirəm” deyə bilməzdim, pis baxırdılar.

İndiyə kimi yadımdadır, 1957-ci ildə Qobustana kino qrupu gəldi. “Bir məhəlləli iki oğlan” filminin yaradıcı heyəti idi. Rejissor Əjdər İbrahimov filmi Nazim Hikmətin əsəri əsasında çəkirdi. Arif Məlikov da filmin bəstəkarı idi. İlk dəfə o filmdə çəkildim. Filmdə qatarın ardınca qaçan uşaqlardan biri də mən idim. Həm qaçmaq, həm də qatardan atılan konfetləri yığmaq asan məsələ deyildi. Məhəllə, məktəbdəki uşaqlar arasında seçim etdilər, mən də seçilənlər arasına düşdüm.

Bu hadisədən bir il sonra Lətif Səfərov “Leyli və Məcnun” filminin çəkilişləri üçün Qobustana gəldi. Filmə çəkildiyimizə görə artıq hamı bizə kinoçular deyirdi. Filmdə tacir - qulbaşını Adil İsgəndərov oynayırdı. Qullardan biri mən idim. Dünyanın işinə bax, üzərindən illər keçdi, mən kinoya gələndə Adil İsgəndərov mənim müəllimim, ustadım, Əjdər İbrahimov “paqon” yoldaşım, Arif Məlikov bir neçə filmimin bəstəkarı oldu. Allahın verdiyi qismətdir. Əsas odur, niyyətin düz olsun.

- Bəs ailədə aktyor olacağınızı nə vaxt, hansı cəsarətlə dediniz?

- Mirzə ağa Əliyev adına Teatr İnstitutuna (indiki ADMİU) qəbul digər institutlardan daha tez başlayırdı. Fikirləşirdim ki, ora qəbul olmasam, sənədlərimi hüquq fakültəsinə verəcəm. İmtahandan uğurla keçdim, bu minvalla 1962-ci ildə Teatr İnstitutuna daxil oldum. Kurs rəhbərim Adil İsgəndərov oldu. Nənəm sağ idi, neçə il ondan bu faktı gizlətdim.

- Rəhmətlik Ağəli Dadaşov televiziya tamaşaları hazırlayırdı. Tamaşalarda çıxış üçün institutdan bəzi tələbələri seçmişdilər. Mən də onların arasında idim. Nənəm məni o tamaşalarda görüb, məəttəl qalmışdı. Tale elə gətirdi ki, sonra kinostudiyada işlədim, tanındım, ona görə mənimlə işi olmadı. Hətta xoşuna gəlməyə başladı.

- Bu bizim məşhur Adil İsgəndərov qrupunun buraxılışıdır. Məşhur beş nəfər: Xamis Muradov, Fikrət Əliyev, Tofiq Məmmədov, Elxan Qasımov və mən. Bizə “qızıl beşlik” deyirdilər.

- Rəhmətlik Ceyhun Mirzəyevin 60 illiyidir. Dostlarımla birlikdəyəm. Sağımda Nadir Əliyev, solumda “Yuxu” filmini çəkən rəhmətlik Fikrət Əliyevdir.

Ceyhunla tələbə yoldaşı olmuşam. O, instituta daxil olana qədər artıq məşhurlaşmışdı. Hətta biz fəxr edirdik ki, onunla birgə oxuyuruq, küçədə bizimlə gedir.

- Moskvada tələbəlik illərimin fotosudur. Auditoriyadayıq. Arxada Anar, Rüstəm İbrahimbəyov, qarşıda mən. 1971-73-cü illərdə Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari və rejissor kursunda birlikdə oxumuşuq. Çox böyük sənətkarlar – Vasili Şuşkin, Leonid Trauberq, Andrey Tarkovski, Daneliya bizə dərs deyiblər.

- “Yeddi oğul”un məşhur şəkli. Allah dünyasını dəyişənlərə rəhmət, qalanlara can sağlığı versin. Filmin çəkilişləri çox təhlükəli şəraitdə aparılırdı. Yayda Qobustanın ilan mələyən, əqrəb dolu düzündə çəkiliş aparmaq necə olar, düşünün. Xatırlayıram ki, əvvəlcə çəkiliş qrupu məkanı ilandan, əqrəbdən təmizləyirdi. Biz yeddi oğul: Həsən Məmmədov, Şahmar Ələkbərov, Ənvər Həsənov, Rafiq Əzimov, Ələsgər İbrahimov, Elçin Məmmədov və mən çəkiliş vaxtı və sonra birlikdəydik. Yediyimiz, içdiyimiz ayrı olmazdı.

- Adil İsgəndərov – əsl kişi, ustad, müəllim... Adı Adil olsa da hamı ona “Ədil müəllim” deyə xitab edirdi. Bu şəkil “Axırıncı aşırım” filmindəndir. Yazı masamın üzərindən heç əskik olmayan şəkil. O, sözün həqiqi mənasında əsl kişi idi. Sözünün üzərində mərdi-mərdanə duran insan... Onu daim böyük sevgiylə, hörmətlə anıram.

Mənim bu filmdə oynadığım Bəylər rolu mühüm obrazlardan biri idi. Filmin çəkilişləri ərəfəsində Moskvadan xəbər gəldi ki, mən Ümumittifaq Kinematorqrafiya İnstitutunun nəzdindəki kursa daxil olmuşam. Dərslərlə əlaqədar olaraq çəkilişlərə asanlıqla gəlib gedə bilməyəcəkdim. Orda oxumaq isə mənim böyük arzum idi.

Adil müəllimlə, rejissor Kamil Rüstəmbəyovla məsləhətləşib Moskvaya getmək qərarına gəldim. Ona görə qərarlaşdırdılar ki, bir-iki epizoda çəkilim, əsas yükü İman obrazını canlandıran Şahmar Ələkbərov daşısın. Sonuncu epizodda da Qəmlo rolunu oynayan Məlik Dadaşov mənə yaxşıca sillələr vurur.

- “Nəsimi” filmindəki dərviş rolumdur.

- Əbdül müəllim, bildiyim qədər siz həm də Nəsimi roluna əsas namizədlərdən biri olmusuz.

- Filmin çəkilişindən iki il əvvəl YUNESKO-nun qərarı ilə böyük Azərbaycan şairi İmaməddin Nəsiminin anadan olmasının 600 illik yubileyi qeyd edildi. Bu mühüm hadisə münasibəti ilə belə bir filmin çəkilişinə qərar verildi. Film bütünlüklə Heydər Əliyevin nəzarətində idi. Mənim üçün böyük təcrübə oldu.

Bilirsiniz ki, sınaq çəkilişlərində bir rola bir çox aktyorlar dəvət olunur. SSRİ-dən bu filmdə kimlərin çəkilməsi ilə bağlı təqdimatlar olunmuşdu. O vaxt kinostudiyanın direktoru ustadım Adil İsgəndərov idi. Filmin rejissoru mənim bədii rəhbərim Həsən Seyidbəyli, ssenari müəllifi İsa Hüseynov idi. Mən qabaqcadan dərviş rolunu oynamaq istəyirdim. Nəsillikcə dərviş olmuşuq, hərdən bizə dərviş uşaqları deyirdilər.

Qərara aldıq ki, hökuməti aldatmaq üçün Nəsimi roluna özümüzdən bir neçə namizəd irəli sürək, sınaq çəkilişləri təşkil edək. O zaman Nəsimi üçün fotosınaqda iştirak edənlərdən biri də mən oldum. Həsən Seyidbəyli Rasim Balayev çəkmək istəyirdi, Moskva isə bundan ehtiyat edirdi. Amma Həsən müəllim sonuna kimi bu istəyinin üstündə dayandı. Heydər Əliyev sənəti bilən adam idi. Onunla söhbət oldu, o, inandı, razılıq verdi. Rasim Balayev ona qədər mənim iki hissəli diplom filmimdə çəkilmişdi.

O vaxt Rasim xəstəxanada müalicə alırdı, yadımdadır ki, onu xəstəxanadan gətirib məşqlərini edirdik, sonra yenidən aparırdıq. Allah elə elədi ki, Nəsimidən sonra Rasim daha xəstələnmədi, biri-birinin ardınca neçə-neçə filmlərə çəkildi.

- Rəhmətlik Kamil Nəcəfzadə ilə Kəlbəcərin İstisu yaylağındayıq. “Firəngiz” filminin çəkilişləri zamanı getmişdik. Çəkilişlər bitindən sonra üç ay xəstə yatdım.

- “Qanlı zəmi” filmində Həsənağa Turabov Nəbini oynayırdı. Məşq zamanı çəkilib.

- Filmin rejissorlarından biri idiniz. Nəbi obrazına Fəxrəddin Manafovun fotosınaq çəkilişləri olmuşdumu? Qrimçi Elbrus Vahidovun fotolarının arasında o şəkli tapmışdım.

- Düzünü bilmək istəyirsinizsə, Qaçaq Nəbiyə mən Nurəddin Mehdixanlını çəkmək istəyirdim. Bir az da əvvələ qayıtsaq, onda Adil İsgəndərov artıq “Azərbaycanfilm”dən uzaqlaşmışdı, ona qarşı qərəz vardı. O cümlədən tələbələri olan bizlərə qarşı da... Bu işin başında Dövlət Kinematoqrafiya Komitəsinin o zamankı sədri Azad Şərif dururdu. O deyirdi ki, mən Adil İsgəndərovun tələbələrinə tammetrajlı film vermirəm.

Ona görə Moskvada müdafiə vaxtı hazırladığım “Tütək səsi” ssenarisini mənim əlimdən aldılar. Filmi rəhmətlik Rasim Ocaqov çəkdi.

Allah kinostudiyanın direktoru Cəmil Əlibəyovun ruhunu şad eləsin. Onun mənə xüsusi simpatiyası vardı. Məni yanına çağırdı, dedi, mənim gücüm çatmır, Mərkəzi Komitəyə təhlükəli adamlar yığışıb, bunlara söz demək olmur. Mən də o ərəfədə Şah İsmayılla bağlı bir film ssenarisini ona vermişdim. Dedi, sənə yaxşı bir məsləhət verim. Sən Şah İsmayıl Xətai ilə bağlı film çəkməyə tələsmə, get Qaçaq Nəbidən bir film çək. Süleyman Rüstəmin onunla bağlı əsəri var, o müəllif olsun, dediyini də eləyərsən. O, razılıq versə, Şərifov bir söz deyən deyil.

Süleyman Rüstəm o vaxt Azərbaycan SSRİ Ali Sovetinin sədri, xalq şairi idi. Süleyman Rüstəm Adil müəllimlə qapıbir qonşu imiş. Əhvalatı ona danışdım, dedi, razıyam, elə ordaca ikinci katib Şıxəli Qurbanova zəng vurdu. Dedi ki, mənim əsərimə cavan bir rejissor film çəkəcək, mən ona razılıq verdim. Ondan sonra Qaçaq Nəbi filminin hazırlıqları başladı. Azad Şərifov deyirdi ki, Nurəddin Mehdixanlı cavan oğlandı, hələ heç kim onu tanımır. Cəmil müəllimlə belə qərara gəldik ki, işə Həsənağa Turabovu cəlb edək. Çünki Həsənağa ilə Azad yaxın idi. Turabov mənim həyatımda o qədər mühüm rol oynayıb ki, bunu sözlə deyib çatdırmaq mümkün deyil.

Düzü, o şəraitdə mənim üçün baş rolu kimin oynaması elə də əhəmiyyət kəsb etmirdi. Mənə film çəkmək lazım idi. Moskvadan gəlmiş, özünü təsdiq etmək istəyən bir gənc idim.

Filmi çəkdik, amma ikinci faciə başladı. Az qala filmin yayımını qadağan edəcəkdilər. Bütün erməni mafiyası ayağa qalxdı ki, Qaçaq Nəbi bizi qırıb, amma siz onu milli qəhrəman elan edirsiniz. Bəlli oldu ki, bu işin başında duran SSRİ Kinematoqrafiya Komitəsinin ikinci şəxsi, Medvedev soyadlı bir ermənidir. Bunun üstü sonra açıldı, Bayram Bayramov, Süleyman Rəhimov, Süleyman Rüstəm, İmran Qasımov və digər ziyalılar bir yerə toplaşıb, SSRİ-nin rəhbəri Mixail Qorboçova teleqram vurdular.

Axırda belə qərar alındı, Nəbinin uşaqlıqda canavarla döyüş səhnəsi, başqa bir neçə epizod, eləcə də ermənilərlə bağlı hissələr filmdən çıxarılsın. Filmin adı dəyişdi, “Atları yəhərləyin” qoyuldu. Əvvəlki variantda isə “Qanlı zəmi” idi, bu da saxlandı. Bütün bu haqq-hesablardan sonra həvəsdən düşdüm, heç materiala yaxın gedə bilmirdim.

Filmi ikinci rejissor Tofiq Məmmədova həvalə etdim. Sonra deyilənə görə, ermənilər teleqram vurublar ki, Nəbi bizi bizimkilərdən daha çox müdafiə edib.

Yaxşı ki, filmdə vacib nüans hesab etdiyim hissəni saxlaya bildik. Nəbi və onun ətrafındakılar ruhən, qəlbən torpağa bağlı adamlardır. Dövr elə bir dövr olmasaydı onlar ailə qurar, əkin-biçinlə məşğul olardılar. Mən rejissor kimi o qəhrəmanların hamısını zəmidə öldürmüşəm. Onlar top-tüfəngi atıb öz həyatlarına, öz mənşələrinə qayıdırlar.

- Filmdə Həsənağa Turabovun da rejissor payı var...

- Həsənağa Turabovun rejissorluqda heç bir payı yoxdur. Sadəcə film qurtarandan sonra bunu Azad Şərifov təklif etdi. Cəmil Əlibəyov bunu mənə deyəndə, dedim Turabova film qurbandı. Həm də Turabov özünü rejissor kimi də sınamaq istəyirdi. Bir filmin çəkilişlərinə başlamışdı, ömür vəfa etmədiyindən yarımçıq qaldı.

- Bu foto Kərbəla ziyarəti zamanı çəkilib: Rasim Balayev, deputat Eldar İbrahimov və mən. Həm ziyarət, həm də iş üçün ora getmişdik.

1993-cü ildə YUNESKO-nun xətti ilə Füzulinin 500 illiyi ilə əlaqədar Bağdadda keçirilən tədbirdə nümayiş olunacaq tamaşanın rejissoru və müəllifi mən idim. Ora 200 nəfər nümayəndə heyəti ilə getmişdik.

- Bu, mənim rejissoru olduğum “Doğma sahillər” filminin çəkiliş fasiləsində lentə alınıb. Filmi əsasən Naxçıvan ərazisində çəkirdik. Bir-iki kadr isə Qobustan qayalarında ekranlaşdırıldı. Filmdə Rasim Balayevi, Ənvər Həsənovu, Tariyel Qasımovu, İran generalı roluna isə Nüsrət Kəsəmənlini çəkmişdim. Moskvada məəttəl qalmışdılar. Soruşurdular, bu aktyor kimdir, dedim aktyor yox, şairdi...

- Niyə onu çəkmişdiniz?

- Mən hərdən elə axmaq işlər görürəm (Gülür). Maraqlı obrazları ekrana gətirməyi sevirəm. Filmdə həmçinin Həsən Məmmədov, Gündüz Abbasov, Muxtar Maniyev, Həmidə Ömərova, Ömər Nağıyev, rus aktyorlarından Belov, Priqunov, Firov da çəkilib. Ruslar çəkiliş vaxtı bizim aktyorlara heyranlıqla baxırdılar.

- “Gecə qatarı”ndan da şəkilləri görmək istərdim.

- Təəssüf ki qalmayıb. Əlimdə olan bunlardır. O filmdən çəkilən şəkillərin bir hissəsini Fərhada (Fəxrəddin Manafova) verdim. O da dedi, kimsə aparıb gətirməyib. Yaxşı ki, Film Fond var, bütün şəkillərimiz orda saxlanılır. Ona görə arxayınıq.

O filmin də qəribə tarixçəsi var. Filmi xalqımız üçün çətin dövr olan 1990-cı ildə lentə aldıq. İcarəyə götürdüyümüz Bakı-Odessa qatarında apardığımız çəkilişlər sayəsində Odessaya gedib qayıtdıq.

Ssenari yazılanda baş rola kimi çəkəcəyimi artıq müəyyənləşdirmişdim. Əsərdə baş qəhrəman Rüstəmin 18 yaşı olur. O yaşda cavan və bir az təcrübəsi olan aktyor tapmaq çətin idi. Axtardım, amma tapmadım. Fikrimdə yalnız Fəxrəddin Manafov vardı. Təklif etdim ki, qəhrəmanın yaşını artıraq. Razılaşdılar, Fəxrəddin Manafovu bu rola çəkməyimə daha maneə qalmadı.

Mən əsərdəki mafiyaya işləyən erməni qız obrazını filmdə də saxlamaq istəyirdim. Bununla ermənilərin xislətini göstərməyə çalışırdım.

Amma Bədii Şura bunun əleyhinə getdi. Təkid edirdilər ki, həmin obraz rus qadınla əvəz olunsun. Biz də bu minvalla Diana Malayanı çəkdik.

Qadağalara baxmayaraq maraqlı və şərəfli kino tarixi yaratdıq. Bu prosesdə iştirak edib dünyasını dəyişən ustadların ruhuna dualar oxuyub qalanlara can sağlığı, bol-bol kino arzu edirəm. Bu il Azərbaycan kinosunun 120 illiyidir. Lumyer qardaşları Fransada kinonu icad edəndən bir-iki il sonra Azərbaycanda neft bumu başladı. Dünyanın imkanlı adamları neft qoxusuna Bakıya gəldilər. Bu insanlar istər-istəməz özləri ilə bura kino, teatr, konsert mühiti gətirdilər. 90 il sonra biz öz kinostudiyamızı yaratdıq. Biz həm köhnə SSRİ, həm yaxın Şərq müsəlman dünyasında ilk kinostudiya yaradan xalqıq. 120 illik münasibətilə mən hamını təbrik edirəm.

- Ailə qurmağım çox qəribə oldu. Elçiliyimi, toyumu Həsənağa Turabov etdi. 1965-ci ildə 33 yaşım vardı, bir gün Adil İsgəndərov məni otağına çağırıb dedi ki, sənə ev vermək istəyirəm, amma evli deyilsən, üstəlik də Bakı qeydiyyatın yoxdur. Bir həftəyə evlənməsən nə sənə ev verəcəm, nə də kinostudiyada qala biləcəksən. Əlim-ayağım biri-birinə dolaşdı...

Beləcə 33 yaşımda öz tələbəmlə evləndim. Yaqut xanım “Azərbaycanfilm” kinostudiyasının kinoaktyorluq məktəbinə daxil olmuşdu, mən də onlara dərs deyirdim. Bir prinsipim vardı: ancaq öz seçdiyim xanımla və evim olandan sonra ailə qurmalıyam. Yaqut seçdiyim xanım oldu. Qeydiyyat məsələmi Adil müəllim həll etdi, sağ olsun, bir zənglə yataqxanaya qeydiyyata aldılar məni.

Qalırdı toy, onu da Həsənağa öz üzərinə götürmüşdü. Toyumuz “İnturist”də oldu.

- Alimlə dostluğumuz 40 ilə yaxındır. Burda bir şəkil də olmalıdır.

Əbdül müəllim bir də şəkillərə nəzər yetirib:

- Deyəsən, o şəkil burda yoxdu. Heç yadımdan çıxmaz, rəhmətlik Zəlimxan Yaqub mənim dostum idi, ölümündən bir həftə qabaq mənə dedi ki, Şeyx, elə istəyirəm səninlə görüşək. Amma xahiş edirəm Alim Qasımovu da gətir. Alim də sağ olsun, razılaşdı, birlikdə getdik Zəlimxangilə. O görüşdən xatirə qalacaq bir foto çəkdirdik. Bir həftə keçməmiş Zəlimxan rəhmətə getdi.

Elnur Muxtar


Müəllif: Nərmin

Oxşar xəbərlər