Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xalq artisti, xanəndə Arif Babayevin 85 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub.
Teleqraf.com xəbər verir ki, musiqili gecədə xalq artistləri, ictimaiyyət nümayəndələri və sənətçinin yaxınları iştirak ediblər.
A.Babayev yubileyində iştirak edən hər kəsə təşəkkür edib: "Sağ olun ki, yanımdasınız".
Daha sonra dinləyicilərə yubilyarın repertuarından əsərlər təqdim edilib.
Qeyd edək ki, Arif Babayev 20 fevral 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. Azərbaycan Dövlət Filarmoniyasında və Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb.
Arif Babayev XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin nümayəndələrindən biridir. Onun yaradıcılığında "Şur", "Segah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur.