Gürcüstanlı tanınmış aktyor və müğənni-bəstəkar Vaxtanq Kikabidze yanvarın 19-da Tbilisidəki Vera qəbiristanlığında anasının məzarı yanında dəfn olunacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə bazar günü sənətkarın meneceri Rati Abzianidze məlumat verib.
“Ailəsinin qərarı, həm də sağlığında özünün arzusu belə olub ki, o, anasının dəfn olunduğu Vera qəbiristanlığında basdırılsın”, - deyə Abzianidze bildirib.
Onun sözlərinə görə, aktyorun anım mərasimi hələ ki dəqiqləşdirilməyən kilsədə keçiriləcək, bundan sonra tabut Tiflis Filarmoniyasına çatdırılacaq, daha sonra isə dəfn mərasimi keçiriləcək.
Qeyd edək ki, Kikabidze yanvarın 15-də Tiflisdə 84 yaşında vəfat edib. Onun cənazəsi Tiflisdəki “New Hospitals”dan şəhərin mərkəzində yerləşən evinə aparılıb.