16 Sentyabr 2019 23:53
2 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın məzarını ziyarət etdikdən sonra Sakızağacı şəhidliyində azərbaycanlı Saleh Gəncənin məzarını axtardım. İstanbulda yaşamış azərbaycanlıların məzar yerləri haqqında kitab hazırladığım üçün Saleh bəyin də həyatı önəmli idi. Məzarı tapdıqdan sonra kədərli halla qarşılaşdıq. Saleh bəyin məzarının vəziyyəti, təəssüf ki, yaxşı deyildi…

Saleh Gəncə kimdir?

Gəncədən İstanbula köçən ailələrdən biri də Hacı Mirxəlil Həmzəzadənin (Gəncə) ailəsidir. Mirxəlil 1870-ci ildə Gəncədə doğulub, 1954-cü ildə İstanbulda vəfat edib. Mirxəlil Həmzəzadənin və qızı Sara Gəncənin məzarları İstanbulda Seyid Əhməd dərəsindədir. Sara xanımın məzarında doğum-ölüm tarixi 1910-1953 olaraq qeyd edilib.

Bu ailənin ən tanınmış üzvü Saleh Gəncədir.

Mühəndis Saleh Gəncə 5 may 1917-ci ildə Gəncədə doğulub. Gəncənin tanınmış və varlı ailəsindən olan atası Seyid Həmzə ocağından, anası isə Hacı Cəfər ailəsindəndir. Əmisi Mir Kazımın Gəncə mədrəsəsinin qurulmasında böyük xidməti olub, eləcə də, şəhər əhalisinə kəhriz bağışlayıb.

İlk təhsilini Gəncədə alan Saleh bəy 5 may 1930-cu ildə İstanbula, qohumu professor Əhməd Cəfəroğlunun yanına gəlib, orta təhsilinə burada davam etdirib. 1936-cı ildə liseyi bitirdikdən sonra İstanbul Universitetinin ali kimya mühəndisliyi bölümünə daxil olub, kimya yüksək mühəndisi kimi məzun olub. Hələ universitet tələbəsi ikən geniş ailəsinə dəstək olmaq məqsədilə orta məktəbdə müəllimlik fəaliyyətinə başlayıb, ömrünün axırınadək bu sahədə çalışıb. Tələbə ikən Süleymaniyyə qız məktəbində, Vəfa liseyində, Fatih qız məktəbində, Pertevniyal liseyində köməkçi müəllim kimi işləyib. 1944-cü ilin fevralında fakültədən məzun olub. 6 aprel 1944-cü ildə Hikmət adlı xanımla ailə həyatı qurub.

Müəllimlik peşəsini sevən Saleh Gəncə haqqında yazılmış məqalədə belə qeyd olunub: “Övladının olmamasına üzülməz, “mənim yüzlərlə övladım var” deyərək bu hissini bölüşərdi. Kimsəsiz, kasıb tələbələrə hər cür kömək edir, heç bir qarşılıq gözləmədən özəl dərslər verir, əlindən gəldiyi qədər maddi dəstək olmaqdan zövq alardı. Onun bu hərəkətlərinə möhtərəm yoldaşı Hikmət xanım da qatılır, hətta onu təşviq edir, dəstək olurdu. Evlərinə yığışan tələbələrə heç yorulmadan xidmət edər, onlara həqiqi bir ana şəfqəti göstərirdi... Universitet tələbəsi ikən milli hərəkatlara qatılan Saleh Gəncə ömrü boyu ona verilən hər vəzifəni yüksək qabiliyyət və çalışqanlığı ilə mükəmməl şəkildə yerinə yetirib”.

Gəncə bir müddət Paşabaxça içki fabrikində, sonra Diyarbəkir və Qaziantəpdə rakı və şərab fabriklərində çalışıb. 1944-cü ilin oktyabrında hərbi xidmətə yollanıb, Qırıqqala barıt fabrikində ehtiyatda olan zabit kimi xidmət edib. 1947-ci ilin aprelində ordudan tərxis olub. Həmin tarixdən etibarən 1948-ci ilin fevralına qədər Ankara Dikmen şərabxanasında çalışıb.

1948-ci ilin mart ayından etibarən əvvəlcə Pertevniyal liseyində, ardınca Kabataş oğlan liseyində və özəl Şişli Terakki liseyində kimya müəllimi kimi çalışıb. Bir müddət Kabataş liseyində müdir müavini olub.
Saleh Gəncə 1966-cı ildə Azərbaycana ziyarətə gələ bilib. Onun İstanbuldakı evi həm Türkiyədəki azərbaycanlıların, həm də Azərbaycandan gələn şəxslərin qonaq qaldığı yer olub. Evinin bir otağını məhz Azərbaycandan gələn qonaqlar üçün hazır şəkildə boş saxlayırmış.

3 aprel 1969-cu ildə infarktdan vəfat edib. Ölümü ilə bağlı “Cümhuriyyət” qəzetinin 4.4.1969 tarixli sayının 3-cü səhifəsində çıxan elan belədir: “Azərbaycanın tanınmış ailələrindən Həmzə ailəsindən mərhum Hacı Mir Xəlil və Rüxsarə xanımın oğlu, Hikmət Gəncənin yoldaşı, yarbay (podpolkovnik) Kamil Gəncənin qardaşı, Əhməd Cəfəroğlunun qardaşı oğlu, Fikrət Mart, Necdət və Tələt Basatların qaynı, Kazım, Rüxsar və Oyanın əmisi, Kabataş, Şişli Tərəqqi Liseylərinin, Yeni Kolejin kimya müəllimi, Azərbaycan Kültür Dərnəyi Başqanı, yüksək kimya mühəndisi Salih Gəncə 3.4.1969 tarixində vəfat etmişdir. Cənazəsi 4.4.1969 günü Bəyazid Camesində qılınacaq namazdan sonra Ədirnəqapı məzarlığında dəfn ediləcəkdir”.

Saleh bəyin məzarının yanında həyat yoldaşı Hikmət xanım da dəfn olunub.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər