Oktyabrın 1-dən etibarən ölkədə teatr və kinoteatrların fəaliyyətinə icazə verilir.
Teleqraf.com teatrların repertuarı ilə maraqlanıb.
"Teatr hansı tamaşa ilə fəaliyyətə başlayır?" sualını teatrların mətbuat xidmətlərinə ünvanladıq.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyib ki, karantinə görə bir çox işlər təxirə salınıb: "Buraya beynəlxalq və yerli qastrol səfərləri, yeni premyeralar və s. daxildir. Oktyabrın 1-dən etibarən cari repertuarda olan tamaşaların məşqlərinə başlanılacaq. Bu tamaşalar iki ilə yaxındır oynanılmır. Səhər və axşam olmaqla, intensiv məşqlərə ehtiyac var. Bu, ilkin mərhələdə bizim təxminən 15-20 günümüzü alacaq. İlk olaraq “Ölülər”, “Şah Qacar”, “Cəhənnəm sakinləri”, “Qətibə İnanc”, “Ah, bu uzun sevda yolu”, “Almaz”, “Sinif yoldaşları”, “Bir, iki, bizimki” tamaşalarının məşqləri başlanacaq.
Oktyabrın 15-dən etibarən tamaşaçı qarşısına çıxmağı planlaşdırırıq. Teatrın yaradıcı və texniki işləri qaydasına düşənədək, yəni noyabrın əvvəlinə qədər tamaşalar şənbə-bazar günləri təqdim olunacaq. Noyabr ayından etibarən isə ənənəvi repertuar və qrafik üzrə işimizə davam edəcəyik".
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova teatrın 112-ci mövsümünə hazırlaşdığını bildirib: "Azərbaycan Dövlət Akademik Musiqili Teatrı pandemiya səbəbindən yaranan uzun fasilədən sonra yeni mövsümünə böyük həvəs və məsuliyyətlə hazırlaşır. İlyarım onlayn rejimdə çalışan teatr təbii ki, birdən-birə kütləvi tamaşaların nümayişinə başlaya bilməz. Bunun üçün yaradıcı və texniki heyət, ümumiyyətlə, bütün teatr kollektivi müəyyən hazırlıq mərhələsindən keçməlidir. Oktyabrın 1-dən sonra tamaşalar üzərində məşqlərə və bərpa işlərinə başlanılacaq. Bütün bu proseslərdən sonra nümayişini nəzərdə tutduğumuz tamaşalar haqqında sosial şəbəkə hesablarımızda teatrsevərlərə ətraflı məlumatlar veriləcək.
Bir əsas məsələni də vurğulayım ki, tamaşaçılarımızın teatra girişinə COVID pasportu ilə icazə veriləcək, onlardan pandemiya qaydalarına, sanitar-gigiyenik normalara ciddi əməl etmələri, maska taxmaları, tamaşa zalında oturacaqlararası məsafəni gözləmələri tələb olunacaq. Ümid edirik ki, bütün çətinlik və maneələrə baxmayaraq, tezliklə Akademik Musiqili Teatr əvvəlki məcrasına qayıdacaq, bir-birindən gözəl və maraqlı tamaşaları ilə öz qapılarını sevimli tamaşaçılarına aça biləcək, təxirə salınmış bir çox layihələrini yenidən reallaşdıracaq".
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat nümayəndəsi isə teatrın fəaliyyəti haqqında planların bu gün müəyyən ediləcəyini vurğulayıb.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva bildirib ki, ilk tamaşa oktyabrın 9-da baş tutacaq: "Aleksandr Borodinin "Qıpçaq rəqsləri" baleti və rus bəstəkarı Nikolay Rimski-Korsakovun musiqisi əsasında səhnələşdirilmiş “Şəhrizad” baleti nümayiş ediləcək. Oktyabrın 10-da isə Fikrət Əmirovun "Sevil" operası olacaq. Teatrımızda sentyabrda iki tamaşamız nümayiş edilib. Bütün pandemiya qaydalarına riayət edilərək keçirilib. Nə qədər ki, pandemiya davam edəcək, karantin qaydalarına ciddi əməl olunacaq".
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının mətbuat xidmətinin rəhbəri
İlham Məmmədov teatrın repertuarını açıqlayıb: "Teatrda oktyabrın 2-də Nikolay Vasilyeviç Qoqolun "Jenitba" komediyası, oktyabrın 3-də isə Qurban Səidin "Əli və Nino" tamaşası nümayiş ediləcək".