“Apple” şirkəti ənənəvi olaraq hər ilin payızında iki təqdimat keçirərək yeni qurğular təqdim edir.
Sentyabrda ictimaiyyətə smartfonlar, bir qədər sonra planşet, kompüter və s. məhsullar nümayiş olunur. Bu il də istisna deyil. Belə ki, ABŞ şirkəti jurnalistlərə oktyabrın 27-də keçiriləcək təqdimata dəvətnamə göndərib. Şirkətin Kupertino şəhərində yerləşən mənzil-qərargahında keçiriləcək tədbirdə yeni kompüterlərin, o cümlədən istifadəçilərin çoxdan intizarında olduğu yenilənmiş MacBook” noutbuklarının nümayiş olunacağı gözlənilir.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, 27 oktyabr təqdimatı 1998-ci ildə ilk “iMac” kompüterinin nümayişinə işarə olan “Hello again” şüarı ilə baş tutacaq. Görünür, “Apple” dünyanı yeni “iMac” və ya məhsulun tam yenilənmiş versiyası ilə təəccübləndirmək niyyətindədir. Həmçinin “Mac Pro” qurğularının yenilənəcəyi bildirilir.
Lakin istifadəçilər daha çox yeni "Apple” noutbuklarının təqdimatını gözləyirlər. Şayiələrə görə, yeni nəsil MacBook Pro” noutbuklarında klaviaturanın üzərində açılan əlavədən asılı olaraq düymələrin göstəriləcəyi sensor “OLED” displey quraşdırılacaq. Bundan başqa, qurğuda 4 ədəd “USB Type-C” portunun yer alacağı gəzən söz-söhbətlər arasındadır. Həmçinin “Apple” 13 düymlük MacBook Air” noutbukunu yeniləyə bilər və şayiələrə görə, bu halda 11 düymlük modelin 12 düymlük “MacBook” ilə rəqabət aparmaması üçün onun istehsalı dayandırılacaq.
İstehsalçının, həmçinin yeni planşetlər təqdim edəcəyi bildirilsə də, bununla bağlı məlumatların olmamasına görə bu, mövcud modellərin yenilənmiş versiyaları ola bilər.