5 Dekabr 2017 14:03
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:26

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 5-də Rusiya Federasiyasının rabitə və kütləvi informasiya naziri Nikolay Nikiforovu qəbul edib.

Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən rabitə və texnologiyalar sahəsində uğurla inkişaf etdiyi qeyd olunub.

Rusiyanın rabitə və kütləvi informasiya naziri Nikolay Nikiforov Azərbaycan Prezidenti İlham Əliyev ilə 2011-ci ildə Kazan şəhərində İnformasiya Texnologiyaları Parkında görüşdüklərini, o zaman Prezident İlham Əliyevin orada xatirə kitabında fəaliyyət göstərməyə başlayan şirkətlərə yazdığı ürək sözlərini məmnunluqla xatırlayıb. Nikolay Nikiforov qeyd edib ki, bu gün o, azərbaycanlı həmkarı ilə ölkəmizdə fəaliyyətə başlayan bir sıra start-up layihələri ilə də artıq tanış olub. Rusiyalı qonaq iki ölkənin texnologiya sahəsində əməkdaşlıq proqramının genişlənməsinin vacibliyini qeyd edib.

Nikolay Nikiforov XXIII Bakutel-2017 sərgisində 20-dən çox ölkənin, 190-dan artıq şirkətin, o cümlədən Rusiya Federasiyası şirkətlərinin və eləcə də müxtəlif ölkələrin bir sıra nazirlərinin iştirak etdiyini vurğulayıb və bu tədbirin artıq rabitə sahəsində mütəxəssislərin ənənəvi görüş yerinə çevrildiyini məmnunluqla qeyd edib.

Prezident İlham Əliyev XXIII Bakutel-2017 sərgisinin önəmini qeyd edərək, Rusiya Federasiyasının bu tədbirdə yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə edib. Bu cür sərginin artıq ənənəvi xarakter aldığını qeyd edən dövlətimizin başçısı bunu müasir texnologiyalarla bağlı beynəlxalq əhəmiyyətli bir tədbir kimi dəyərləndirib. Prezident İlham Əliyev Nikolay Nikiforovun ölkəmizə bu səfərinin əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Söhbət zamanı Azərbaycanın tranzit imkanlarından istifadə edilərək, poçt, TASIM layihəsi çərçivəsində əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri Əhməd Arslanı qəbul edib.

Görüşdə ikitərəfli münasibətlərimizin bütün sahələrdə, o cümlədən informasiya texnologiyaları sahəsində uğurla inkişaf etdiyi bildirilib.

Prezident İlham Əliyev Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri Əhməd Arslanın XXIII Bakutel-2017 sərgisində iştirakının önəmini qeyd etdi, bu sərginin artıq 20 ildən çox keçirildiyini və hər dəfə də Türkiyədən olan şirkətlərin iştirak etməsindən məmnunluğunu bildirib. Nəqliyyat sahəsində əldə edilən uğurlara toxunan dövlət başçısı ölkələrimizin kommunikasiya, informasiya texnologiyaları sahəsində, xüsusilə TASIM layihəsi çərçivəsində birgə fəaliyyətinin önəmini vurğulayıb. Oktyabr ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin açılış mərasimini xatırlayan dövlətimizin başçısı bildirib ki, bu tədbir bir daha Azərbaycan və Türkiyənin başladığı bütün təşəbbüslərinin gözəl nəticələr verdiyini göstərib. Prezident İlham Əliyev ölkələrimiz arasında rabitə sahəsində də birgə fəaliyyət üçün çox yaxşı imkanların olduğunu deyib.

Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan XXIII Bakutel-2017 sərgisində 20-dən çox ölkənin 190-dan artıq şirkətinin iştirak etməsinin önəmini vurğuladı və bu tədbirin yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Əhməd Arslan Prezident İlham Əliyevin rəhbərliyi ilə informasiya texnologiyaları sahəsində Azərbaycanda işlərin uğurla həyata keçirildiyini qeyd edərək, bu istiqamətdə gələcəkdə regional səviyyədə birgə iş fəaliyyətinin davam etdiriləcəyinə əmin olduğunu bildirib. Qonaq iki ölkənin müvafiq qurumları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulabyıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromini qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən rabitə və informasiyaları texnologiyaları istiqamətində uğurlu inkişafından məmnunluq bildirilib.

Prezident İlham Əliyev XXIII Bakutel-2017 sərgisinin 20 ildən artıqdır ki, keçirildiyini qeyd edərək, İran şirkətlərinin bu sərgidə daim iştirak etməsindən və bu sərgidə İranın nazir səviyyəsində təmsil olunmasından məmnunluğunu ifadə edib. Bu yaxınlarda İran İslam Respublikasına səfərini xatırlayan dövlət başçısı İranın Ali Rəhbəri və İran Prezidenti ilə keçirdiyi görüşlərin əlaqələrimizin inkişafına böyük töhfə verdiyini vurğulayıb. Prezident İlham Əliyev informasiya-kommunikasiya və rabitə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi və İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin səfəri zamanı əməkdaşlığın perspektivləri ətrafında səmərəli müzakirələrin aparılacağına əminliyini vurğulayıb.

Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlət başçısına çatdırıb. O, eyni zamanda, Kirmanşah şəhərində zəlzələ ilə əlaqədar Azərbaycan Prezidentinin başsağlığı verməsi və Azərbaycanın İran xalqı ilə həmrəylik nümayiş etməsi ilə bağlı İran Prezidentinin minnətdarlığını çatdırıb. Nazir ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq, bu əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjaonu qəbul edib.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Dövlət başçısı Azərbaycanda XXIII Bakutel-2017 sərgisində dünyanın bir çox ölkələrindən 190-dan artıq şirkətin iştirak etməsindən məmnunluğunu bildirərək, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjaonun Bakutel-2017-də iştirakının sərginin artıq mühüm beynəlxalq tədbirə çevrilməsinin göstəricisi kimi dəyərləndirib.

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjao XXIII Bakutel-2017 sərgisinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illər rabitə və informasiya-kommunikasiya sahələrində nailiyyətlər əldə olunduğunu qeyd edib. Qonaq bu səfəri zamanı Azərbaycanda rabitə və informasiya-kommunikasiya sahələrində bir sıra start-up layihələri ilə tanış olduğunu və bu layihələrin bir hissəsinin reallaşacağına əminliyini bildirib.

Söhbət zamanı Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər