20 Dekabr 2017 13:10
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının baş assambleyasında Krımla bağlı qətnamənin qəbul edilməsi başa düşüləndir. Bu, daha çox Krımın işğalının unudulmaması üçün problemin sistematik olaraq beynəlxalq platformada gündəmdə saxlanılması baxımından əhəmiyyətlidir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri politoloq Fərhad Mehdiyev BMT Baş Assambleyasının sessiyasında Rusiyaya qarşı “Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan haqları sahəsində vəziyyət” haqqında qətnamənin qəbul edilməsini şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Azərbaycan da Qarabağ problemi ilə bağlı buna bənzər addımlar atıb:

“Mən bunu daha çox işğal faktının unudulmaması, bu faktın qəbul olunmaması üçün atılan addım hesab edirəm. Hindistanla Pakistan arasında Kəşmir problemi var. Ancaq indi sanki dünya Kəşmirin Hindistanda olduğu reallığı ilə barışır. Digər tərəfdən, Kəşmirin bir hissəsi Hindistanın nəzarəti altındadır. Yəni Kəşmir məsələsi unudulmuş kimidir. Çünki Pakistan tərəfli bu məsələdə fəal davranmayıb və son nəticədə də uduzmuş kimi görünür. Bu baxımdan istər Azərbaycan, istərsə də Ukrayna çalışır ki, torpaqlarının işğal faktı unudulmasın, işğal faktı zaman-zaman beynəlxalq platformalarda bəyan edilsin.

İkincisi, bu kimi qətnamələr Rusiyanı narahat edir. Yəni Rusiya rahat olub düşünməsin ki, Krımı işğal etdim və hazırda dünya bu reallığı qəbul edir”.

Politloq deyib ki, sözügedən qətnamənin qəbulunun əhəmiyyəti bundan irəliyə getmir:

“Nəzərə almaq lazımdır ki, BMT Assamleyasının qərarları məcburi deyil. Buna yumşaq hüquq deyilir. Çünki məcburi yox, tövsiyə xarakterlidir. Mənim fikrimcə, Qüdslə bağlı da bunu etmək lazımdır. Məsələn, Qüds məsələsini BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxardılar, lakin ABŞ qətnaməyə veto qoydu. Krımın işğalını da Təhlükəsizlik Şurasında müzakirəyə çıxarsalar, bu zaman Rusiya veto tətbiq edəcək. Ona görə də Krım qətnaməsini Təhlükəsizlik Şurasında deyil, BMT-nin Assambleyasında müzakirəyə çıxarırlar. Bir daha qeyd edirəm ki, assambleyanın qətnamələri üzv dövlətlər üçün məcburi xarakterdə deyil”.

Qeyd edək ki, ötən gün BMT Baş Assambleyasının sessiyasında “Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan haqları sahəsində vəziyyət” haqqında qətnamə qəbul edilib. Sənədin müəllifi Ukrayna və daha 30 dövlətdir. Qətnamə layihəsinin preambula hissəsində Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərini Rusiyanın “müvəqqəti işğal etdiyi” qeyd olunub. Qətnamədə ilhaqın qəbuledilməz olduğu vurğulanıb.

Sənəddə işğal edilən Krımda Rusiya qanunlarının tətbiqinin, məhkəmə və inzibati idarəçiliyinin qanunsuz olduğu əksini tapıb. Müəlliflər Rusiyanı beynəlxalq hüquqla bağlı öhdəliklərinə hörmət etməyə çağırıblar.

70 ölkə bu qətnamənin lehinə, 26 dövlət əleyhinə səs verib. 76 dövlət bitərəf qalıb.


Müəllif: Cavad

Oxşar xəbərlər