Şair, tərcüməçi, şərqşünas-alim Nəriman Qasımoğlu ABŞ və Türkiyə arasında müşahidə olunan gərginlik fonunda “Türkiyə həm sizindir, həm bizim” şüarı ilə Türkiyə müğənnisi Müşərrəf Akayın Bakı konsertində yaşananları xatırladıb.
Teleqraf.com-un məlumatına görə, Nəriman Qasımoğlu 1978-ci ildə müğənni Müşərrəf Tezcanın Bakıda anşlaqla keçən qastrol konsertinə çətinliklə bilet tapıb ailəlikcə getdiyini bildirib.
Alim qeyd edib ki, Müşərrəf Akayı sevdirən əlində mikrofon ara-sıra tamaşaçılarla həvəslə ünsiyyətə girməsi, gözəl natiqliyi, bəlli bir intellekt sərgiləməsi, səhnədə sərbəst davranışları, ümumiyyətlə, bizimkilər üçün aşkar fərqli ampluada olması idi: “Bir sözlə, sənətçi xanım seyrçilərlə məhrəm bir əlaqə yaratmağa tam nail olmuşdu. Konsertin bir məqamında oxuduğu şərqidən sonra yenə də sevənlərini səhnədəcə qarşılayıb bağrına basırdı. Bir uşaq yaxınlaşıb gül dəstəsi uzatdı. Diqqətcil və həssas xanım da duyurdu ki, bu uşağın ona nə isə deyəcəyi var. Dərhal mikrofonu uşağın dillənən dodaqlarına sarı uzatdı. “Türkiyə həm sizindir, həm bizim”, - dedi uşaq və sarayı alqış sədaları bürüdü. Müşərrəf xanım şövqə gəlmişdi, onun üçün də təbii olaraq gözəl bir fürsət yaranmışdı ki, içindəkiləri daha aşkar biruzə versin: “Nasıl söylədin yavrum, tekrar söylesene!”. Uşaq da təkrarlayırdı: “Türkiyə həm sizindir, həm bizim!” Yenə alqışlar... Özü də uşağın ardınca “Türkiyə həm sizindir, həm bizim” dedi. Seyrçi alqışlarının budəfəki ünvanı təkcə xanım sənətçi deyildi. Müşərrəf xanım qızcığazı üzündən-gözündən öpüb bağrına basdı”.
Nəriman Qasımoğlu az sonra sarayın iki qadın əməkdaşının səhnəyə hər iki tərəfdən bitişik pillələrın qarşısını ərəbzəngi kimi kəsdirdiyini xatırladıb: “Daha heç kimə imkan vermədilər ki, xanım sənətçi ilə ünsiyyətə girsin. Gül dəstələrini aşağıdan yuxarıya uzatmalı oldular, müğənni də aşağı əyilərək minnətdarlıqla gülləri götürürdü. Amma ona bu möhnəti yaşadan DTK qarşısında borclu qalmırdı. Mikrofonla ucadan alt mənası hamıya aydın ifadələrini səsləndirdi - Tüm alkışlarınızdan, güzel çiçeklerinizden, sevgilerinizdən dolayı ben sizin önünüzde eyiliyorum, onların yok. Bu nasıl bir gün, ellerimiz ellerinize ulaşmıyor. Və bu sözlərin ardınca da hüznlü nəğmələr ifa etməyə başladı”.