Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə müvafiq qərarlarını ətraflı şəkildə nəzərdən keçirdikdən sonra bu qərarların praktiki həyata keçirilməsinə töhfə verəcək bir sıra tədbirlər müəyyən etməsi çox yaxşı təşəbbüsdür.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq-diplomat Fikrət Sadıqov deyib. O qeyd edib ki, bu, diplomatik sahədə atılan konkret adımdır:
“Mənə elə gəlir ki, təşkilat 7 bənddən ibarət bu təkilfləri normal qəbul edəcək. Çünki bu təşkilat dəfələrlə bizim ərazi bütövlüyümüzün tanıması, eyni zamanda Ermənistana qarşı çox ciddi sənədlər sənədələr qəbul edib. Əgər biz başqa təşəbbüslə çıxış ediriksə İƏT bu təşəbbüsü də normal qəbul etməli və müəyyən nəticələr çıxarmalıdır. Hər halda ən azı yeni prinsipial bir qətnamə qəbul edilməlidir. Qətnamə Ermənistana, onun işğalçı siyasətinə ünvanlanmalıdır. Bəlkə də Ermənistanın Azərbaycan torpaqlarını əsrin bir rübünə yaxın işğal altında saxlamasına görə ona embarqo tətbiq olunmalıdır. Bu, Azərbaycanın maraqlarına cavab verən yaxşı bir hal olar, müsbət bir vəziyyət yarana bilər”.
İƏT-in belə bir qətnamə qəbul etməsinin mümkünlüyünü qeyd etsə də, F.Sadıqov əlavə edib ki, təşkilat daxilindəki bütün ölkələrin bu çağırışa qoşulacağını güman etmir:
“İƏT-də Ermənistanla əməkdaşlıq edən İran, Suriya, bəzi digər ərəb ölkələri var. Hətta, Suriya artıq Abxaziyanı, Cənubi Osetiyanı diplomatik səviyyədə tanıyıb. Yəni, İƏT-də təşkilatın qətnaməsini qəbul etməyən ölkələr var. Amma onlar azlıq təşkil edir. Əksər dövlətlər bizim maraqlarımızı dərk edir və mənə elə gəlir ki, onlar müəyyən nəticə çıxarıb hansısa sənəd qəbul edə bilərlər. Çünki İƏT-də konsensus prinsipi yoxdur. Orda sənədlər səs çoxluğu ilə qəbul olunur”.
F.Sadıqov İƏT-də Azərbaycanın təkliflərinin qəbul edilməsindən sonra da sözügedən ölkələrin Ermənistanla münasibətlərinin səviyyəsinin aşağı düşəsəyini gözləmədiyini vurğulayıb:
“Mən bunu gözləmirəm. Çünki elə dövlətlər var ki, onlar Ermənistanla münasibətlərini bundan sonra da müəyyən səviyyədə saxlayacaq. Biz bunu bilirik. Ancaq söhbət ondan gedir ki, hər halda biz öz problemimizi qabardır, gündəmə çıxarır, konkret təkliflərimizi veririk və bunun ətrafında məsələləri müzakirə etməyə hazırıq. Əgər bizi çoxluq orda dəstəkləyirsə, hər halda mən əminəm ki, həmin çoxluq əvvəlkitək onlarla əməkdaşlıq etməyəcək. Məsələn, Səudiyyə Ərəbistanının indiyədək Ermənistanla diplomatik əlaqələri yoxdur. Bu, çox müsbət, maraqlı bir haldır. Çünki Səudiyyə Ərəbistanı islam dünyasında ən güclü dövlətlərdən biridir. Bu, öz-özlüyündə bir faktdır”.
Qeyd edək ki, sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Əlaqə Qrupunun 3-cü iclası keçirilib. İclasda çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov İƏT-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamə və qərarlarındakı tələblərə Ermənistanı əməl etməyə vadar etmək üçün 7 bənddən ibarət təkliflərlə çıxış edib.