ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent oktyabrın 9-10-da Azərbaycanda səfərdə oldu. Amerikalı diplomat Prezident İlham Əliyevlə görüşdü. Bundan sonra Corc Kent Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə bir araya gəldi. Kent səfərinin sonunda mətbuat konfransı keçirdi.
Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Corc Kent Bakıda Amerikanı maraqlandıran 4 mövzudan danışdı:
“Birinci mövzu enerji əməkdaşlığı barədə idi. Kentin sözlərindən bir daha aydın oldu ki, Vaşinqton Cənubi Qaz Dəhlizi layihəsini dəstəkləyir. “Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” enerji ehtiyat mənbələrinin şaxələndirilməsi yolu ilə enerji təhlükəsizliyini təmin edəcək” – bu Kentin Bakıda səsləndirdiyi əsas cümlələrdən biridir. Vaşinqtonun bu dəstəyini prezident İlham Əliyev də yüksək qiymətləndirir. İlham Əliyev Bakının bu dəstəyə görə Vaşinqtona minnətdar olduğunu Corc Kentə də bildirdi.
İkinci mövzu təhlükəsizliklə bağlı idi. Azərbaycanın Əfqanıstana verdiyi dəstək Vaşinqtonda yüksək qiymətləndirilir. Bu fikri amerikalı diplomatlar hər zaman Bakıda qeyd edirlər. ABŞ prezidenti Donald Tramp da İlham Əliyevə göndərdiyi məktublarda Əfqanıstan mövzusunu hər zaman xatırladır və buna görə Azərbaycana minnətdarlığını bildirir. Azərbaycanın Əfqanıstana verdiyi dəstək Azərbaycanla ABŞ arasındakı münasibətləri daha da yaxınlaşdırır. Corc Kent Bakıda regional təhlükəsizlikdən danışarkən Rusiya və İran mövzularına da toxundu.
Görünür, Vaşinqton hesab edir ki, bu iki dövlətdən Azərbaycana təhlükə var. Halbuki, keçmiş illərdən fərqli olaraq Azərbaycan Rusiya və İranla iqtisadi əlaqələrini genişləndirib, 3 dövlət birgə regional layihələr icra edirlər. Kent Xəzərin status ilə bağlı imzalanan sazişə münasibət bildirmədi.
O, mətbuat konfransında sadəcə dedi ki, bu məsələyə Azərbaycan rəsmilərinin münasibət bildirməsi doğrudur. Bu o deməkdir ki, Vaşinqton Rusiya və İranın imzaldığı Konvensiyaya şübhəylə yanaşır. Əks halda Kend deməliydi ki, Vaşinqton Xəzərin statusunun müəyyənləşməsini dəstəkləyir.
Sadəcə, işin içində Rusiya və İran olduğuna görə Vaşinqton sazişi dəstəkləyə bilməz. Rəsmi Bakı isə Xəzərin statusunu müəyyənləşdirən Konvensiyanı müsbət qiymətləndirir. Bunu İlham Əliyev Nazirlər Kabinetinin son müşavirəsində bildirdi”.
Elxan Şahinoğlu qeyd edib ki, üçüncü mövzu Dağlıq Qarabağa həsr edildi:
“Vaşinqton bölgədə müharibə olmasını istəmir. Corc Kentin sözlərindən məlum oldu ki, Vaşinqton Azərbaycan prezidentinin Ermənistanın baş naziri ilə Düşənbədəki görüşünü müsbət qiymətləndirib. Buna baxmayaraq, ABŞ Minsk Qrupunun həmsədri olaraq münaqişənin həlli üçün fəallaşmır. Kent də münaqişənin həlli ilə bağlı yenə heç nə demədi. Halbuki, Donald Tramp Azərbaycan prezidentinə, bir neçə ay sonra isə Ermənistanın baş nazirinə göndərdiyi məktublarda Vaşinqtonun münaqişənin həllində fəallaşacağına işarə vurmuşdu.
Politoloq qeyd edib ki, Azərbaycana Corc Kentdən sonra ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton gələcək: “Kent Bakıya gəlməklə Boltonun səfər proqramını müəyyənləşdirmiş oldu. Bəlkə Bolton Trampın Qarabağ münaqişəsinin həlliylə bağlı fikirlərinə aydınlıq gətirər”.