24 Dekabr 2018 20:14
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Layiqli və ləyaqətli siyasi lider İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli və mükəmməl idarəçilik strategiyası nəticəsində Azərbaycan ötən 15 ildə uğur salnaməsi yazmaqda davam edib, ölkəmizdə islahatların davamlılığı təmin edilib. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, iqtisadiyyatın struktur və keyfiyyət baxımından dərinləşməsi, dayanıqlı maliyyə ehtiyatlarının yaradılması, investisiya siyasətinin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, sosial infrastrukturun yenidən qurulması və digər kompleks islahatlar Azərbaycan iqtisadiyyatının inkişafını təmin edən başlıca ssenarilər olub”.

Teleqraf.com xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, siyasi elmlər doktoru, professor Vaqif Abdullayev bildirib.

O qeyd edib ki, dövlət başçısı İlham Əliyevin məharətlə idarə etdiyi siyasi hakimiyyət iqtisadi dayanıqlığı təmin etməklə daha etibarlı və layiqli həyat üçün möhkəm bünövrə qoyub:

“Azərbaycan Prezidentinə vətəndaşların yüksək inam və etibarınının əsas fəlsəfəsi, siyasi məzmunu onların sosial hüquqlarının etibarlı qorunması, dövlətin sosial təminatla bağlı irimiqyaslı layihələr həyata keçirməsi, insanlara həssas diqqət göstərməsi siyasətinin hər il gücləndirilməsidir. Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, əhatəli demokratik islahatların miqyasının genişləndirilməsi, söz və fikir azadlığının inkişafı, vətəndaşların mənafeyinin qorunmasına xidmət edən davamlı sosial proqramların həyata keçirilməsi, azad bazar iqtisadiyyatının təmin edilməsi Azərbaycanın tərəqqisini, nüfuzunu möhkəmləndirib. Azərbaycan vətəndaşının, sosial qrupunun, ictimai rəyin aktiv iştirakçısının, Azərbaycan seçicisinin dövlət başçısına, onun siyasi ideyalarının güclü platforması olan YAP-a möhkəm inamı, etibarı, etimadının çox güclü olmasının ən əyani sübutu 2003-cü ildən indiyədək keçirilmiş bütün seçkilərdə İlham Əliyevin ən yüksək səs faizi ilə möhtəşəm qələbələridir. Bu gün cəmiyyətdə formalaşmış dərin təsəvvür bundan ibarətdir ki, Azərbaycan ümümavropa məkanında ən təhlükəsiz, sabit, tolerant, sivilizasiyaların qovuşuğu, sülh və qarşılıqlı əməkdaşlığın məkanıdır. Azərbaycan Prezidenti dünyada ən qətiyyətli, praqmatik və uzaqgörən siyasi lider kimi qəbul olunmaqdadır. Ötən illərdə cənab İlham Əliyevin dünyanın ən nüfuzlu ictimai-siyasi, iqtisadi təşkilatlarının yüksək mükafatları ilə təltif edilməsi onun dünya şöhrətli lider olmasının əyani təzahürüdür”.

V.Abdullayev bildirib ki, Türkiyə, Rusiya, Fransa, Belarus, Gürcüstan, Bolqarıstan, Səudiyyə Ərəbistanı, Misir, Rumıniya, Yunanıstan, Ukrayna, İtaliya və digər ölkələrin, MDB-nin ən ali orden və medalları, mükafatları ilə təltif olunması Azərbaycanın dövlət başçısının dünyada sülh və humanizm, tolerantlıq, siyasi həmrəylik, dostluq və faydalı əməkdaşlıq sahəsində misilsiz genişşaxəli fəaliyyətinə qlobal miqyasda verilmiş yüksək qiymətdir. Dünyanın ən nüfuzlu nəşrlərindən olan “The Business Year” jurnalı cənab İlham Əliyev haqqında bir neçə məqalə dərc edərək, Azərbaycanın milli iqtisadi maraqlarının qorunmasında fədakar əməyinə dərin analitik siyasi qiymət verib. Bu günlərdə qardaş Türkiyənin 16 bölgədəki dərnək və 145 vətəndaş cəmiyyəti təşkilatının müştərək qərarı ilə İlham Əliyevin “İlin dövlət başçısı” seçilməsi azərbaycanlı liderin möhtəşəm fəaliyyətinə verilən ən yüksək dəyərdir”.

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, Azərbaycan Prezident İlham Əliyevlə yeni davamlı uğurlara və uzunömürlü xoşbəxt gələcəyə doğru irəliləməkdədir:

“Yeni intibah hədəflərinə çatmaq üçün əsas prioritetlər iqtisadi güc mənbələri, demokratik iqtisadi islahatlara söykənən siyasətin dərinləşdirilməsi və şaxələndirilməsi, təbii maddi qaynaqların dünya bazarlarına geniş tranziti, yaxşı hazırlanmış peşəkar insan resursları sayəsində kreativ idarəetmənin gücləndirilməsidir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər