31 Yanvar 2019 18:55
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət etmək üçün ilk növbədə insanın mənəvi haqqı olmalıdır. Rəsulzadə və onun silahdaşlarının başlıca amalı Azərbaycan dövlətçiliyinin qurulması və onun gücləndirilməsi olub. Bəs bu gün həmin o qaragüruh müxalifətin əqidəsi nədən ibarətdir? Azərbaycan dövlətçiliyinə zidd münasibət bəsləməkdən, dövlətçiliyi uçuruma aparmaq istəməkdən ibarətdir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O qeyd edib ki, onlar vaxtilə – 1992-ci ildə və 1993-cü ilin əvvəlində dövləti uçuruma aparıblar:

“İndi onlar hansı haqla gedib Rəsulzadənin abidəsini ziyarət edirlər? Adamın mənəvi haqqı olar. Bu gün Azərbaycan xalqının milli və dövlətçilik maraqlarına daban-dabana zidd olan adamların Azərbaycan dövlətçiliyi tarixində rolu olan hər hansı tarixi şəxsiyyətin abidəsini ziyarət etməyə heç bir mənəvi haqqı yoxdur”.

A.Hüseynov qeyd edib ki, digər tərəfdən radikal, qaragüruh müxalifətin haradan idarə olunduğu tam məlumdur:

“Azərbaycandan kənarda ölkəmizi istəməyən qüvvələr və erməni diasporundan maliyyələşən mərkəzlərin əlində alət olanların xalqın adından danışmağa heç bir mənəvi haqları yoxdur. Bu səbəbdən əlbəttə, onların arxasınca gedən olmayacaq. Niyə də getməlidirlər? Azərbaycan xalqı öz prezidentini seçib və bu gün prezidentin ətrafında sıx birləşərək böyük nailiyyətlər, uğurlar əldə edir. Bu gün hər bir sadə Azərbaycan vətəndaşı uğurlarımıza sevinir. Həmin uğurların əldə edilməsində iştirak edir. Bundan sonra da böyük nailiyyətlər əldə edilməsi əzmi ilə bugünki siyasətə dəstək verir. Azərbaycan iqtidarı, Prezident İlham Əliyev bütövlükdə öz fəaliyyətini Azərbaycan vətəndaşlarının rifah halının yüksəldilməsinə yönəldib. Əldə olunan nailiyyətlər göz önündədir. Dünyanın hansı ölkəsində iqtisadiyyat 15 il ərzində 3,3 dəfə artıb? Bu onun nəticəsindədir ki, xalq Prezident İlham Əliyevin ətrafında sıx birləşdi, əlbir oldu və nailiyyətlər əldə edildi. İqtisadi, siyasi, hərbi uğurlar əldə etdi”.

Qeyd edək ki, yanvarın 31-də bir sıra müxalifət partiyaları Abşeron rayonunun Novxanı kəndində Məmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə anım mərasimi keçiriblər. Abşeron rayon Polis İdarəsindən verilən məlumata görə, mərasimdə Azərbaycan Xalq Partiyası 3, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası 25, Müsavat Partiyası 125, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə 135 nəfər olmaqla ümumilikdə 288 nəfərlə iştirak ediblər. Halbuki, “Milli Şura” və digər qurumlar 10 gündən artıqdır sosial şəbəkələr və başqa vasitələrlə Məmməd Əmin Rəsulzadənin ildönümünü “möhtəşəm aksiyaya” çevirəcəklərini bəyan edirdilər. Bu faktın özü radikal müxalifətin nə dərəcədə miskin və acınacaqlı durumda olduğunu əyani şəkildə nümayiş etdirir. Bütün bunlar göstərir ki, Əli Kərimli, Cəmil Həsənli və digər radikal müxalifət başçılarının dedikləri ağ yalan və ictimaiyyətin çaşdırılmasına yönəlmiş ucuz təbliğatdan başqa bir şey deyil.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər