5 Fevral 2019 16:35
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tanınmış güneyli fəal Abbas Lisaninin yanvar ayının 15-i Təbriz məhkəməsində həbs olunması bizi ciddi narahat edir və bu həbsi güneyli fəalların gözünü qorxutmaq üçün təzyiq vasitəsi kimi qəbul edirik. İnsan hüquqları, söz azadlığı heç bir ölkənin daxili işi deyil və ola da bilməz. İnsanları fikirlərinə, düşüncələrinə və çıxışlarına görə həbs etmək demokratiyadan və humanizmdən kənar addımdır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib.

Onun sözlərinə görə, Abbas Lisaniyə ailə üzvləri və yaxınları ilə də görüşə icazə verilməməsi narahatlıq yaradır:

“Vəkillə təmin olunmaması, bütün məhkəmə instansiyalarında qanuni hüquqlarının pozulması yolverilməzdir və biz İran hakimiyyətindən Abbas Lisaninin azad olunmasını istəyirik.

Azərbaycan və İran dövlətləri arasında normal siyasi və iqtisadi əməkdaşlıq mövcuddur. Biz İran dövləti ilə dinc qonşuluq siyasətinin tərəfdarıyıq. Lakin soydaşlarımızın mədəni və siyasi hüquqlarının pozulmasına da seyrçi qala bilmərik və qalmayacağıq. İran dövlətini Azərbaycan türklərinə qarşı siyasi təzyiq metodlarını dayandırmağa, onların mədəni və siyasi hüquqlarını təmin etməyə, fundamental azadlıqlarından və hüquqlarından istifadə etmək üçün şərait yaratmağa səsləyirəm.

Azərbaycanda siyasi qüvvələrə, hərəkatlara və fəallara da güneyli soydaşlarımızı müdafiə etməyə, onlara sahib çıxmağa səsləyirəm. Xaricdə yaşayan soydaşlarımızdan bu məsələni aidiyyəti beynəlxalq təşkilatlar qarşısında qaldırmalarını xahiş edirik”.

Razi Nurullayev qeyd edib ki, ölkəmizdə də güneyli soydaşlarımıza dəstək məqsədilə ciddi təmərküzləşməyə və səfərbərliyə ehtiyac var:

“Biz yaxın zamanlarda bununla bağlı müəyyən addımlar atmaq niyyətindəyik və maraqlı qüvvələri də dəstək verməyə dəvət edirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər