“Dağlıq Qarabağ münaqişəsinin Münhen Təhlükəsizlik Konfransının gündəliyinə salınmaması tədbir təşkilatçılarının məsələyə ikili standartlardan yanaşmasının göstəricisidir”.
Bunu Teleqraf.com-a politoloq Elçin Mirzəbəyli deyib.
Ekspert münaqişənin Münhen Konfransının diqqətindən kənarda qalmasının başqa səbəblərini də izah edib:
“Hazırda dünyada təhlükəsizliyi təhdid edən müxtəlif faktorlar var. Bunlardan ən birincisi aqressiv separatizm və bunun nəticəsində ortaya çıxan münaqişələrdir. Ön planda yenə də işğal amili dayanır. Əgər Dağlıq Qarabağ münaqişəsinin həlli, yaxud Azərbaycan ərazilərinin işğal edilməsi faktoru Münhen Təhlükəsizlik Konfransının gündəliyinə salınmayıbsa, demək, bu, təşkilatçıların yanaşmasından irəli gələn məsələdir.
Təəssüf ki, bu yanaşma tərzi təkcə Mühhen Təhlükəsizlik Konfransına yox, digər beynəlxalq tədbir təşkilatçılarına da xas olan xüsusiyyətdir.
Onlar hesab edirlər ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olursa, bu, bilavasitə onların səlahiyyətində olan məsələdir və ayrı-ayrı platformalarda onun gündəmə gətirilməsi prosesin gedişatına mənfi təsir göstərə bilər. Əlbəttə, bu, absurd yanaşmadır. Belə yanaşmaların heç bir əsası yoxdur”.
Elçin Mirzəbəylinin sözlərinə görə, buna baxmayaraq, Azərbaycan istənilən platformadan istifadə edərək, torpaqlarının işğal altında olduğunu beynəlxalq ictimaiyyətə ünvanlaya bilir: “Yəqin ki, Azərbaycan Münhen Təhlükəsizlik Konfransın da bir daha öz mövqeyini dünya birliyinin diqqətinə çatdıracaq”.
Qeyd edək ki, 55-ci Münhen Təhlükəsizlik Konfransı 15-17 tarixlərində keçiriləcək. Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov açıqlama yayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin konfransın gündəliyində salınmadığını bildirib.