“Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlara hazır deyil”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Paşinyanın İrana səfəri zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib:
“Paşinyanın Tehranda “Ararat” idman-sağlamlıq kompleksində ermənilər qarşısındakı çıxışının mətni ilə tanış oldum. O, çıxışında növbəti dəfə dedi ki, “Mən Dağlıq Qarabağın əvəzinə danışa bilmərəm, Bakı birbaşa Qarabağ ermənilərilə ilə danışıqlar aparmalıdır”.
Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi iki görüşdən nəticə çıxmadığını belə izah edib: “Danışıqlarda nəticə yoxdur. Vasitəçilər mənə “hansı güzəştlərə hazırsınız” sualını ünvanlayanda onlardan soruşuram ki, Azərbaycan hansı güzəştlərə hazırdır? Biz o zaman bu suala cavab verəcəyik ki, birinci bu suala Azərbaycan cavab versin”.
Paşinyan Tehrandakı çıxışında müharibə ehtimalına da toxunub: “Kimsə düşünürsə ki, Qarabağ problemini güc yolu ilə həll etmək olar, kökündən yanılır. Bunu deyən anlamalıdır ki, qarşısında təkcə Ermənistanı yox, bütün dünya ermənilərini görəcək”.
Göründüyü kimi, bu adam danışıqlara hazır deyil, az qala qışqırır ki, məndən əl çəkin. Belə isə mənasız danışıqlarda vaxt itirməyin mənası varmı? Danışıqların imitasiyasından imtina edib doğru bildiyimiz yolla getməliyik”.
Elxan Şahinoğlu qeyd edib ki, erməni baş nazir Azərbaycanı dünyada yaşayan ermənilərin bir yumruq kimi işğal altındakı torpaqları “müdafiə” edəcəyi ilə qorxutmağa çalışır: “Halbuki mövcud durumu ondan yaxşı bilən eks-prezident Robert Köçəryan bu yaxınlarda dedi ki, Qarabağda müharibə gedəndə xaricdə yaşayan ermənilərdən barmaqla sayılacaq qədər könüllü gəlmişdi”.