“Rusiya Prezidenti Vladimir Putin ilk dəfə kiminsə tələbini yerinə yetirdi”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiya və Belarus prezidentləri arasında keçirilmiş son görüş haqda danışıb:
“Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə son görüşündə dedi ki, əgər iki ölkə arasındakı münasibətlərin ittifaq səviyyəsində qalmasını istəyirsənsə səfirini ölkəmdən rədd elə, başqasını göndər. Məsələ burasındadır ki, Rusiyanın Belarusdakı səfiri Mixail Babiç həqiqətən kobud şəkildə çalışdığı ölkənin daxili işlərinə qarışırdı.
Lukaşenko bir neçə dəfə səfiri kəskin tənqid etmişdi, ona yerini göstərmişdi. İlk dəfədir müşahidə edirəm ki, Putin kiminsə tələbini yerinə yetirir. Rusiya prezidenti bu gün verdiyi fərmanla Babiçi geri çağırararaq onun yerinə Federasiya Şurasının üzvü Dmitri Mezentsevi Belarusa səfir təyin edib. Lukaşenkonun bu nümunəsi göstərir ki, Kremli də geri addım atmağa məcbur etdirmək mümkündür”.