10 May 2019 19:24
1 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanda nasizmin təbliğ edilməsini etiraf etməsinin özü sensasiya adlana bilər. Uzun müddət Rusiya rəsmi dairələri Ermənistanda faşizm qəhrəmanlarının ideallaşdırılmasına göz yumurdular. Azərbaycanın bununla bağlı Moskvaya müraciətləri isə sadəcə olaraq susqunluqla qarşılanırdı. İlk dəfədir ki, Rusiya Ermənistanda bununla bağlı ciddi təbliğat işinin aparıldığını etiraf edir.

Bunu Teleqraf.com-a açqılamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, bunun özü Moskvada siyasi dairələrin Ermənistana münasibətdə gözünün açılamağa başladığını göstərir:

“Amma hesab edirəm ki, bu addımın növbəti addımlarını da atmaq lazımdır. Bu addımları atmaq o səbəbdən irəli gəlir ki, Ermənistanda qatı millətçilik ideologiyası hakimiyyətin aparıcı ideologiyasıdır. Həmçinin bu ondan irəli gəlir ki, Ermənistan cəmiyyəti ancaq onlara sərf edən addımlar atır. Bu gün Rusiyanı müttəfiq adlandırsa da, əlverişli şəraitdə Rusiyaya ilk düşmən olan da elə Ermənistanın özü olacaq. Bütün bunlara baxmayaraq bu gün Ermənistanla sıx dostluq əlaqələrinin saxlanması, Ermənistana vaxtaşırı iqtisadi və hərbi yardımın göstərilməsi, Rusiyada erməni diaspor dairələrinə böyük şərait yaradılması və onların Rusiya hakimiyyətinə ciddi təsir imkanları reallıq olaraq qalır”.

A.Mirzəzadə hesab edir ki, Rusiya bu məsələləri axıradək öyrənməlidir: “Ermənistanın fəaliyyəti təkcə nasizm ideologiyası daşıyıcılarının təbliği ilə bitmir. Onların Xocalı soyqırımını törətmələri, azərbaycanlılara, ümumilikdə türk dünyasına düşmən kimi baxmaları da buradan qaynaqlanır. İrqçilik onlar üçün adi normaya çevrilib. Onlar alman faşistləri kimi qonşu dövlətlərə qarşı ərazi iddiası ilə çıxış edirlər. Yəni, Rusiya bütün bunların hamısını görməlidir. Ümid etmək istərdim ki, Rusiya Xarici İşlər Nazirliyinin növbəti hesabatlarında və rəsmi şəxslərin açıqlamalarında məsələ hərtərəfli və obyektiv işıqlandırılacaqdır”.

Qeyd edək ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlaşdırılması, neonasizmin yayılması və onun müasir dövrdə təşviqinə imkan yaradan digər növlərinə, o cümlədən irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və bununla bağlı olan dözümsüzlüyə dair vəziyyət” adlı hesabat dərc edib. Hesabatda qeyd edilir ki, Ermənistanın keçmiş iqtidar partiyası – Respublika Partiyası Qaregin Njde kimi fəaliyyəti birmənalı olmayan, Üçüncü Reyxlə əməkdaşlıq etmiş siyasi xadimin xatirəsinin əbədiləşdirilməsinə dair addımlar atıb. Həmçinin, bildirilir ki, milliyyətçi mövqeyi ilə seçilən və 2018-ci ilin payızında siyasi partiya olaraq qeydiyyatdan keçmiş “Sasna Tsrer” partiyasının ideologiyasının əsasında Ermənistan Respublikasının “cinayətkar rus-türk müqaviləsi”nin (1921-ci il Moskva müqaviləsi) ləğvi və “yeni dövlətin yaradılması” üçün mübarizə dayanır. “Partiyanın məramları sırasında, həmçinin ölkənin mövcud ərazisi və Dağlıq Qarabağ da daxil olmaqla “yeni Ermənistanın yaradılması” və referendum yolu ilə vətəndən kənarda yaşayan ermənilərin birləşdirilməsi dayanır. Partiyanın proqramında “rus müstəmləkəçiliyi tərəfindən pozulmuş hüquqların bərpası” və “Naxçıvana və Axuryan çayının qərbində Ermənistanın səlahiyyətini” bərpa etmək də özünə yer tapıb”, – deyə hesabatda bildirilib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər