23 May 2019 20:29
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Əfv Təşkilatının bu bəyanatı əslində “Arsenal” klubunun erməni mənşəli oyunçusu Henrix Mxitaryanın Azərbaycana qarşı atdığı sırf erməni şovinistinə xas addımla təxminən bərabər səviyyədə dayanan qərəzli və qeyri-obyektiv bir mövqedir.

Bunu Teleqraf.com saytına açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O qeyd edib ki, Beynəlxalq Əfv Təşkilatının Azərbaycana münasibəti ənənəvi xarakter daşıyır:

“Ta 2010-2011-ci illərdən başlayaraq biz mütəmadi olaraq bu təşkilatın Azərbaycanla bağlı bəyanatlarında xüsusi bir yanlışlıq, qərəz və qisasçılıq görürük. Bu da ondan irəli gəlir ki, əvvəla bu təşkilatın siyasətini yönəldənlərin Azərbaycana münasibəti fərqlidir. İkincisi, bu təşkilat açıq şəkildə erməni lobbisinin maraqlarına xidmət edir. Əslində Beynəlxalq Əfv Təşkilatının bu bəyanatı UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununun həqiqətən siyasiləşdirildiyinə demək olar ki, sonuncu sübut oldu. Əvvəlcə Böyük Britaniya Xarici İşlər Nazirliyi bəyanat yaydı, onun ardınca bəzi beynəlxalq təşkilatların Azərbaycanda guya insan hüquqlarının pozulduğu ilə bağlı məsələləri müzakirəyə çıxarmaq cəhdləri müşahidə olundu, ardınca da Beynəlxalq Əfv Təşkilatının bu bəyanatı verildi. 2008-ci ildən, yəni Azərbaycana böyük neft gəlirləri daxil olmağa başlayandan Beynəlxalq Əfv Təşkilatı həm illik hesabatlarında, həm də bu cür əlamətdar hadisələrdə Azərbaycana qarşı belə qaralayıcı, pisləyici bəyanatları ilə seçilir. Bu bir növ ənənədir. Ona görə də Beynəlxalq Əfv Təşkilatının bu bəyanatı yox, əslində onun susa biləcəyi, bu hadisənin üstündən sükutla keçə biləcəyi bizi təəccübləndirməli idi. Amma gözlədiyimiz kimi təşkilat dilə gəldi və bəyanat verdi. Əslində mən gözləyirəm ki, Beynəlxalq Əfv Təşkilatı kimi başqa bir neçə belə təşkilat – “Artikl-19”, “Human Rights Watch” təşkilatı da Azərbaycanla bağlı belə qərəzli mövqedən çıxış edəcək və bəyanatlar yayacaqlar”.

A.Quliyev qeyd edib ki, ancaq onların mövqeyi məsələnin mahiyyətini dəyişmir:

“Azərbaycan idman yarışına tam şəkildə hazırlanır və əminik ki, dünya futbol azarkeşlərinə həqiqətən futbolun ləzzətini yaşada biləcək. Beynəlxalq Əfv Təşkilatının bəyanatı isə bu təşkilatın Azərbaycana münasibəti tarixində növbəti qara səhifələrdən biri kimi qalacaq”.

Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı (Amnesty İnternational) Azərbaycanda UEFA Avropa Liqasının final oyununun keçirilməsini pisləyib və bunu ölkədə insan haqlarının vəziyyəti ilə əlaqələndirib.


Müəllif: Səxavət Həmid