Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz geosiyasi proseslərdə çox düzgün mövqe tutur. Əlbəttə, bu zaman Azərbaycan xalqının və dövlətinin milli maraqları, dövlətçilik mənafeləri əsas götürülür.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin ölkəmizin strateji maraqlarının qorunması baxımından atdığı mühüm adımlardan birini də dünya dövlətləri ilə bərabərhüquqlu münasibətlərin qurulması, regionda sülhün təmin olunması istiqamətində səyləri, terrorçuluqla mübarizədə dövlət başçının birmənalı, qətiyyətli mövqeyi təşkil edir:
“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan beynəlxalq birliyin qlobal terrorçuluqla mübarizə səylərinə mühüm töhfələr verir. Eləcə də Azərbaycanın beynəlxalq hüquq normalarına hörmətlə yanaşması kimi prinsiplər ölkəmizin siyasi nüfuzunu yüksəldir. Həmçinin, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak etmək niyyəti Cənub Qaz Dəhlizi vasitəsilə artıq reallığa çevrilməkdədir. Azərbaycan etibarlı tərəfdaşdır. Bütün bu amillər, əlbəttə, Azərbaycanın siyasi nüfuzunu daha da artırır. ABŞ kimi böyük dövlətin müttəfiqinə münasibətini bu cür addımlarla bir daha səciyyələndirir. Başqa sözlə ABŞ tərəfindən Azərbaycana verilən önəmin daha bir sübutu olur”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp son bir həftə ərzində iki dəfə Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib. Bu amil ekspertlər tərəfindən dünyanın superdövlətinin başçısının Azərbaycanla münasibətlərə verdiyi önəmin göstəricisi kimi qəbul edilir.