10 İyun 2019 16:36
1 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində – Tərtər rayonu istiqamətində növbəti hərbi təxribata əl atıb. Nəticədə Azərbaycan əsgəri şəhid olub. Bu hadisə heç şübhəsiz ki, münaqişənin həlli prosesinə arxadan zərbə kimi qiymətləndirilə bilər. Çünki ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona elə bu yaxınlarda səfəri oldu. Həmin səfər öncəsi Ermənistan tərəfi təxribata əl ataraq, Silahlı Qüvvələrimizin mayoru Aqil Ömərov, indi isə hərbi qulluqçu Elşən Xəlilovu qətlə yetirdi. Bütün bunlar xarici işlər nazirlərinin gözlənilən görüşünün pozulmasına istiqamətlənmiş bir addımdır.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib.

Onun sözlərinə görə, belə bir görüş baş tutsa belə, məqsəd odur ki, fundamental məsələlər kənarda qalsın:

“Ermənistan hərbçilərinin işğal olunmuş ərazilərdən çıxarılması kimi əsas məsələlər müzakirə predmeti olmasın və danışıqlar məhz atəşkəsin bərpası istiqamətinə yönəlsin. Yəni, bütün enerji buna sərf edilsin. Ermənilərin əsas məqsədi budur. Eyni zamanda bu, Ermənistan siyasi rəhbərliyinin, Nikol Paşinyan iqtidarının münaqişənin həllində maraqlı olmadığının da göstəricisidir. Həm də onun təsdiqidir ki, Ermənistanda daxili gərginlik o səviyyəyə gəlib çatıb ki, bu gün Paşinyan üçün daxili auditoriyanı sakitləşdirmək həyati əhəmiyyətli məsələyə çevrilib. Artıq Paşinyana qarşı çox ciddi müxalifət formalaşmaqdıdır və bu müxalifət təkcə o revanşist qüvvələrdən, yəni hakimiyyətdən uzaqlaşdırdığı Sərkisyan, Köçəryan və ya onların müttəfiqi Bako Saakyandan ibarət deyil. Artıq bu müxalifət vaxtilə onu küçələrdə müdafiə etmiş xalq kütlələrindən formalaşmaqdadır. Paşinyan sosial bazasını çox sürətlə itirməkdədir. Belə olan təqdirdə o, hakimiyyətdən uzaqlaşdırdığı sələflərinin taktikasına əl atır. Yəni, belə gərgin situasiyalarda daxili auditoriyanın diqqətini Qarabağa yönəltmək və kompromissiz, güzəştsiz siyasətçi olduğu göstərmək istəyir. Bu gün belə bir tendensiya müşahidə olunmaqdadır”.

E.Nəsirov qeyd edib ki, bu hadisə həm də ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinin ifadəsidir:

“Ermənistan rəhbərliyində belə bir illüziya formalaşdı ki, o hər dəfə təmas xəttində təxribat törədə, atəşkəsi poza, Azərbaycan hərbçilərini hədəfə ala bilər. Eyni zamanda o, cəzasız qalacaq, beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupu onunla bağlı heç bir kəsərli addım atmayacaq. Yəni, artıq belə bir inam işartısı var və bu, çox təhlükəli tendensiyadır”.

Müsahibimiz daha sonra deyib:

“Azərbaycan Silahlı Qüvvələri heç zaman düşmənin təxribatlarını cavabsız qoymayıb. 2016-cı ilin aprelində də ordumuz onların həmləsinə əks-həmlə ilə cavab verdi və onları çox ağır məğlubiyyətə düçar etdi. İndi də təbii ki, Ermənistan tərəfinin bu cür təxribatçı hərəkətləri cavabsız qalmayacaq. Azərbaycan Ordusu hər zaman sözünü deyib, yenə də deyəcək”.

Bununla belə E.Nəsirov qeyd edib ki, hadisələr çox gözlənilməz ssenari üzrə inkişaf edə bilər:

“Bəli, Azərbaycan dövləti, dövlətimizin başçısı dəfələrlə qeyd edib ki, biz münaqişənin həllində sülh prosesinə sadiqik, münaqişənin dinc yolla həllini istəyirik. Ancaq belə təxribatçı hərəkətlər, cəbhə bölgəsində atəşkəsin pozulması nəticə etibarilə köhnələn münaqişənin böyük bir alova çevrilməsinə səbəb ola bilər. Sözün həqiqi mənasında Cənubi Qafqazda böyük bir müharibə alovu yaranmış olar ki, bunun da hansı fəlakətlər törədəcəyini hesablamaq elə də çətin deyil. Ona görə də yaranmış situasiyadan çıxış edərək söyləyirəm ki, bu, ilk növbədə ATƏT-in Minsk qrupu üçün çox ciddi siqnal olmalıdır. Hadisələr istənilən vaxt öz məcrasından çıxa və hərbi əməliyyatlar hər an başlaya bilər. Heç kim onun başlamayacağına təminat verə bilməz. Bir daha qeyd edirəm ki, aprel döyüşləri bu baxımdan böyük dərs oldu. Ermənistan tərəfi cəbhədə törətdiyi təxribatların çox ciddi cəzasını ala bilər. Ona görə də hadisələrin ən mürəkkəb ssenari üzrə inkişafına görə ilk növbədə Ermənistan dövləti və onun siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır. Təbii ki, ATƏT-in Minsk qrupu da dişsiz bəyanatlarına, qətiyyətsiz və prinsipal olmayan mövqeyinə görə çox böyük məsuliyyət daşıyır. Ümumiyyətlə, beynəlxalq ictimaiyyətin də üzərinə böyük məsuliyyət düşür. Onlar kənar müşahidəçi statusunda susqunluqla bu prosesləri izləməkdədir. Ona görə də hesab edirəm ki, indiki situasiyada bütün məsuliyyət qeyd etdiyim tərəflərin üzərinə düşür və ona görə də qarşı tərəf bundan nəticə çıxarmalıdır. Bir daha qeyd edirəm ki, bu hadisələrdən sonra təmas xəttində ən mürəkkəb ssenarilər işə düşə bilər”.


Müəllif: Səxavət Həmid