3 Sentyabr 2019 14:10
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 il bundan öncə, Gürcüstanın indiki Prezidenti Salome Zurabişvili Gürcüstanın Xarici İşlər Naziri vəzifəsinə təyin olunmuşdu. Fransada doğulmuş və Fransa vətəndaşı olan Zurabişvili vəzifəyə təyin olunan kimi, Gürcüstan üçün yeni kimlik qurmağa girişdi, müsahibə verməyə, məqalə yazmağa başladı. “Gürcüstan Güney Qafqaz deyil, Gürcüstan Avropadır” - bu, Zurabişvilinin 2004-cü ildən bu yana hər yerdə söylədiyi fikirdir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Erkin Qədirli qeyd edib.

O, Feysbuk səhifəsində Gürcüstan sosial mediasında yayılan foto paylaşaraq fikirlərini belə davam etdirib: “Bu ilin avqust ayında Fransaya səfəri zamanı Zurabişvili avropalıların öz dəyərlərindən və arzularından uzaq düşdüyünü, Gürcüstanın isə əsl Avropa milləti olduğunu söylədi. Ardınca da əlavə etdi: “Gürcüstan Avropaya can atmır, Gürcüstan elə Avropadır”.

Roma Papasından daha böyük katolik olmağa çalışdığı aydındır. Yayılan fotoda isə Gürcüstan Güney Qafqazdan ayrı, Qara dənizdə bir ada olaraq göstərilir. Bu, yəni Qara dəniz kimliyi, Zurabişvilinin 2004-cü ildə ortaya atdığı ilk ideya olub. Zurabişvili tək deyil”.

Erkin Qədirli vurğulayıb ki, Gürcüstanda həm siyasi, həm intellektual çevrələrdə, Gürcüstanın Güney Qafqaz kimliyi olmadığını iddia edənlər var: “Məqsəd, şəkildə məcazi mənada göstərildiyi kimi, Gürcüstanın həm Ermənistandan, həm də Azərbaycandan üstün olduğunu göstərməkdir. Gürcüstanda bunu gerçəkdən düşünənlər var.

Onlar hesab edirlər ki, Ermənistanla və Azərbaycanla qonşuluq Gürcüstanı geriyə atır, inkişafını çətinləşdirir və s. Ermənistanla işim yoxdur, amma Azərbaycanla bağlı gürcülərin belə yanaşması düşündürücüdür. Birincisi, Gürcüstanın bizim yerimizi verə biləcək alternativi yoxdur. Azərbaycan çox etibarlı tərəfdaşdır - Gürcüstanın enerji təhlükəsizliyini təmin edir, onun iqtisadiyyatına hamıdan çox pul yatırır, vergi ödəyir, infrastruktur qurur, iş yerləri açır və s. Bunun öz ölkəmiz üçün də faydası böyükdür. Biz də Gürcüstandan çox asılıyıq.

Gürcüstan bizim açıq dənizə çıxışımızdır, iqtisadi maraqlarımızın uzantısıdır. Odur ki, Gürcüstanla Azərbaycan arasında qarşılıqlı strateji asılılıq vardır. Bu ölkələrin heç birisi təklikdə müstəqil qala bilməz”.

Politoloq bildirib ki, Azərbaycan Gürcüstan üzərində olan maliyyə və enerji üstünlüyünü Gürcüstanın xarici siyasət seçimlərinə əngəl yaratmaq üçün istifadə etmir: “Müqayisə üçün, Rusiya - Ukrayna kontekstinə baxın. Əksinə, Gürcüstanla Azərbaycanın xarici siyasət seçimləri eynidir. Azərbaycan Gürcüstanda iqtisadi sabitliyin əsas təminatçısı kimi, Gürcüstanın ayaqda qala bilməsinə, Qərbə doğru getməsinə yardım edir. Burada ölkəmizin öz marağı da var.

Gürcüstanda keçirilmiş son rəy sorğusuna görə, sorğuda iştirak edənlərin yalnız 56%-i Azərbaycanın dost ölkə olduğunu söyləyib. Bu, çox narahatedici rəqəmdir. Müqayisə üçün, öncəki sorğularda ölkəmizin “dost” faizi 80-nin üzərində olurdu.

Bu, demokratiyanın mənfi yan təsirlərindən biridir. Demokratiya seçicilərin stereotiplərini siyasətə gətirir, populist siyasətçilər də onlardan istifadə edirlər. Qonşularmızda demokratiya gücləndikcə, oradakı seçicilərin bizə qarşı olan stereotipləri də güclənəcək. Buna hazır olmalıyıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər