3 Sentyabr 2019 20:58
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin “etimologiyası” ilə bağlı Nikol Paşinyanın “yeni tezisləri” Ermənistanın özündə belə məsxərəyə qoyulmaqdadır. Onun Azərbaycanın SSRİ-nin tərkibindən çıxması proseduru ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycan ərazisi olaraq işğal edilməsi faktı arasında paralel aparması və bu hadisələr arasında eyniyyət axtarması heç bir tənqidə dözmür.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisinin deputatı, YAP Beynəlxalq Əlaqələr Komissiyasınım katibi, politoloq Elman Nəsirov bildirib.

O, daha sonra deyib:

“Əvvəla, bu, bir həqiqətdir ki, SSRİ konstitusiyasına görə, müttəfiq respublikaların hər birinin, o cümlədən Azərbaycan və Ermənistanın da ittifaq dövlətinin tərkibindən çıxmaq hüququ var idi. Bu hüquqdan da istifadə olundu. Həmin konstitusiyada muxtar respublika və vilayətlər anoloji hüquqa malik deyildilər. Belə bir hüququn olmadığı reallıqda hər hansı bir muxtar subyektin “müstəqillik” sevdası separatizm kimi hüquqi qiymətini alırdı və cəzalandırılırdı. Eyni məntiqlə, Azərbaycan daxilindəki heç bir muxtar qrumun, o cümlədən DQMV-nin həm ölkə, həm də SSRİ qanunvericiliyinə görə ayrılmaq və müstəqilliyini bəyan etmək hüququ yox idi. DQMV-ni belə bir hüquqla təmin edən hər hansı sənəd varsa, Nikol Paşinyan onu üzə çıxarsın. Bu mümkün deyil, çünki belə bir sənəd yoxdur”.

E.Nəsirov bildirib ki, Ermənistanın baş nazirinin populist və təxribatçı bəyanatları yeni aranjimanda təqdim olunmaqdadır. O qeyd edib ki, “Dağlıq Qarabağ elə Ermənistandır. Nöqtə” kimi sərsəm bəyanata imza atan Nikol Paşinyan bu dəfə xalqların özmüqəddəratını təyinetmə hüququndan bəhs edərkən “Qarabağ xalqı” ifadəsi işlədir və titullu xalq axtarışına çıxır:

“Bu absurd mövqenin daşıyıcısının nəzərinə çatdırım ki, “Dağlıq Qarabağ xalqı” ifadəsi siyasi avantüradan başqa bir şey deyil. Dağlıq Qarabağın azərbaycanlı və erməni icması var. Ermənilər isə bir xalq olaraq özmüqəddəratını təyin ediblər. Vassal və sattelit olsa da, bir siyasi subyekt yaradıblar. İkinci erməni dövləti yaratmaq onların xülyasıdır”.

E.Nəsirov onu da bildirib ki, münaqişənin həlli imkanları ilə bağlı Prezident İlham Əliyevin son dərəcə qətiyyətli, prinsipial və dəyişməz mövqeyi var:

“Həmin mövqeyə görə Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağın ermənilərinə respublikamızın hüdüdları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir. Azərbaycan üçün bu çərçivədən kənarda hər hansı bir həll yolu qəbuledilməzdir. Ermənistanın nicatı bu mövqeni sonadək tanımasından və qəbulundan keçir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər