4 Sentyabr 2019 20:15
1 833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ermənistan münasibətlərində gərgin mərhələ yaşanır. Rusiya lideri Putin Ermənistan Baş naziri Nikol Paşinyanın göstərişi ilə həbs edilən sabiq prezident Köçəryanı 65 illik yubileyi münasibətilə təbrik edir, Yerevan isə Putinə münasibətdə radikal mövqedə olan Aleksey Şişkinə siyasi sığınacaq verir. Tərəflərin gərgin münasibətləri artır, media və ictimai sektora yansıyır, yeni erməni hökumətinin siyasi oriyentasiyanı Avropa istiqamətində dəyişməsinin rüşeymləri görünür.

Teleqraf.com bu mövzuda sabiq dövlət müşaviri, politoloq Rasim Ağayevlə müsahibəni təqdim edir:

- Rasim müəllim, Ermənistan-Rusiya münasibətlərinin indiki durumunu necə qiymətləndirirsiniz?

- Rusiya-Ermənistan münasibətləri bir müddət bu şəkildə davam edəcək. Çünki Rusiya özü vaxtında Ermənistana uduzdu. Zamanında Moskva Qarabağ hadisələrinə, erməni ekspansiyasına düzgün qiymət versəydi, yəni erməniləri yerində oturdub elan etsəydi ki, bu ərazi Azərbaycanındır, indi Rusiyanın başı ağrımazdı. Rusiya faktiki olaraq, Cənubi Qafqazda problemlə üzləşib. Rusiyanın Azərbaycanla münasibətləri yaxşıdır, ancaq Moskva ermənilərə silah, siyasi dəstək verib və bunun nəticəsində Qarabağ əlimizdən çıxıb. İndi də Ermənistana Rusiyaya ona görə lazımdır ki, ehtiyac olanda Gürcüstan, Azərbaycan və ya Türkiyənin qarşısına çıxarıb təzyiq vasitəsi kimi istifadə etsin. Bu oyunda Ermənistan Rusiyaya böyük köməklik edə bilər. Daha dəqiqi, Moskvada belə düşünsələr də, unudurlar ki, Ermənistan həmişəki kimi öz oyununu oynayır. Bizə tarixə qayıtsaq, görərik ki, ermənilər vaxtilə türkləri satıblar. Baxmayaraq ki, onlar Türkiyənin vətəndaşları idi, türk ordusunun başında erməni generallar oturmuşdu, ermənilər Türkiyədə aparıcı qüvvə idi , amma nədənsə qəfildən satqınlıq siyasəti yürütdülər və düşündülər ki, Rusiya Türkiyəni parçalayıb yarısını ermənilərə bağışlayacaq. Düzdür, kiçik, Ermənistan Respublikası yarandı, ermənilər ora köçdü. İndi Ermənistanın əhalisi çoxaldıqca qaçıb gedirlər Rusiyaya. Putinin dediyinə görə, ermənilər Rusiyada daha çoxdur, nəinki Ermənistanın özündə. Amma buna rəğmən, ermənilər də öz oyununu oynayır.

- Demək istəyirsiniz ki, indi də ermənilər eyni satqınçılıq siyasətini Rusiyaya qarşı aparmağa çalışır?

- Tamamilə eyni siyasəti ermənilər ruslara qarşı aparırlar. Bəli, ermənilər bunu açıq etmirlər, amma Rusiya ilə başqa cür danışırlar. 1918-1920-ci illərdə ermənilər faktiki müstəqil respublika yaratmışdılar, regionda aparıcı qüvvəyə çevirilmək istəyirdilər, Avropadan onlara ciddi dəstək var idi. Sadəcə Lenin inqilabı situasiyanı dəyişdi. Bunu niyə deyirəm? Dediklərim tarixdir və tarix bizim üçün aynadır. Biz aynaya baxıb harada səhv etdiyimizi görürük. İndi bu regionda hansı hadisələrin baş verəcəyini bilmək olmur. Keçmişi yada salsaq da, gələcəkdə nələrin olacağını bilə bilmərik. Yalnız proqnoz verə bilərik, amma qəfil proseslər ortaya çıxır. Bu mənada vəziyyətin haraya qədər inkişaf edəcəyini görmək olmur. O aydındır ki, tarix erməniləri düzəltməyib. Onlar öz ideyalarında qalırlar. Yenə də düşünürlər ki, Türkiyənin yarısını, Azərbaycanı bütövlükdə alsınlar, Gürcüstanı yerində oturtsunlar və istəklərinə çatsınlar. Yəni burada liderlik etsinlər. Az qala Türkiyə, İran, Rusiya ilə bərabər hüquqlu danışıqlar aparacaq qədər güclü olmaq istəyirlər. Bu da Rusiyanı açmır. Rusiyanın maraqları tələb edir ki, bu regionda bir neçə qüvvə olsun, onlar bir-biri ilə rəqqabət aparsınlar və Moskvadan da silah alsınlar. Ermənilər ağıllı və bacarıqlı millətdir, amma tarixi yaddaşlarını dəyişdikləri üçün xülyalara inanmaqda davam edirlər.

- Ermənistan-Rusiya münasibətlərində maraqlı tendensiyalar müşahidə edilir. Putin Yerevanda həbsdə olan Köçəryanı ad agünü münasibəti ilə təbrik edib, Paşinyan isə Aleksey Şişkini Ermənistana gətirərək ona siyasi oturum verib...

- Bunlar oyunlardır. Nəzərə alın ki, heç kim həqiqətdən qaça bilməz. Əvvəl Moskva Yerevanda oturmuşdu, lazım gələndə Azərbaycana dayan deyirdi, ehtiyac olanda isə Ermənistanı yerində oturdurdu. İndi bu aradan qalxıb. Paşinyan Moskvaya gedəndən sonra bir az dəyişildi. Çünki ona dedilər ki, çaşma, ordumuz oradadır və lazım olanda səni hakimiyyətdən uçurdarıq. Yəni bunlar siyasi oyunlardır. Ermənilər də yaxşı anlayır ki, vəziyyətləri pisdir. Sadə erməniyə yemək lazımdır, ermənilər ölkədən qaçır. Bu saat bilmək olmur ki, Ermənistanda erməniləri sayı nə qədərdir, Rusiyada nə qədərdir? Özləri deyirlər ki, sayı dəqiq demək olmur, çünki müharibədir və s. Əslində bu, bəhanədir. Bəyəm Ermənistan Çin və ya Hindistandır ki, əhalini saya bilməsin? Ermənistanda 1,5 milyon əhali var, bunun da 500-600 mini daima Rusiyaya gedib-qayıdan şəxslərdir.

Mən deməzdim ki, Paşinyan tam olaraq Moskvanın nəzarətindədir. Amma aydındır ki, Paşinyan da, ondan sonra hakimiyyətə gələcək şəxslər də Rusiyanın nəzarəti altında olacaq. Çünki Rusiya bu nəzarəti itirsə, onda gedib Maykop şəhərində dayanmalıdır. Yəni Şimali Qafqaza qayıtmalı, Cənubi Qafqazdan çıxmalıdır. Rusiya Gürcüstandan gedib, Azərbaycanda da yoxdur. Ancaq hərbi bazaları Ermənistanda qalıb. Rusiyanın Yaxın Şərqdə yeganə hərbi bazası da Suriyadadır. Əgər bu bazalar Suriyadan çıxarılsa, deməli Rusiya nəhəng dövlət statusu ilə vidalaşır. Çünki Rusiya donanması Suriya vasitəsilə Aralıq dənizində təchizatını həyata keçirir. Suriyadan çıxmaqla Rusiya dünya okeanında donanmasız qalır, deməli nəhəng və qlobal dövlət statusunu əldən verir. Odur ki, ruslar Suriyada çox aktivdir. Eləcə də bu regionda yeganə hərbi bazaları Ermənistanda olduğu üçün Moskva Yerevandan ikiəlli yapışıb və onu buraxmayacaq.

- Paşinyan Rusiyanın nəzarətindən çıxmaq istəyirmi?

- Sözsüz ki, çıxmaq istəyir. Paşinyanın naşı olmasını göstərən fakt odur ki, indiki vəziyyətdə xalqa deyir, biz müstəqilik, Rusiya öz işi ilə məşğul olsun. Sən hara gedirsən, qapında rus ordusu dayanıb? Rusiya heç vaxt Ermənistanı əlindən buraxmaz. O başqa məsələdir ki, sabah Rusiyanın daxilində vəziyyət dəyişər, hakimiyyətə yeni qüvvələr gələr və bu halda bəlkə də ermənilər nəzarətdən çıxa bilər. Rusiyada belə qüvvələrin hakimiyyətə gəlməsi ehtimalı isə görünmür.

- Hazırda Ermənistan və Rusiya arasında konkret hansı problem var?

- Problem odur ki, Ermənistanın əsas siyasi qüvvələri çalışırlar ki, Rusiyadan uzaqlaşsınlar. Bu qüvvələr ABŞ və Avropa ilə əlaqələri genişləndirərək, Gürcüstanın arxasınca getmək istəyirlər. Üstəlik Ermənistanda ABŞ çoxdan oturub. ABŞ-ın dünyada ən böyük səfirliklərindən biri Yerevanda qurulub.

İndiki erməni hakim elitasına qarşı altrenativ kimi “Qarabağ klanı” deyilən qüvvə çıxa bilər. Amma ermənilər bu klanı sevmir. Mən ötən il Tbilisidə erməni siyasətçilərlə görüşdüm. Hələ 1990-cı illərdə onlarla mübahisəm olurdu. Yəni tanışlıq olduğuna görə, səmimi söhbət alındı. Onlar açıq-aşkar deyirdilər ki, bunların hamısı müvəqqətidir və Ermənistanda vəziyyət dəyişəcək. Bildirirdilər ki, Moskva heç yerə getməyib, sadəcə başı qarışıqdır. Ermənilər axı Moskvadan imtina edərək, hara gedə bilər? Sözsüz ki, indi Rusiya Ermənistandakı müəyyən qüvvələri Paşinyan əleyhinə fəllaşdırır. Köçəryanın həbsinə də bu prizmadan baxmaq lazımdır. Çünki sabah Paşinyan hakimiyyətdə özünü daha rahat hiss edə bilsə, dərhal dönəcək. Amma ermənilər də Rusiyanın maraq və məqsədlərini yaxşı başa düşürlər. Əslində Ermənistanda siyasi və sosial qüvvələr arasında Rusiyaya əvvvəlki maraq itib. Sadə erməni xalqı sırasında həqiqi ruspərəstlik çox güclü olsa da, yeni siyasi qüvvələr, gənclər birbaşa Qərblə bağlıdır. Bu da reallıqdır. İndi Ermənistanda bu qüvvələr arasında dartışma gedir. Ruslar da çalışır ki, Ermənistandakı maliyyə imkanlarından istifadə edərək orada özlərinə bağlı olan qüvvələri gücləndirsinlər. Amma Rusiyanın Ermənistana təsiri əvvəlki kimi deyil, çünki Ermənistan da artıq əvvəlki Ermənistan deyil. Əslində yeni qüvvələr Rusiya ilə məcburi münasibətləri zəiflətdilər. Nəzərə alın ki, Ermənistanda yeni nəsil, 40 yaş altında olan ermənilər Rusiya ilə əvvəlki münasibətlərə qayıtmaq istəmir. Amma ruslar belə oyunlarda təcrübəlidirlər, Rusiya dünənki dövlət deyil. Üstəlik Ermənistanla tarixi əlaqələri var, orada agenetura şəbəkəsi güclüdür, Rusiya kəşfiyyatı zamanında Yerevanda oturub Qarabağ ssenarisini oradan idarə edir.


Müəllif: Cavad

Oxşar xəbərlər