1917-ci ilin oktyabr ayında inqilabın başa çatmasıyla qurulan SSRİ-nin dövlət başçısı olan Vladimir Lenin respublika və xalqlara gizli nəzarəti həyata keçirmək üçün ÇEKA-nı (“Gizli polis” və ya SSRİ kəşfiyyat idarəsi) qurdu.
Teleqraf.com xəbər verir ki, polyak aristokrat Feliks Dzerjinskinin rəhbərlik etdiyi ÇEKA 1918-1920-ci illərdə minlərlə insanı qanunsuz olaraq həbs edib işgəncələrə məruz qoyaraq qətlə yetirib.
ÇEKA “qırmızı terror” adlandırılan bu dönəmdə Sovet-rus kəşfiyyatının geniş istifadə etdiyi, qurbanın boynunun arxasından bir güllə ilə vurularaq, öldürüldüyü qısamüddətli edam üsuluna üstünlük verirdi.
ÇEKA, OQPU və ya NKVD
1923-cü ildə hələ də Dzerjinskinin rəhbərliyində olan ÇEKA SSRİ Xalq Daxili İşlər Komissarlığının (NKVD) çətiri altında OQPU (Birləşdirilmiş Dövlət Siyasi İdarəsi) adıyla yenidən təşkilatlandı. OQPU Sovet tarixində nadir hallarda rast gəlinən kütləvi təmizləmənin aparılmadığı və milyonlarla etnik azlığın sürgünə göndərilmədiyi bir dönəmdə fəaliyyət göstərib. Lakin OQPU 1955-ci ilədək yüz minlərlə günahsız insanın həyatını itirdiyi fəhlə düşərgələrinin (QULAQ) qurulmasına rəhbərlik etmişdi.
ÇEKA və OQPU-nun qurucusu olan ‘‘Dəmir Feliks’’ ləqəbli Dzerjinski Sovet kəşfiyyatının direktoru üçün nadir görünən bir formada, 1926-cı ildə solçular haqda Mərkəzi Komitəyə donos yazdıqdan sonra ürək infarktı keçirərək öldü. Feliks Dzerjinskinin dönəmində OQPU müxaliflər və təxribatçılarla yanaşı, Rus Pravoslav Kilsəsinə qarşı kəskin addımlar atmışdı.
Kirov sui-qəsdi
Əvvəkilərdən fərqli olaraq, NKVD-nin qurulması birbaşa SSRİ lideri İosif Stalinin fikri idi. NKVD-nin qurulması Stalinin Kommunist Partiyasının idarəçiliyində təmizləmə işi aparmaq və xalqları qorxutmaq məqsədilə həyata keçirdiyi Sergey Kirov sui-qəsdi ilə eyni vaxta təsadüf edir. 1934-cü ilin dekabr ayında Kirov cinayətində ittiham olunan 1000 nəfər NKVD tərəfindən güllələnərək qətlə yetirilib. Bundan başqa,
NKVD 1934-1946-cı illər arasında milyonlarla insanı həbs etmiş, qətlə yetirmiş, milyonlarla günahsız insanı QULAQ-lara göndərmiş və SSRİ miqyasında etnik azlıqların öz yerlərindən köçürülməsini həyata keçirmişdi.
KQB-nin ortaya çıxması
NKVD komissarı olmaq təhlükəli iş idi. Məsələn, 1938-ci ildə Henrix Yaqoda, 1940-cı ildə isə Nikolay Yejov həbs olunaraq güllələnmişdi. Stalinin ölümündən sonrakı dönəmdə başlayan hakimiyyətdaxili savaşda Lavrenti Beriyanın da başına eyni olay gəldi. 1953-cü ildə həbs olunan Beriya güllələnir.
İkinci Dünya Müharibəsindən sonrakı dönəmdə Beriya ayrı-ayrı adlar (MQB və NKQB) və təşkilatlar vasitəsilə dəyişiklik prosesi keçən Sovet təhlükəsizlik sisteminə rəhbərlik etmişdi. Stalinin ölümündən sonra SSRİ-nin kəşfiyyat və gizli təhlükəsizlik xidməti SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (KQB) adlandırıldı.
Qərbdəki qorxunc populyarlığına baxmayaraq, KQB əslində Şərqi Avropa dövlətlərinin siyasi hakimiyyətlərini nəzarətdə saxlamaq, Qərbi Avropada kütləvi etirazlar formalaşdırmaq və ABŞ-ın hərbi sirələrini ələ keçirmək yönündə fəaliyyət göstərirdi. Sovetin gizli kəşfiyyatının zirvəyə qalxdığı dönəm SSRİ-nin öz nüvə proqramını genişləndirmək üşün Qərbdən olan elm adamlarını rüşvətlə ələ aldığı, İkinci Dünya Müharibəsinin başa çatmasından sonra KQB-nin qurulduğu dönəmə təsadüf edir.
Amerika kəşfiyyatı ilə marafonda
KQB-nin ən böyük uğurları 1956-cı ildə Macarıstanda baş verən inqilab, 1968-ci ildə Çexoslovakiyada “Praqa baharı”nın qarşısının alınması və 1970-ci illərin sonlarında Əfqanıstanda kommunist rejimin iqtidara gəlməsi ilə bağlıdır. Bütün bu proseslər fonunda KQB və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Anqola və Nikaraqua kimi üçüncü dünya ölkələrində casusluq, təbliğat, dezinformasiya, gizli silah satışı və seçkilərə müdaxilə istiqamətində yarışa girmişdi. Həmin dönəmdə bir çox olaylar gizli saxlanılsa da, hər iki tərəf ağır itkilər vermişdi. SSRİ-nin dağılmasından sonra KQB-nin arxivinin möhürlənməsi həmin olayların gün işığına çıxmasına imkan vermədi.
SSRİ daxilində KQB-nin müxaliflərə qarşı yürütdüyü siyasət hökumət tərəfindən müəyyən olunurdu. Lakin 1964-cü ildə Leonid Brejnevin iqtidara, Yuri Andropovun isə 1967-ci ildə KQB-nin başına gətirilməsi ilə vəziyyət tamam əks istiqamətə döndü. Andropovun rəhbərlik etdiyi KQB 55 yaşlı yazıçı Aleksandr Soljenitsını “İvan Denisoviçin bir günü” romanı Qərbdə yayımlandıqdan sonra həbs edərək, həftələrdə dindirmiş və SSRİ-dən qovmuşdu.
“Qırmızı kabus”un qaranlıq sonu
Göründüyü kimi, KQB əks-inqilabın önündə dayanmışdı. 1990-cı ilin sonlarında dönəmin KQB rəhbəri Vladimir Kryuçkovun Sovet elitasının ali zümrəsini prezident Mixal Qorbaçovu istefaya göndərməyə və fövqaladə hal elan etməyə razı salmaq səyləri uğursuz oldu. Bundan sonra o, sui-qəsd şəbəkəsini işə saldı. Silahlı qüvvələr tanklarla Moskvada yerləşən parlament binasına basqın etdi. Lakin dönəmin dövlət başçısı Boris Yeltsin müqavimət göstərərək qiyamın qarşısını aldı.
Bu olaydan 4 ay sonra SSRİ-nin dağılması ilə KQB də arxivə göndərildi.