28 Sentyabr 2019 09:01
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jak Şirak dünya siyasətində mühüm şəxsiyyət olub, özünəməxsus yer tutub. Eyni zamanda Fransa prezidenti olan şəxslər içərisində ən qatı ermənipərəst prezident də Jak Şirak olub. Dağlıq Qarabağdakı separatçı prosesiləri, erməni avantürasını Şirak dəstəkləyirdi.

Bu fikirləri Teleqraf.com-a sabiq dövlət müşaviri, professor Qabil Hüseynli ötən gün vəfat edən Fransanın sabiq prezidenti Jak Şirak haqqında danışarkən deyib.

Qabil Hüseynli əlavə edib ki, SSRİ Prezidenti Qarbaçovun iqtisadi məsələlər üzrə müşaviri Aqenbekyanın Parisə səfər etməsi və orada Fransa kommunistlərinin qəzetinə “Dağlıq Qarabağ daha çox Ermənistanla iqtisadi əlaqələrə malikdir, nəinki Azərbaycanla” xarakterli müsahibəsi də təsadüfi deyildi.

Həmin dövrdə Jak Şirak səhv etmirəmsə Fransanın baş naziri idi. Yəni cənab Şirak o dövrdə Qarabağdakı ayrılıqçı proseslərə müqavimət göstərmədi. Əksinə “Ermənistan bizim kiçik qardaşımızdır” fikrini işlədən məhz prezident Şirak oldu.

Fransızlar adətən millətçi olur. Jak Şirak həddən artıq millətçi, eyni zamanda vəzifəpərəst idi. Məhz bu səbəbdən onun göz qamaşdıran siyasi karyerası olub. İki dəfə prezident vəzifəsinə seçilib, bundan əvvəl iki dəfə Fransa baş naziri postunu tutub, eyni zamanda uzun illər Paris şəhərinin meri olub.

Prezidentlikdən getdikdən sonra isə uzun illər Fransa Konstitusiya Şurasının üzvü oldu. Amma təəssüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Şirak ciddi cəhdlər etmədi. Əksinə, o, ermənilərə müəyyən mənada dəstək verib”.

Qabil Hüseynli əlavə edib ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk dəfə 1994-cü ildə Fransaya rəsmi səfər edib: “O zaman mən də nümayəndə heyətinin tərkibində təmsil olunurdum. Həmin səfər zamanı Şirak Parisin meri vəzifəsini tuturdu. Mərhum Heydər Əliyev Fransa səfəri zamanı bu ölkənin prezidenti Fransua Mitteranla müzakirələr apardı, eləcə də Senatın sədri ilə görüşdü.

Bundan sonra səfər çərçivəsində fransalı iş adamları ilə toplantı oldu, onları Azərbaycana investisiya qoymağa dəvət etdi. Eyni zamanda Fransada yaşayan azərbaycanlılarla görüş keçirildi. Həmin səfərin protokolunda Paris meri olan Şirakla görüş nəzərdə tutulmamışdı”.


Müəllif: Cavad

Oxşar xəbərlər