Rəfael Cəbrayılov Milli Məclisə müraciət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə parlamentin Hüquq siyasəti və dövlət qoruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Komitə sədri bildirib ki, Rəfael Cəbrayılovun müraciəti mandatından imtina etməsi ilə bağlıdır.
Rəfael Cəbrayılov müraciətində seçicilərdən, xalqdan və deputatlardan üzr istəyib.
Ə.Hüseynli deyib ki, konstitusiyaya uyğun olaraq deputat mandatdan özü imtina edib: “O, eyni zamanda həm seçicilərdən, həm deputat həmkarlarından, həm də cəmiyyətdən üzr istəyərək istefa vermək qərarına gəlib. Protokol qaydasında qərar Mərkəzi Seçki Komissiyasına göndərilir. Seçki Məcəlləsinə uyğun olaraq MSK deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul edir”.
Xatırladaq ki, Rafael Cəbrayılov yazılı iltizamla deputat mandatını girov qoyaraq, AG Bankdan 600 min ABŞ dolları kredit götürüb. O, qanunvericiliklə qadağan olduğu halda sahibkarlıq fəaliyyəti ilə məşğul olub və millət vəkilinin nüfuzunu zədələyib.
Rafael Cəbrayılov borcunu qaytarmadığına görə Fətəliyeva Təranə Rasim qızı tərəfindən məhkəməyə verilib. Abşeron Rayon Məhkəməsi 15 fevral 2019-cu ildə iddiaçının xeyrinə qiyabi qətnamə qəbul edib.
Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.