30 Sentyabr 2019 19:55
2 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının neft emalı zavodlarına İranın zərbə endirdiyinə dair heç bir sübut yoxdur. Nə Səudiyyənin, nə də digər ölkələrin əlində dəlil var. Onların sübutlarının gücü vaxtilə ABŞ-ın Dövlət katibi Kolin Pauelin BMT Təhlükəsizlik Şurasında İraqa hücumdan əvvəl silkələdiyi ağ tozlu kolbadan uzağa getmir. Bu isə dəlil deyil, böhtandır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

Onun sözlərinə görə, Səudiyyənin neft emalı zavodlarına zərbəni husilər endirib: “Ola bilsin, İranın onlara verdiyi dronlar vasitəsilə vurulub, amma istənilən ölkə kiməsə silah veribsə, onun necə işlədilməsinə görə məsuliyyət daşıya bilməz. Digər tərəfdən, Səudiyyə Ərəbistanı beynəlxalq hüququ pozub Yəmənə qarşı təcavüz təşkil edirsə, belə ehtimalı da nəzərə almalıdır ki, ona əks zərbə endirə bilərlər. Onlara da belə güclü və həssas zərbə endirilib”.

Zərdüşt Əlizadənin fikrincə, İrana qarşı yönəldilən hədə kampaniyasının arxasında nə isə dayanmır: “Əs-Səud öz hakimiyyətini itirmək istəmirsə, real əməliyyat aparmaq Səudiyyənin gücü xaricindədir”.

İrana qarşı mümkün addımlara gəlincə, politoloq hesab edir ki, ABŞ-a bölgədə endiriləcək zərbə Tramp və administrasiyasının dözə biləcəyi həddən xeyli yüksəkdir.

Zərdüşt Əlizadə vəliəhd şahzadə Məhəmməd bin Salmanın İrana qarşı qəti addım atılmazsa, neftin qiymətinin fantastik həddə yüksələcəyinə dair proqnozunu belə şərh edib: “Neftin qiyməti indikindən yuxarı qalxmayacaq. Neftin kəmiyyəti tələb-təklif qanunu ilə işləyir və bazarda çox yüksəkdir. Tələb adi səviyyədə, təklif isə həddən artıq böyükdür. Ona görə də qısamüddətli yüksəlişdən sonra neft təxminən əvvəlki qiymətinə qayıtdı”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər