4 Noyabr 2019 20:44
1 691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Real Partiyası qurultaya getmək haqqında qərar verib. Qərara əsasən, partiyanın İdarə Heyəti və Məclisi buraxılıb, qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. Sosial şəbəkələrdə partiya sədri İlqar Məmmədov tərəfindən verilən qərar müsbət qarşılanıb, xüsusilə müstəqil siyasətçilər bəyan ediblər ki, bu dövrdə partiyanın adından İlqar Məmmədov istisna olmaqla heç kim danışmayacaq.

Teleqraf.com mövzu ilə bağlı Real Partiyasının keçmiş təşkilat katibi Natiq Cəfərli ilə söhbətləşib.

- Natiq bəy, Real Partiyasının İdarə Heyəti və Məclisi buraxılıb. İndi keçmiş İdarə Heyəti üzvlərinin partiya adından danışmaq səlahiyyəti yoxdur. Bunu necə qarşılayırsınız?

-Yox, partiya adından danışmaq hüququmuz var. İdarə Heyətindən iki nəfəri çıxmaq şərti ilə qalanları yeni yaradılan Təşkilat Komitəsinin üzvləridir. Yəni öz yerimizdə qalmışıq. İndi qurultaya hazırlıq işləri görüləcək. Bu qərarın verilməsinə əsas səbəb gələcək parlament seçkilərdir. Daha operativ qərarların qəbul edilməsi və icrası üçün çevik strukturlara ehtiyac var. Yeni strukturların yaradılmasına isə ancaq qurultay qərar verə bilər. Bu mənada qurultaya getmək labüd idi. Hesab edirəm ki, bu doğru qərardır. Əlbəttə, bu, İlqar Məmmədovun təşəbbüsüdür, amma bu təklif müzakirə edilib və İdarə Heyətinin əksər üzvləri tərəfindən dəstəklənib.

- Amma mətbuat və sosial şəbəkələrdə tanınmış şəxslər bəyan edirlər ki, İdarə Heyəti buraxıldığı üçün qurultaya qədərki dövrdə partiya adından ancaq İlqar Məmmədov danışacaq...

- Yox. İdarə Heyətinin funksiyası qurultaya qədər Təşkilat Komitəsinə dəyişdirilib. Amma Təşkilat Komitəsində olan 5 üzvün partiya haqqında açıqlama vermək hüququ da var. İlqar Məmmədov sözsüz ki, partiyanın lideri, qurultayla bağlı Təşkilat Komitəsinin sədridir. Düşünmürəm ki, yeni qurultayda İlqar Məmmədovun namizədliyinə qarşı kimsə iddiasını ortaya qoysun. Çünki bu günə qədər belə iddiası olan şəxs olmayıb. Qurultaya qədər sədrliyə iddia ortaya qoyub-qoymayacaq şəxsin olduğunu deyə bilmərəm. Amma bu günə qədər yoxdur və düşünmürəm ki, olsun. Hazırda Təşkilat Komitəsi faktiki İdarə Heyətinin funksiyasını yerinə yetirir. İlqar Məmmədov özü də qeyd edib ki, bu təşkilati pauzadır, amma siyasi pauza deyil. Yəni siyasi işlərimiz qaydasında davam edəcək. Bu ayın sonu gələn ayın ortalarına qədər təşkilati işlərlə bağlı prosesləri keçdikdən sonra yeni təsis qurultayı elan olunacaq. Bundan sonra qeydiyyatla bağlı işlərə başlanılacaq.

- Altar Göyüşov qeyd edir ki, əslində İlqar Məmmədov bu qərarı çoxdan qəbul etməli idi. O, üstüörtülü qeyd edir ki, partiyada başqa barmaqlar, hətta hakimiyyətə yaxın şəxslər də var...

- Altay Göyüşov təşkilatın güclənməsində, ayağa durmasında mühüm rol oynayan şəxslərdən biridir. Üstəlik, Real Hərkatında İdarə Heyətinin üzvü olub. Amma partiyalaşma prosesi ilə bağlı onun öz düşüncəsi var. İndiki şəraitdə partiyalaşmanın effektiv olub-olmayacağı onda suallar doğururdu. Partiyalaşma prosesində də iştirak etməyəcəyini qeyd etmişdi.

- Siz, onun reaksiyasını necə şərh edərdiniz...

- Onun reaksiyasından məlumatlıyam. Qeyd edim ki, İlqar Məmmədov həbsdə olanda onunla kommunikasiya var idi. İlqar bəy azad edildikdən sonra da onlar arasında görüş olub. Həbsdə olduğu müddətdə də vəkillər vasitəsilə hamımız kimi Altay Göyüşov da kommunikasiya qurur, məktublar, telefon zəngləri vasitəsilə əlaqə saxlayırdı. Altay Göyüşov qeyd edirdi ki, İlqar Məmmədov həbsdən çıxdıqdan sonra partiyanın yenidən qurulması məqsədilə qərar verəcək. Onun gözləntiləri doğruldu deyə bu fikrini statusla ifadə edib.

- Amma bu qərarlarla İlqar Məmmədovun partiyada fərqli düşünənlərin qarşısını kəsəcəyinə eyham da var...

- Azərbaycan reallığını hamımız bilirik. Əvvəl Real-ın qurucuları 7 nəfər olub. Bu 7 nəfər bir bədən və bir beyn kimi fəaliyyət göstərib və arada böyük güvən olub. Amma partiya böyüdükcə, yerli məclislər yarandıqca, partiya məclisində 50-dən çox insan təmsil olunduqca müxtəlif şəxslərin və maraq qruplarının orada təmsil olunması ehtimalı artırdı. Biz anlayırdıq ki, qapıları tam açsaq, müxtəlif maneələrlə rastlaşa bilərik. Altay Göyüşovun da öz dəyərləndirməsi var, yəqin demək istəyir ki, partiya üzvlərinin, qurumlarda təmsilçilərin sayı artıqca müəyyən maraq qruplarının ora düşməsi şansı artır.

- Real Partiyasında İlqar Məmmədovun təşəbbüsü ilə verilən son qərardan narazı qalan şəxslər də olub. Kimlər narazı qalıb?

- Əslində narazı qalanlar öz fikirlərini bildiriblər. Real yarandığı gündən fərqli yanaşma ortaya qoyub. Digər partiyalarda sədrin verdiyi qərarlara çox az adamın etiraz etməsi faktına rast gəlmək olar və ya ümumiyyətlə, olmaz. Yəni Azərbaycanda hansı partiya yaranıbsa, bir şəxsin ətrafında yaranıb. Real Partiyasında isə açıq fikir mübadiləsi, dartışmalar olub. Sədrin və ya katiblərin, Məclis sədrinin fikirləri mütləq həqiqət kimi qəbul edilməyib. Digər üzvlər də fikirlərini deyiblər.

- Azər Qasımlının etirazını bu konteksdə qəbul etmək lazımdır?

- Bu qərarın verilməsini Azər Qasımlı öz dünya baxışı, düşüncələrinə görə doğru hesab etməyib. Bu, onun haqqıdır. Hesab edirəm ki, Azər Qasımlının haqqına ehtiramla yanaşılmalıdır.

- Siz partiyadan qopmalara və istefaların baş verməsinə hazırsınızmı?

- Ola bilər ki, əvvəl təmsilçilik hüququ olan şəxslərin bəziləri olmasın, amma partiyaya yeni simaların, tanınan insanların qatılması gözlənilir. Çox güman ki, belə də olacaq. Yəni Real Partiyası yeni simaların və cəmiyyətdə sevilən insanların mərkəzinə çevrilməkdə davam edəcək.

- Siz partiyadan getməsi ehtimal olunan insanlar haqqında nədən danışmamağa üstünlük verirsiniz?

- Bu fərdi qayda da ola bilər. Təşkilati qopmalar gözlənilmir. Bir, üç və ya beş nəfər bu qərarla razı olmayıb gedə bilər. Buna da təbii proses kimi baxmaq lazımdır. Partiyalarda belə hallar olur. Əsas odur ki, dəyərlər, prinsiplər və təşkilati hədəflər dəyişməsin.


Müəllif: Cavad

Oxşar xəbərlər