12 Noyabr 13:29

“Bu ilin 3 aprel tarixində cənab prezidentin məhkəmə-hüquq sahəsində islahatların daha da dərinləşdirilməsi ilə bağlı vermiş olduğu fərmanda bu sahədə yeni dövrün başlanması nəzərdə tutulub. Bununla bağlı bir çox qanunlara müəyyən dəyişikliklər etdikdən sonra hazırda Milli Məclisə məhkəmə- hüquq islahatları çərçivəsində ikinci qanunvericilik paketi daxil olub”.

Bu fikirləri Milli Məclisin deputatı Çingiz Qənizadə məhkəmə -hüquq sahəsində aparılan islahatlardan danışarkən deyib. O bildirib ki, hazırkı qanunvericilik paketi toplusunda daxil olan layihələrdə təxminən 12 normativ hüquqi akt var:

“O cümlədən Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati-Prosessual, İnzibati Xətalar məcəllələrinə, “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Dövlət məhkəmə ekspertizası haqqında”, “İnzibati icraat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və digər qanunlara dəyişikliklərin edilməsi nəzərdə tutulur. Qeyd edim ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsində bu məsələ müzakirə olunan zaman həmin layihələrin hazırlanması ilə əlaqədar yaradılmış İşçi qrupunun üzvləri də iştirak edirdilər. Bu İşçi qrupunun üzvləri Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Ali Məhkəmənin nümayəndələrindən ibarətdir. Onlar mövcud təcrübəni təhlil edib qabaqcıl beynəlxalq təcrübəni öyrəndikdən sonra yeni təkliflər paketi hazırlayaraq Milli Məclisə göndəriblər”.

Çingiz Qənizadənin sözlərinə görə, “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklilər edilməklə yanaşı, həm də yeni maddə əlavə olunub:

“Bu da 79-1 maddəsidir. Bu maddədə Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması nəzərdə tutulur. Qeyd edim ki, bu maddə maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilmələrini təmin etmək məqsədilə qanunvericiliyə daxil edilir.
Maddi və prosessual hüquq normalarının eyni cür tətbiqi o deməkdir ki, son dövrlər cəmiyyətdə belə fikirlər var. Eyni məsələlər üzrə məhkəmələr tərəfindən müxtəlif qərarlar qəbul olunur.
79-1 maddəsində məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqi zamanı sistemli xarakter daşıyan nöqsanlar aşkarlandıqda Ali Məhkəmənin Plenumu məsələyə baxır və nöqsanlara yol verilməməsi üçün müvafiq izahı nəzərdə tutulan qərar qəbul edir.
Bu qərar məhz maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinə imkan yaradır. Onların bu izahı qərarı artıq gələcəkdə aşağı məhkəmələr üçün normativ baza olacaq. Buna istinad edərək, yerlərdə eyni cür qanunun tətbiqinə üstünlük veriləcək.
İndiyə qədər bu sahədə olan narazılıqlar aradan qaldırılacaq. Həmçinin, 79-1 maddəsində Ali Məhkəmənin Plenumu məhkəmələrin hüquq normalarının tətbiqi zamanı yol verdiyi sistemli xarakter daşıyan nöqsanlarla bağlı qərarı qəbul etdikdən sonra nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqini təşkil edir. Monitorinq ən azı bir il müddətində həyata keçiriləcək. Bu, Ali Məhkəmənin təklifləri əsasında Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən ediləcək. Maddi və prosessual hüquq normalarının eyni cür tətbiqi dedikdə biz vahid məhkəmə təcrübəsini formalaşdırırıq. Vahid məhkəmə təcrübəsinin formalaşdırılması isə məhkəmə kollegiyalarının Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahatlar əsasında formalaşır. Ümid edirəm ki, “Məhkəmələr və hakimlər haqqında” qanuna əlavə edilmiş yeni 79-1 maddəsi qüvvəyə mindikdən sonra bu sahədəki boşluqlar və narazılıqlar aradan qaldırılacaq”.

Deputat bildirib ki, ikinci qanunvericilik paketinə daxil olan mühüm məsələlərdən biri də “Dövlət məhkəmə ekspertizasının fəaliyyəti haqqında” qanuna edilmiş dəyişikliklərdir:

“Bu dəyişikliklərə yeni maddələr əlavə olunub. Burada xüsusi biliklərə malik Azərbaycan vətəndaşları tərəfindən özəl ekspertizaların yaradılması nəzərdə tutulur və qanunvericilikdə bu ekspertizaları kimlər yarada bilər, onların hansı üstünlükləri olmalıdır kimi tələblərə cavab verməlidir.

Eyni zamanda, müxtəlif sahələr üzrə özəl ekspertizalar fəaliyyət göstərəcəklər. Burada iddiaçının, tələbkarın öz vəsaiti hesabına alternativ ekspertizaların keçirilməsi mümkün olacaq. İ

Bu ekspertizaların da vermiş olduğu rəylər təbii ki, hüquqi rəy kimi məhkəmələr tərəfindən qəbul olunacaq. İndiyə qədər ekspertizalar bir qurumda keçirilirdi. Bəzən mübahisə doğuran məsələlər üzrə komisiyon ekspertizalar ikinci dəfə keçirilirdi. Təbii ki, eyni qurumda bir məsələ üzrə iki müxtəlif rəyin verilməsi çətinlik yaradırdı. Bəzən də bu obyektivliyin itirilməsinə gətirib çıxarırdı. Ona görə də indi digər alternativ ekspertizaların olması həm məhkəmə proseslərinin sürətləndirilməsinə, həm də obyektiv qərarların əldə olunmasına xidmət edəcək.

Sadaladığımız əsas iki məsələ ilə bağlı - həm “Məhkəmələr və hakimlər haqqında”, həm də “Dövlət məhkəmə ekspertizasının fəaliyyəti haqqında” qanunlara dəyişikliklərlə bağlı Mülki Prosessual Məcəllədə, Cinayət Prosessual Məcəllədə, “İnzibati icraat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişikliklər nəzərdə tutulub. Axırıncı dediyim məsələlər məhz 12 qanuna uyğunlaşdırma ilə əlaqədar olduğu üçün bu qanunlara müəyyən maddələr əlavə olunur. Müəyyən dəyişikliklər həyata keçirilir.

Qeyd edim ki, dəyişikliklərin 2020-ci il mart ayının 1-dən qüvvəyə minməsi gözlənilir. Qanunvericilik aktları paketi qəbul edildikdən sonra nəzərdə tutulub ki, 2020-ci ilin yanvar ayında ölkədə iki yeni məhkəmə sistemi, eyni zamanda inzibati və kommersiya məhkəmələri yaradılsın. Hesab edirəm ki,məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi məqsədi ilə qəbul olunmuş qanunlar və qanunlara edilmiş dəyişikliklər öz müsbət nəticəsini verəcək. Bunun biz müsbət nəticələrini qanunlar qüvvəyə minib işlədiyi vaxtda hiss edəcəyik”./Modern.az/


Müəllif: Teleqraf.com