Belarus parlamentinin Nümayəndələr Palatasına (aşağı palata) seçkilər təşkilatçılıq baxımından yüksək təşkil olunub, müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib.
Teleqraf.com xəbər verir ki, bunu Belarusda parlament seçkilərini müşahidə edən Milli Məclisin deputatı Xanlar Fətiyev söyləyib.
MDB Parlament Assambleyasının müşahidəçi qrupunun tərkibində səsvermə prosesini izləyən X.Fətiyev müşahidə etdiyi məntəqələrdə hər hansı ciddi qanun pozuntusu qeydə alınmadığını vurğulayıb.
“Paytaxt Minsk və Slutska şəhərlərindəki məntəqələrdə olmuşam. Seçici fəallığı var, insanlar həvəslə səsvermədə iştirak edirlər”, - deyə X.Fətiyev əlavə edib.
Qeyd edək ki, Belarus parlamentinin aşağı palatasında 110 yerə 520 namizəd qeydə alınıb. Belarusda seçicilərin sayı 6,8 milyon nəfərdir, ölkə hüdudlarından kənarda isə 3,6 min seçici var. Mindən artıq beynəlxalq müşahidəçi səsvermənin gedişini izləyir. Ən böyük müşahidəçi qrupu MDB-ni və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edir. Seçkilərin gedişini, həmçinin 28 min yerli müşahidəçi izləyir.
Xarici müşahidəçilər arasında Azərbaycan Milli Məclisinin deputatları Xanlar Fətiyev, Sahibə Qafarova və Tahir Mirkişili də var.
Xatırladaq ki, Belarus parlamentinin Nümayəndələr Palatasına (aşağı palata) seçkilərdə beş gün ərzində 35,8 faiz seçici vaxtından əvvəl səs verib. Növbədənkənar səsvermə noyabrın 12-də başlayıb və noyabrın 16-da başa çatıb. MSK-nın məlumatına görə, ən yüksək seçici fəallığı Qomel və Mogilyov vilayətlərində (müvafiq olaraq 39,41 faiz və 39,11 faiz), ən aşağı fəallıq isə Minskdə (28,56 faiz) qeydə alınıb.
Belarusda parlament seçkiləri seçicilərin yarıdan çoxu iştirak etdikdə baş tutmuş sayılır. Mərkəzi Seçki Komissiyasının yerli vaxtla 16:00-a olan məlumata görə, seçicilərin 60 faizdən çoxu səsvermədə iştirak edib.