7 Dekabr 2019 14:03
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, toplantıya MSK sədri Məzahir Pənahov sədrlik edir.

İclasda növbədənkənar parlament seçkilərinə hazırlıq məsələsi müzakirə olunur.

Eyni zamanda, "Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı" təsdiqlənəcək.

***

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, iclasda növbədənkənar seçkilərə hazırlıq məsələsi müzakirə olunacaq, qərar veriləcək.

Toplantı saat 14:00-da başlayacaq.

Qeyd edək ki, noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının iclası keçirilib. İclasda partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.

Milli Məclisin dekabrın 2-də keçirilən plenar iclasında YAP deputatlarının təşəbbüsü müzakirə olunub, qərar qəbul edilib. Deputatlar parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət ediblər.

Həmin gün Azərbaycan Prezidenti “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilən parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Dekabrın 4-də Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçirilib və iclasın yekununda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.

Prezident İlham Əliyevin dekabrın 5-də “Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.


Müəllif: Teleqraf.com