31 Yanvar 2020 16:54
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

Teleqraf.com xəbər verir ki, iclasda fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

Məsələ barədə məlumat verən MSK-nın və Ekspert qrupunun üzvü Qabil Orucov bildirib ki, 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə namizəd Kəmaləddin Qafarovun səlahiyyətli nümayəndəsi Sevinc Abdullayeva tərəfindən MSK-ya şikayət daxil olub:

“Sevinc Abdullayeva şikayətində qeyd edib ki, həmin dairədən digər namizəd Ülvi Həsənovun səlahiyyətli nümayəndəsi Mehman Hüseynov tərəfindən ayrı-ayrı seçicilərdən Kəmaləddin Qafarovun əleyhinə həmin dairənin ərazisində müsahibələr alınması və digər bu kimi hallara yol verilib.

Şikayət ərizəsinə əlavə edilmiş diskə baxılarkən, müəyyən olunub ki, Mehman Hüseynov bir çox insanlara yaxınlaşaraq, Kəmaləddin Qafarov barəsində məlumatlı olub-olmadıqlarını soruşulub. Mehman Hüseynov blogger fəaliyyətindən sui-istifadə edərək Kəmaləddin Qafarovun əleyhinə fəaliyyətlər aparmaq niyyətini ortaya qoyub. Bu fəaliyyətini bilərəkdən və ya bilməyərəkdən açıq şəkildə ortaya qoyub. Həmçinin, araşdırma zamanı məlum olub ki, Mehman Hüseynov tərəfindən bu kimi digər videolar da hazırlanıb. Mehman Hüseynov özü 31 saylı Suraxanı ikinci seçki dairəsindən qeydə alınmış namizəddir. O, həmçinin Ülvi Həsənovun səlahiyyətli nümayəndəsidir. Ülvi Həsənov da onun səlahiyyətli nümayəndəsidir”.

Q.Orucov qeyd edib ki, M.Hüseynov hər vəchlə K.Qafarovun əleyhinə fəaliyyət göstərir. O, M.Hüseynova Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, inzibati tənbeh tədbirinin tətbiq edilməsini, xəbərdarlıq olunmasını təklif edib.
Q.Orucov hər iki şəxsin təbliğat lövhəsini sındırdıqlarını və bunu sosial şəbəkədə paylaşdıqlarını da vurğulayıb:
“Seçki başlayandan bu fəaliyyətlər də başlayıb”.

MSK katibi Mikayıl Rəhimov xəbərdarlıqdan nəticə çıxarılmayacağı təqdirdə daha sərt tədbirlərin görülməsinin vacib olduğunu bildirib.

MSK sədrinin müavini Rövzət Qasımov deyib ki, maraqlı hal hər iki şəxsin etdikləri qanunsuzluqları özlərinin ictimailəşdirməkləri ilə bağlıdır.

MSK sədri Məzahir Pənahov bu kimi halların davam edəcəyi təqdirdə onların namizədliyinin ləğv ediləcəyini bildirib:

“Hər bir namizəd ilk növbədə öz təbliğatı ilə məşğul olmalıdır. Digər namizədlərin şərəf və ləyaqətini təhqir etmək olmaz”.

Bu məlumatların prokurorluğa təqdim edilməsi fikri də səsələnib.

MSK üzvü Nizami Nadirov isə xəbərdarlıqdan nəticə çıxarılmayacağını, hər iki şəxsin namizədliyini ləğv edilməsini təklif edib.

Müzakirələrdən sonra hər iki namizədə xəbərdarlıq edilməsi qərara alınıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər