Fevral ayının 2-də seçkiqabağı təşviqat kampaniyası çərçivəsində 35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlu seçicilərlə Naximov küçəsində görüş keçirib.
Rauf Arifoğlu Naximov sakinlərinin seçki kampaniyası dövründə çox aktiv olduqlarını və çox böyük dəstək verdiklərini vurğulayıb. R. Arifoğlu seçkidən sonra ilk olaraq bu küçənin adını dəyişdirilməsi məsələsini qaldıracağını deyib. Namizəd onunla birlikdə bu əraziyə abadlıq işlərinin gəldiyini və mətbuat vasitəsilə bu dairəyə diqqəti cəlb etdiyini vurğulayıb.
O, sakinləri əmin edib ki, seçki kampaniyası bitdikdən sonra proseslər dayanmayacaq, əksinə 41 min vətəndaşın millət vəkili kimi daha böyük işlərə başlayacaq.
Rauf Arifoğlu onun xeyrinə seçkidən geri çəkilən namizədlərə təşəkkür edərək, onlarla seçki platformalarını birləşdirdiklərini, vətəndaşların rifahı üçün birgə çalışacaqlarını qeyd edib.
2 fevralın gənclər günü olduğunu deyən namizəd gənclərin irəli çəkilməsi, işlə təmin edilməsi, biznes qurmaq imkanlarının artırılması üçün çalışacağını vurğulayıb.
Arifoğlu bildirib ki, parlamentdə ilk çıxışında Xətai 35-in küçələrini bir-bir sadalayacaq, onları salamlayacaq və etimad göstərdiklərinə görə təşəkkür edəcək, vədlərinə əməl edəcəyinə dair and içəcək.
Bülletendə özündən başqa klonlarının da olduğunu və siyahıda adının ikinci yerdə gəldiyini deyən Arifoğlu, seçicilərinə "gəlin, ikincini birinci edək" deyə səslənib.
Namizəd seçiciləri fevralın 9-da məntəqələrə gedərək səs verməyə çağırıb və ona səs verənlərin qarşıdakı 5 ildə tək qalmayacaqlarını bildirib.
Dairə ilə bağlı iqtisadi inkişaf proqramı və platforma hazırlandığını deyən Arifoğlu, qarşıdakı illərdə qeyd olunan punktların reallaşacağına söz verib.
Sakinlər isə Rauf Arifoğluna müraciət edərək ərazidə su probleminin olduğunu, uşaqların əyləncə və istirahəti üçün şərait olmadığını bildiriblər, həmçinin sahibsiz, nəzarətsiz küçə itlərinin çox olmasından, evlərin sənədləşməsi ilə bağlı problemdən, telefon xəttinin olmamasından əziyyət çəkdiklərini vurğulayıblar. Namizəd isə bu problemlərdən məlumatlı olduğunu, aidiyyatı dövlət qurumlarına məlumat verdiyini və mərhələli şəkildə problemin həllini tapacağını, qəsəbəyə “Abad həyət” layihəsinin gələcəyini diqqətə çatdırıb. Ardından sakinlər şəxsi problemlərinin həlli üçün də namizəddən səslərinin aidiyyatı qurumlarına çatdırılması üçün dəstək istəyiblər.
Daha sonra Naximov sakinləri Rauf Arifoğlunu çay süfrəsinə qonaq ediblər. Seçki qərargahının üzvləri Naximov II döngə sakinləri ilə görüşün ardından Naximov 6a küçəsinə piyada yürüş edərək, orqada görülən işlərlə, həyətdə aparılan abadlıq işləri ilə tanış olublar.