MSK-nın iclasında 90 saylı Ağdaş seçki dairəsi üzrə namizəd olmuş Səidə Cəbrayılovanın şikayətinə baxılıb.
Teleqraf.com-un məlumatına görə, MSK üzvü Qabil Orucov bildirib ki, şikayətçi 10 seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız hesab edilməli olduğunu bildirib:
“Onun şikayətinə seçki məntəqələri ilə bağlı sosial şəbəkələrdə yerləşdirilmiş görüntülər və digər sənədlər əlavə olunub.
Ancaq 6 və 7 saylı seçki məntəqələri istisna olmaqla, digər seçki məntəqələri üzrə hər hansı qanunazidd hərəkətlər aşkar edilməyib. Həmçinin, ehtimal olunan qanun pozuntuları araşdırılarkən səsverməni müşahidə edən müşahidəçilərin də fikirləri öyrənilib. 6 və 7 saylı məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilməlidir”.
MSK üzvü təklif edib ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə 6 və 7 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılmalıdır.
Şikayətçinin özünün də iştirak etdiyi müzakirədən sonra 90 saylı Ağdaş seçki dairəsi üzrə 6 və 7 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılmasına dair qərar qəbul olunub.