Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) martın 5-6-da Türkiyənin Ceyhan limanından Belarusa bir neft tankeri göndərəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mediasına ARDNŞ-ın rəsmi nümayəndəsi İbrahim Əhmədov məlumat verib.
Onun sözlərinə görə, Belarusa göndərilən neftin həcmi təxminən 85 min ton təşkil edəcək.
Ötən həftə Belarusun “Belneftxim” şirkəti ARDNŞ-la ümumi həcmi 160 min ton olan iki neft tankerinin tədarükü üçün müqavilə bağlandığını açıqlayıb. Konsern xammalın mart ayında Odessa-Brodı boru kəməri ilə veriləcəyini bildirib.
Belarus əsas xammal tədarükçüsü Rusiya ilə gərgin danışıqlar şəraitində müxtəlif ölkələrdən neft almağa başlayıb. Rusiya neftinin Minskə tədarükünə dair müqavilələr 2019-cu il dekabrın 31-də başa çatıb və bu günə qədər tərəflər yeni razılaşmanın parametrləri barədə razılığa gələ bilməyib.
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın ölkəsinə baha qiymətlərlə neft təklif etdiyini bildirib.