16 Aprel 2020 14:37
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, aprelin 14-də Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirildi. Müşavirədə ölkədə aparılan sosial-iqtisadi, eləcə də kadr və siyasi islahatlar sahəsindəki vəziyyətlə yanaşı, marginal maraqlarla çıxış edən müxtəlif qüvvələrin fəaliyyəti, həmçinin pandemiyanın nəticələrindən əziyyət çəkən müxtəlif sahələrə dövlət dəstəyi məsələləri də müzakirə predmeti oldu.

Müşavirədə səsləndirilən fikirlərlə bağlı Teleqraf.com-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirib ki, Prezident İlham Əliyev hələ keçən ilin mart ayında Azərbaycanda bütün sahələr üzrə islahatların keçirilməsinin vacibliyinə toxunaraq bu istiqamətdə bir sıra vacib fərman və sərəncalar verdi:

"Parlamentin yeni tərkibdəki ilk iclasındakı çıxışında, eləcə də 2 gün əvvəl 1-ci rübün yekunlarına həsr olunuş videomüşavirədə də bundan sonra atılacaq addımların konturlarını cızaraq, islahatlar kursunu davam etdiriləcəyi ilə bağlı konkret fikirlər səsləndirdi. Cənab prezident qeyd etdi ki, 2020-ci il də ölkəmizin tarixinə dərin, geniş islahatlar ili kimi daxil olacaq. Cənab prezidentin çıxışından bir daha məlum oldu ki, bu il də struktur və kadr islahatları ilə bağlı mühüm qərarlar qəbul olunacaq".

Yusif Bağırzadə hesab edir ki, xüsusilə siyasi sistemin təkmilləşdirilməsi istiqamətində daha ciddi, önəmli addımlar atılacaq və yeni siyasi konfiqurasiyanın formalaşdırılması prosesi davam etdiriləcək:

"Təbii ki, cənab prezidentin də qeyd etdiyi kimi, yeni siyasi münasibətlərin formalaşması siyasi dialoqsuz mümkün deyil. Məlumdur ki, bu istiqamətdə artıq müəyyən addımlar atılıb. Demək olar ki, bütün müxalif siyasi partiyalarla heç bir ilkin şərt olmadan görüşlər keçirilib və görüşlərin də nəticələrini müsbət qiymətləndirmək olar. Eyni zamanda bu günə qədər aparılan kadr islahatları, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Məclis aparatının yenidən təşkili, seçkilərdən sonra parlamentin tərkibində baş verən dəyişiklikləri, eləcə də, parlamentin rəhbər qurumlarının tamamilə dəyişdirilməsini də bu islahatların tərkib hissəsi kimi qiymətləndirmək olar. Müxalifət nümayəndəsinin Milli Məclis sədrinin müavini vəzifəsinə seçilməsi, eləcə də parlament azlığının Milli Məclisin komitələrində yüksək vəzifələrə gətirilməsi də siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır. Müxalifət partiyalarının qanunvericilik hakimiyyətinin rəhbər orqanlarında təmsilçiliyi özü-özlüyündə ölkədə yeni ictimai-siyasi durumun, iqtidar-müxalifət münasibətlərinin ən yeni formatda qurulmasının göstəricisidir".

Politoloqun sözlərinə görə, ölkədə təəssüf ki, bütün istiqamətlərdə aparılan islahatlar kursuna qarşı çıxan qruplaşmalar da var:

"Həmin qruplaşmaların 1990-cı illərin əvvəllərindən bu günə qədər olan xalqa zidd fəaliyyətini də ölkə başçısı faktlarla xatırlatdı. İndi həmin qruplar yenə də həmişəki zərərli fəaliyyətlərindən əl çəkmirlər. Cənab prezident həmin bu marginallaşmış qrupların yeni konfiqurasiyada yerinin olmadığını vurğuladı və səbəbini də əsaslandırdı ki, o qüvvələrin davranışı dövlətə düşmənçilikdir. Bugünki ağır zamanda belə, öz marginal maraqlarından əl çəkməyən, ölkədə xaosun yaranmasını arzu edən qüvvələr başa düşməlidirlər ki, artıq o dövr bitib. Bugünki dövr özündə bütün siyasi qüvvələrin dövlətçilik və milli birlik naminə birləşməsini ehtiva edir. Bu cür birlik cəmiyyətimizdə siyasi mədəniyyətin formalaşmasına, ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcək ki, bundan da udan həm siyasi qüvvələr, həm də bütövlükdə Azərbaycan xalqı olacaqdır.

Onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, Prezident həmin radikal qrupların bu gün Azərbaycan dövləti əleyhinə açıq və gizli siyasi oyunlar həyata keçirdiyi haqqında dəqiq informasiyalara malikdir. Cənab İlham Əliyev bundan əvvəlki çıxışlarında bəyan etmişdi ki, o qruplar “beşinci kolon”durlar, amma sahibləri onların fəaliyyətindən narazıdır, çünki “beşinci kalon” Azərbaycanda inqilab və dövlət çevrilişi həyata keçirməsi ilə bağlı, eləcə də xaos və anarxiya yaratmaqla bağlı xaricdəki havadarları tərəfindən verilən tapşırıqları icra edə bilməyib. İndi isə marginallaşmış qruplaşma üçün koronavirs pandemiyası göydəndüşmə fürsət olub. Onlar sevinirlər, istəyirlər ki, Azərbaycanda gərginlik yaransın, əhali ayağa qalxsın və onlar ölkəni xaosa sürükləmək üçün aldıqları sifarişi yerinə yetirə bilsinlər. Amma bütün bunların heç bir nəticəsi olmayacaq. Çünki Azərbaycan xalqı artıq kimin kim olduğunu kifayət qədər yaxşı bilir".

Yusif Bağırzadə ölkə prezidentinin müşavirədəki çıxışında daha bir önəmli məsələyə toxunduğunu da xatırladıb: "Bu da bütün çətinliklərə baxmayaraq, sosial sahədə heç bir proqramın ixtisar edilməyəcəyi ilə bağlıdır. Azərbaycanda illərdən bəri müşahidə edilən iqtisadi artım bu prosesdə də öz sözünü dedi və hamı gördü ki, heç bir kənar yardım olmadan Azərbaycan istənilən problemi həll etmək, dövlətini və vətəndaşını iqtisadi cəhətdən təmin etmək gücündədir. Koronovirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manata çatıb və prezident zərurət olacağı halda bu rəqəmin artırılmasının mümkünlüyünü də qeyd edib. Bu, bütün istehsal sahələrinin durdurulduğu Azərbaycan kimi bir ölkədə olduqca böyük rəqəmdir. Koronavirus pandemiyası ilə bağlı mübarizə prosesi dünyanın bir çox ölkəsində idarəçilik sistemində olan çatışmazlıqları da üzə çıxardı. Həm idarəçilik, həm iqtisadiyyat, həm səhiyyə sistemində olan bir sıra neqativ hallar ortaya çıxdı. Həmin dövlətlər, bütövlükdə, həm toplumun idarə edilməsi, həm dövlət idarəçilik mexanizmlərinin işləkliyi kontekstində, sosial faktor məsələsində və s. özlərinin kifayət qədər zəif olduqlarını nümayiş etdirdilər. Azərbaycan isə ilk gündən önləyici tədbirlər həyata keçirdi və şübhəsiz, bu çevik qərarların qəbul edilməsində, innovativ texnologiyaların tətbiqində Azərbaycanda son dövrlərdə həyata keçirilən iqtisadi-siyasi, hüquqi islahatların müstəsna rolu var".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər