8 İyun 2020 19:14
2 712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin keçmiş üzvü, kinodramaturq Eldəniz Quliyevin Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Milli Şuradan getdiniz, bundan sonrakı fəaliyyətinizi necə quracaqsınız?

- Biz “Vətən-Dəyərlər” platforması yaradırıq. Burada ziyalılar, incəsənət xadimləri, elm adamları, bir sözlə, cəmiyyətin bir çox spektrinin nümayəndələri təmsil olunacaq. Bu, bizim milli dəyərlərin qorunması üçün fəaliyyət göstərəcək. Eləcə də demokratik təsisatların işləməsinə təkan vermək üçün...

- Kimlər olacaq?

- İndi ad çəkmək tezdir, bu adları heç yerdə çəkməmişəm, yəqin ki, bu haqda bəyanatımız olacaq. Yaxınlarda görəcəksiniz ki, orada çox tanınmış insanlar təmsil olunacaq.

- Eldəniz bəy, cinsi azlıqlar haqda tənqidləriniz Milli Şurada niyə belə qıcıq yaratdı?

- Bunun bir cavabı var: mən düz dayanmışam və kölgəmin əyri düşməsindən qorxmuram. Mən milli-mənəvi dəyərlərin qorunmasında maraqlıyam. Həmişə belə olmuşam, Milli Şurada da bu dəyərləri qorumaq üçün təmsil olunurdum. Bu dəyərlərə kölgə salınan, bu dəyərlərə etinasız yanaşılan yerdə mənim olmağım düzgün olmazdı. Onlara uğur arzulayıb, oradan sivil qaydada aralandım. Ancaq bostanıma atılan daşlar məni məcbur etdi ki, onlara cavab verim.

- Ümumiyyətlə, niyə orada cinsi azlıq məsələsi qaldırıldı, buna nə ehtiyac vardı?

- Bu məsələ orada qaldırılmadı. Məsələ budur ki, Cəmil Həsənli əxlaqi dəyərlərə uyğun gəlməyən məsələlərin qaldırıldığı feministlərin etiraz aksiyasına dəstək verdi, onları müdafiə etdi. Bundan əvvəl Milli Şuranın mitinqinə qatılan dindarlara qarşı hörmətsizlik olmuşdu. Mən həm də dini kəsimin və siyasi məhbusların müdafiə komitəsinin rəhbəriyəm. Mən orada da etiraz etdim.

Amma sən demə, Cəmil Həsənli həm LGBT-nin, həm də feministlərin müdafiəsi ilə bağlı iki dəfə bəyanat verib.
Bu, mənim əqidəmə, prinsiplərimə və əxlaqıma düz gəlməyən məsələdir. Bu bəyanatlar Milli Şurada müzakirə olunmadan verilmişdi.
Əlbəttə, hər kəsin hüququ qorunmalıdır. Amma bunu hansısa bir siyasi qurumun fəaliyyət proqramında prioritet kimi qələmə vermək, doğru deyil.

Çünki bizim adət-ənənələrimiz, dəyərlərə bəlli münasibətimiz var. Hesab edirəm ki, bu xalq heç zaman ölüm təhlükəsi qarşısında belə həmin o “dəyərləri” qəbul etməyəcək. Bu, mümkün deyil. Onları müdafiə edən bəzi adamlar da anlamırlar ki, biz Azərbaycan olaraq öz mental dəyərlərimizlə Avropa üçün maraqlıyıq. Qərb adında öz dəyərləri olan bir gəmi var, indi biz də ora minmək istəyirik. Biz Qərbin dəyərləri ilə ora minəndə üçüncü dərəcəli – yuxarıdan aşağı baxılan bir millət olacağıq. Amma öz milli-mənəvi dəyərlərimizlə həmin gəminin sərnişini olsaq, onda bizə hörmət edəcəklər.

- Fikirlərinizə qarşı niyə dözümsüzlük oldu?
- Vallah, Cəmil müəllim Amerikaya gedəndən sonra bir az müasirləşdi, öz kökündən qopdu. Bu, məndə təəssüf hissi doğurur. Həmişə özü də deyirdi ki, mənim də valideynlərim hicab bağlayırdılar, namaz qılılırdılar, oruc tuturdular. Belə bir ailədə tərbiyə alan adamın indi gedib ABŞ-da 180 dərəcə dəyişməsi və başqa münasibət sərgiləməsi mənim özüm üçün də təəccüblüdür. Əlbəttə, o, ziyalıdır, yaxşı tarixçidir, amma təəssüf ki, ona bir siyasətçi kimi belə sözləri şamil etmək olmur.

- Belə desək, sizin Milli Şurada qalmağınızı niyə istəmədilər, bundan narahat oldular?

-Narazılığı ancaq Cəmil Həsənli ifadə etdi. Mənim orada olmağım kimisə narahat etmirdi.

Bir də, kim istəyər öz qızı və ya oğlu homoseksual olsun?

Mənim 68 yaşım var, hələ də bir nəfərə rast gəlməmişəm ki, uşağı üzdəniraq olsun, yaxud uşağının belə olmasını istəsin. Yəqin, müəyyən maraqlar var ki, buna görə özlərini olduqları kimi göstərmək istəmirlər.

- Cəmil Həsənli iddia edir ki, siz təşkilatda qalmaq istəsəniz də, buna imkan verilməyib.

- Qətiyyən belə bir şey olmayıb. İki dəfə səhv, daha doğrusu, yalan danışıb, özü də bilir ki, Milli Şuranın Koordinasiya Şurasında təmsil olunanlar bunun yalan olduğunu bilir.

- O hansı yalanlardır?

- Birinci yalanı budur ki, guya hamıyla danışıb, sonra mənə deyib ki, Koordinasiya Mərkəzinin üzvləri sənin oradan getməyinin tərəfdarıdır. Birinci dəfə sizə deyirəm, o, mənimlə danışanda hələ Milli Şuranın məlum iclası olmamışdı. Mən də hamıya zəng edib dedim ki, bəs Cəmil müəllim belə deyir, dedilər ki, sən nə danışırsan, bizim heç nədən xəbərimiz yoxdur.

İkinci yalan budur ki, guya mən yalvarmışam ki, məni oradan çıxarmayın. Halbuki mən bura qədər neçə dəfə istefa vermək fikrində olmuşam, mənimlə danışıqlar aparıblar, yalvarıblar ki, getməyim.

Bir də görürsən, qırmızı-qırmızı adamın üzünə deyir ki, sən filan şeyi eləmisən. Bu yalanlar ziyalıya qəti yaraşmır. İkincisi, mən hələ Milli Şuradan getməmişəm. Çünki Milli Şuraya kimisə qəbul və ya xaric etmək, bu qurumun nizamnaməsinə görə, Şuranın sessiyasında həll olunur. Sessiya da hələ çağırılmayıb. Cəmil Həsənli də özbaşına qərar verir, hegemonluq edir.
Bilirsiniz, bütün bunlara cavab verməyə bilərdim, “ayıb olsun” deyib keçərdim. Cəmil müəllimin sosial şəbəkədəki paylaşımından sonra bostanıma nə qədər daş atdılar. Deyirlər ki, susursansa, razılaşırsan. Mən də cavab verməyə məcbur oldum. Heç vaxt kiməsə hücum etməmişəm, sadəcə olaraq, bu hücumları dəf etmişəm. Ola bilsin ki, bəzən cavabım sərt və ya kəskin olub. İndi də görürsünüz ki, onun paylaşımının altında Milli Şuranın adından trolları yazırlar.

- Milli Şura sədri iddia edir ki, 10-15 müxalifət nümayəndəsinə hakimiyyətdən təklif gəlib. Bu sırada Gültəkin Hacıbəylinin də adını çəkir. Sizcə, ona kimlər belə təklif edə bilərdi?
- Mən yalan danışa bilmərəm. Gültəkin Hacıbəyliyə nəsə təklif edilməsi haqda eşitməmişəm.

- Cəmil Həsənli həyat yoldaşınıza Xalidə Quliyevaya “xalq artisti” fəxri adının verilməsinə də toxunub və bunu dolayısı ilə sizə qarşı “kompramat” kimi təqdim edib. Bu haqda nə deyə bilərsiniz?

- Bu, qırmızı xətt idi və Cəmil Həsənli bu xətti keçdi. Bunu təəssüf hissi ilə deyirəm. Bilirsiniz ki, Xalidə xanım 35-ə qədər filmdə baş rola çəkilib. Təkcə Azərbaycanda yox, xarici ölkələrdə də. Hamı, ilk növbədə də Cəmil Həsənli bilir ki, ona neçə illər fəxri adın verilməməsi nə ilə bağlıdır. Keçən il isə adın verilməsi “Nəsimi ili” ilə əlaqədar oldu. “Nəsimi” filmində baş rolu oynamış və “xalq artisti” adı almayan yeganə insan Xalidə xanım idi. Bu adam heç vaxt siyasətə qarışmayıb, öz sənəti ilə məşğul olub. Rollarını da pis ifa etməyib. İndi ömrünün 67-ci ilində ahıl bir qadına fəxri adın verilməsi ətrafında iyrənc oyunlar oynayırlar, bunun arxasında nəsə axtarırlar. Bu ad veriləndə mən Avropada idim, qayıdandan sonra da hamı təbrik etdi. Dedilər ki, Xalidə xanım bu adı çoxdan almalıydı. İndi durub bunu yada salmaq və ittihama çevirib mənə qarşı istifadə etmək ləyaqətsiz bir yanaşmadır. Ziyalıya yox, heç naxırçıya yaraşmayan bir davranışdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər