İyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni ordusu tərəfindən başladılan təxribat, sərhədi pozmaq cəhdlərinin qarşısı ordumuz tərəfindən qətiyyətlə alındı. Düşmənə güclü zərbə vuruldu, canlı qüvvəsi və hərbi texnikası sıradan çıxarıldı. Düşmənin bir daha sərhəddə təxribata cürət etməməsi üçün Aazərbaycan ordusu tərəfindən tədbirlər görülür. Təəssüflər olsun ki, bu döyüşlər zamanı biz öz qəhrəman əsgər, zabit və generalımızı da itirdik. Vətən şəhidlərin çiyni üzərində ucalır. Bu mərhələdə xalqımızın və cəmiyyətimizin Azərbaycan ordusuna, Ali Baş Komandana ciddi dəstəyi var və bu, bizi sevindirir.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Musa Quliyev deyib.
Millət vəkili əlavə edib ki, Azərbaycanda fəaliyyət göstərən 43 - demək olar ki, bütün siyasi partiyalar vahid mövqedən çıxış edərək bəyanat yayıblar:
“Bu çox müsbət hadisədir və təqdir ediləsi haldır. Azərbaycanın siyasi partiyaları ideologi, fikir və düşüncə fərqliliyinə baxmayaraq bu gün bir mövqedən çıxış edir. Bu, sözsüz ki, bizim milli ruhumuzu yüksəldir. Partiyalar fikir ayrılıqlarını bir yerə qoyaraq millət və dövlət naminə bir yerdə olduqlarını bəyan edir, Ali Baş Komandanın əmrlərinə müntəzir olduqlarını açıqlayırlarsa, bu çox ciddi xalq birliyinin nümayişidir, ifadəsidir. Hesab edirəm ki, bu birlik bizim Qarabağda qələbəmizin rəhni olacaq, qələbələrimiz bu birliyin üzərindən keçəcək”.
Komitə sədri deyib ki, iyulun 15-i axşam saatlarında Bakıda keçirilən mitinqdə Azərbaycan xalqının birliyinin, Qarabağ əzminin və Ali Baş Komandana, ordumuza inamının bariz nümunəsidir:
“Təəssüflər olsun ki, mitinqin sonunda bəzi təxribatçı, “beşinci kolon”a aid olan qüvvələr əməllərindən əl çəkmədilər. Amma bu Azərbaycan xalqının milli birliyinə heç bir kölgə sala bilməz. Bu gün 43 partiyanın birgə bəyanatı da götərir ki, bütövlükdə xalqımız, onun siyasi qüvvələri Ali Baş Komandanın yanındadır, vətənin müstəqilliyini qorumaq əzmindədir. İnanırıq ki, bu əzim bizi Qarabağa daha da yaxınlaşdıracaq, ərazi bütövlüyümüzün təmin olunmasında rol oynayacaq. Cənab Prezidentin dediyi kimi, biz, birlikdə güclüyük".