“Srağa gün gecə saatlarında Ermənistanın Almaniyadakı səfirliyinin xidməti avtomobili yandırılıb. Amma buna sevinmək lazım deyil. Əksinə, Azərbaycan səfirliklərinə və xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına qarşı irimiqyaslı təxribatların anonsu kimi qəbul etmək lazımdır”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib.
“Sabah onlar eyni asanlıqla bir və ya bir neçə ermənini öldürüb bütün dünyanı üzərimizə qaldıra bilərlər. Bu fonda Los-Anceles, yaxud Brüsseldə baş verən erməni vəhşiliklərini asanlıqla unutdura bilərlər. Ehtiyatlı olmalıyıq, təxribata uymamalıyıq. Milli davamızı Avropanın, yaxud Rusiyanın küçə və meydanlarına keçirməyin. Dünya hətta qəbul etməsə də erməni vəhşiliyini gördü. Bu vəhşiliyin belə asanlıqla unutdurulmasına imkan verməyin. Sumqayıtı, Qriqoryanı nə tez unutdunuz? Ayıq olun! Bizim “Qana qan!” şüarını səsləndirməli və tətbiq etməli olduğumuz yeganə yer işğal altındakı torpaqlarımızdır”, - səfir bildirib.