14 Avqust 14:09
1 271

“Türkiyənin Müdafiə naziri cənab Hulusi Akarın rəhbərliyi ilə qardaş ölkənin hərbi elitasının ən yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri, səfər gedişindəki hər bir detal bütövlükdə dünyaya son dərəcə ciddi və açıq tekstlə ünvanlanmış mesajdır. Türkiyə və Azərbaycan bütün məsələlərdə hər zaman olduğu kimi, yenə də bir yerdədir”.

Teleqraf.com xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Şura sədri Azərbaycan dövlətin başçısının məsələ ilə əlaqədar səsləndirdiyi fikirlərə də diqqət çəkib:

“Prezident İlham Əliyev: “Siz bilirsiniz, mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur”.

Dövlət başçımızın bu fikirləri həm də onun təsdiqidir ki, Türkiyə-Azərbaycan birliyi hansısa qlobal maraq və mənafenin fövqündə dayanan birlikdir və onunla hesablaşılması mütləq vacibdir. “Türkiyədə 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür”, “Azərbaycan bizim qardaşımızdır, bir ananın iki ayrı övladıyıq” kimi fikirlər səsləndirən Türkiyənin müdafiə naziri Hulusi Akar səmimiyyətin hər an fədakarlığa çevrilə biləcəyi mesajını da əminliklə verir: “Bütün bunlar sadəcə sözdə qalmamalı, əməldə də həyata keçirilməlidir”.

Bəli, cənab nazirin vurğuladığı kimi, əməldə də həyata keçirilməlidir və həyata keçirilir də. Ən yüksək səviyyədə təşkil olunmuş Türkiyə-Azərbaycan hərbi təlimləri buna əyani misaldır. Nəzərə alaq ki, böyük siyasət həm də sarsılmaz gücə əsaslanmalıdır. Qardaş Türkiyə siyasətimizin, hər iki ölkənin ortaq maraq və mənafelərindən irəli gələn siyasətin güc faktoru kimi yanımızda olduğunu sübuta yetirir. Hesab edirəm ki, bundan böyük təminat yoxdur. Bu, həm də müstəqilliyimizin qlobal proseslər fonundakı istənilən təlatümlərdən qorunmasının, onun gələcək nəsillərimizə milli miras olaraq ötürülməsinin misilsiz təminatıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu