Son zamanlar Azərbaycan xarici siysətində fırqli prioritetlər önə çıxıb. Əslində biz Türkiyə ilə hər zaman yaxın olmuşuq, amma son dövrlər Türkiyə-Azərbaycan münasibətləri daha yüksək səviyyəyə qalxıb. Ehtimal edirəm ki, iki dost ölkə arasında hərbi-texniki əməkdaşlıq daha dərin köklərə işləməlidir. Bu zərurəti gücləndirən hərbi təlim və görüşlərin intensivləşməsidir.
Bu fikirləri Teleqraf.com-a politoloq Fikrət Sadıqov Azərbaycan Silahlı Qüvvələrinin Rusiya tərəfindən keçiriləcək “Qafqaz-2020” təlimlərində iştirak etməyəcəyinin səbəblərini şərh edərkən deyib.
Mütəxəssis bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri mühüm amildir. Onun fikrincə, digər vacib məqam odur ki, Azərbaycan Rusiya ilə portnyorluq münasibətlərini pozmayaraq daha prinsipial mövqe tutur:
“Rusiyanın Tovuz hadisələri zamanı Ermənistana tikinti materialları adı ilə hərbi silah-sursat göndərməsi, açıq şəkildə Ermənistana dəstək verməsi bizi qıcıqlandırmaya bilməzdi. Kifayət qədər prinsipial və açıq formada mövqeyimiz Rusiyaya çatdırılıb. Onlar başa düşdü və bildi ki, biz bu məsələyə prinsipial yanaşırıq.
Azərbaycanın “Qafqaz-2020” təlimlərində iştirak etməməsi həm də bu incikliyin nümayişidir. Sözsüz ki, biz rəsmi şəkildə “Qafqaz-2020” təlimlərində iştirak etməməyimizi bu arqumentlə izah etmirik. Diplomatiyada digər səbəblər gətirilsə də, məncə, əsas səbəb mən dediyim amillərdir”.
Fikrət Sadıqov əlavə edib ki, Rusiya Azərbaycanın mövqeyinin kifayət qədər qəti olduğunu anlamalıdır: “Azərbaycan öz torpaqlarını azad etməyə hazırdır. Biz erməni təxribatlarına dözmək, göz yummaq niyyətində deyilik. Rusiya Minsk Qrupunun həmsədri və Ermənistanın müttəfiqi kimi bunu başa düşməli və həm də real vəziyyəti Ermənistana izah etməlidir”.
Politoloq deyib ki, “Qafqaz-2020” təlimlərində Ermənistan iştirak edə bilər: “Ermənistan bizim düşmənimizdir, ərazilərimizi işğal altında saxlayır. Bir nömrəli düşmənimizdir. Biz onlarla necə təlim keçirə bilər, hərbi-taktiki addımlarımızı nümayiş etdirməliyik? Biz Ermənistanla birgə təlimlər keçirməmişik və keçirməyəcəyik. Düşünürəm ki, bu mövqe kifayət qədər düzgün və sağlamdır”.