21 Sentyabr 2020 19:34
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan-Gürcüstan münasibətləri əsasən mehriban qonşuluq və qarşılıqlı əməkdaşlıq üzərində qurulub və bu reallıq özünü bir sıra məqamlarda əks etdirməkdədir”.

Bu fikirləri “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin AzTV-yə İctimai TV-yə və Real TV-yə verdiyi müsahibəsi zamanı sözügedən mövzu ilə bağlı fikirlərini şərh edərkən deyib.

Baş redaktorun sözlərinə görə, Gürücüstan bir çox məsələlərdə Azərbaycanın siyasi mövqeyini dəstəkləməsi ilə yanaşı, həm də iqtisadi sferada atdığı regional və beynəlxalq layihələrdəki təşəbbüslərini dəstəkləyib, həmin təşəbbüslərdə mühüm tərəfdaş olaraq çıxış edib.

Bəhruz Quliyevə görə, əldə edilən belə bir münbit şərait əlbəttə ki, düşmən qüvvələri ciddi narahat edir və xüsusilə, Gürcüstanda yaşayan ermənilər bu və ya digər şəkildə əldə edilən münasibətlərlə xələl vurmağa çalışırlar: “Baxın, dövlətimizin başçısı bu məsələyə toxunaraq əslində kimlərin hansı oyunlar oynamalarını açıq şəkildə bəyan etdi. Yəni biz yaxşı bilirik ki, bu gün dost Gürcüstanda soyadlarını dəyişən, “gürcüləşən” ermənilər kifayət qədərdirlər və onlar əllərinə düşən hər bir anda fürsəti əldən verməyib, uzun illərdən bəri formalaşmış azərbaycanlı-gürcü münasibətlərinin arasına nifaq toxumu səpməyə cəhdlər göstəriblər. Misal üçün, bir müddət əvvəl Keşikçi dağı ətrafında yaradılmağa göstərilən təxribatların da arxasından ermənilərin çıxması buna sübutdur. Əslində, burada təəccüblü nə isə axtarmaq lazım deyil, çünki ermənilərin xislətləri nəinki bizə, elə gürcülərə də yaxşı məlumdur. Ona görə də, dövlətimizin başçısı bu məqamı xatırlatmaqla mövzunu Ermənistanın regionda təhlükə mənbəyi olmasına doğru yönəltdi. Xüsusilə, Serbiyadan və Rusiyadan Ermənistana göndərilən silahların Gürcüstan ərazisindən keçməsinin qarşısının alınmasında gürcü hakimiyyətinin birmənalı rədd cavabını xatırlatdı. Əlbəttə, belə bir məqamda – Ermənistanın Azərbaycanla həmsərhəd ərazisində, Tovuz rayonunda törətmək istədiyi təxribat cəhdinin qarşısının alınmasında Azərbaycan qalib tərəf kimi çıxdı, lakin Gürcüstanın silah məsələsindəki qətiyyətli addımları da əsl dost münasibəti olaraq dəyərləndirilməlidir”.

“Onu da qeyd edim ki, Azərbaycan da daim Gürcüstanın dar və çətin günlərində bu qonşu, dost ölkənin yanında olub və daim xeyirxahlıq əlini bu ölkəyə tərəf uzadıb”, deyən siyasi ekspert əlavə edib ki, belə bir siyasətin ərsəyə gəlməsində böyük zəhmətlər çəkilib və söz yox ki, gürcü tərəfi də bu zəhmətləri yüksək qiymətləndirir: “Bizim ölkələrimizin arasında çoxsaylı nəhəng layihələr həyata keçirilib və bu gün də keirilməkdə davam edir. Mən bütün dünyaya məlum olan BTC neft kəməri, BTƏ qaz kəməri, BTQ dəmir yolu və s. kimi münbit projeləri yenidən ayrı-ayrılıqda, mahiyyəti etibarı ilə sadalamaq istəməzdim, ancaq bu layihələrin hər biri dünyanın iqtisadi sferasında çox mühüm, strateji əhəmiyyətlərə malik olan layihələrdir. Azərbaycandan, Gürcüstandan və Türkiyədən Avropaya açılan qapılarda təməlli tərəfdaşlıq, etibarlılıq prinsiplərinin dayanması şübhəsizdir”.

Bəhruz Quliyev hesab edir ki, Azərbaycan Gürcüstana ilk və ən çox investisiya yatıran ölkələrdən biridir və xüsusilə qonşu respublikanın da bir hissəsinin (Abxaziya və Cənubi Osetiya) işğala məruz qalmasının ardınca, ağır iqtisadi vəziyyətdən çıxmasında ölkəmizin dəstəyi danılmazdır: “Dost gürcü xalqı bunu unutmur və istər əvvəllər, istərsə indi, istərsə də gələcəkdə bu unutmazlığı hiss edəcəyik. Deyərdim ki, işğala məruz qalmaq məsələsində eyni taleləri yaşayan ölkələrimiz ədalətin bərpa olunmasında, işğal faktından qurtulmasında da bir-birinin yanındadırlar və bütün beynəlxalq tribunalarda dəstəklərini ifadə edirlər. Unutmamalıyıq ki, məhz Ermənistan bu kimi məsələlərdə Gürcüstanın əleyhinə çıxış edib və bu baxımdan, sonradan gürcü xalqından nə isə umması sözsüz ki, rədd cavabları ilə nəticəsini tapacaq. Ümid edirik ki, Azərbaycan-Gürcüstan münasibətləri artan xətlə inkişaf edərək, xalqlarımız, dövlətlərimiz arasındakı dostluq bağlarını daha da möhkəmləndirəcək və ölkələrimiz maraqlarımız əleyhinə yaranacaq istənilən təhlükələrə qarşı istər beynəlxalq tribunalardan, istərsə də strateji təhlükəsizlik nəzərindən birgə çıxış edəcək, bizi istəməyən təəxribatçı qüvvələri yerində oturdacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər